Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Mey ilə parlat bu sönük çırağı.

Gündüz qarğa rəngli qara gecədən

Çıxmış Zəngibardan kafur kimi şən[204].

Uğurlu cənnəttək işıqlı gündüz

Şəfəqlər içində parladırdı üz.

Havada toz, duman yox zərrə qədər.

Lacivərd rənginə boyanmış göylər.

Guşəyə çəkilmiş küləkli xəzan.

Baharın dan yeli əsir hər yandan.

Işıqdır dağ, çəmən, bütün yer üzü,

Parlar al çıraqla dünyanın gözü.

Kainat bir cənnət bağına bənzər,

Hər yanda qoxuyar müşk ilə ənbər.

Bəxtiyar İskəndər uğurla yenə

Taxtından oturdu təxti-rəvanə.

Göylərə söykəndi tacının başı,

Ucaldı bayrağı, açıldı qaşı.

Yer yorulmuş idi at nallarından.

Dağların başına düşdü həyəcan.

Ordunu Səririn şəhrinə çəkdi,

Keyxosrov taxtını görmək istərdi.

Sərirli eşitdi İskəndər gəlir,

Keyxosrov taxtını görmək istəyir.

Işindən, ağlından tutmuşdu xəbər,

Adildir cahangir böyük İskəndər.

Kəyanın nəslinə verməmiş ziyan,

Doğruya köməkdir, arxadır hər an.

Çoxunun başına qoymuş qızıl tac.

Bəxşişlər vermişdir, almamış xərac.

Şahı qarşıladı iki mənzildən,

Xalılar döşədi, yollar oldu şən.

Dəyərli bəxşişlər saçdı o qədər.

Sayını olmadı bilən bir nəfər.

Gül kimi tərtəzə hər çeşid dəri,

Götürmüş həddindən çox bu şeyləri.

Zil qara samur, al tülkü dərisi..

Qaqum, qunduz, vaşak ki, hər birisi

Baharda ilk açan yarpağa bənzər.

Üstünə səpilmiş bənövşə, ənbər.

Başını dik tutan boyları çinar,

Döyüşdən qorxmayan igid qulamlar,

Cilovda yeriyən qullar hər biri

Görüşdə ən təzə, xidmətdə diri.

Hüzura göndərdi belə bir baxşış,

Başqa töhfələri həddini aşmış.

Saraya axınca bu var, bu dəniz,

Nazirlər saymaqdan qaldılar aciz.

Sərirli hüzura gəldi, baş vurdu,

Belini ikiqat bükərək durdu.

İskəndər şəfqətlə oturtdu onu,

Hörmətlə yüksəltdi uca boynunu.

Məclisdə bitincə görüş ayini,

Soruşdu taxt ilə cam qissəsini:

"Anlat ki, tilsimli cam, Kəyan taxtı

Necədir, sönmüşdü onun da baxtı?"

Sərirli dedi: "Ey dünyanın şahı,

Şərəfli şahların ey şahənşahı!

Keyumərs ordundan kiçik bəndədir,

Firidun mülkünün fərmanindədir.

Ulduzlar yayına ox olsun sənin,

Göy kimi dünyanı tutsun kəməndin.

Keyxosrov camıdır hər şeyə açar,

Sənin də əlində açan güzgü var.

Fərq budur, dünyada qazandı ad-san

İskəndər güzgüdən, Keyxosrov camdan.

Taleyi oyanmış padşahlar getdi,

Bu taxtı, bu tacı sənə tərk etdi.

Taxtınla dünyaya saçılsın işıq,

Başından tac əskik olmasın artıq.

Dünya tacidarı əzm etmiş, desək

Köhnəlmiş bu tağa vursun yeni rəng.

Onunçun atını sürmüş bu yerə,

Ucalsın daxmamız uca göylərə".

İskəndər dedi: "Ey böyük namidar,

Kəyandan bu taxta, taca yadigar.

Çünki mən Kavusun taxtına keçdim,

Cəmşidin camından gülgün mey içdim.

Bu uca taxt ilə cam üçün, gerçək.

Oynamış yerindən, çırpınır ürək.

Bilmək istəyirəm, uca tacidar

Dar köhüldə necə tutmuşdur qərar?

Keyxosrov sirrini arar İskəndər,

Sən otur, o yerə yalnız yol göstər!

Yiyəsiz taxtına ağlayım bir an,

Öpüm gülgün camın dodaqlarından.

Bu taxt ki, Xosrovdan qalmış yadigar,

Şahın ölümündən açarmı əsrar?

Eşidim o cansız camdan bir salam.

Vücudum canlansın, yaşayım xoşkam.

Canımın güzgüsü paslıdır, gərək

O pasla güzgünün tozunu silmək.

Görməklə qəlbimə düşsün bir təşviş,

Asan olsun mənə hər bir çətin iş".

İskəndər sözünü salmadı yerə,

Sərirli itaət etdi bu əmrə.

Tez qalabəyinə göndərdi xəbər:

Qarşıya çıxarsın böyük töhfələr.

Çeviklik göstərsin hər bir xidmətdə,

Həm qonaq sevməkdə, həm nəzakətdə.

Tapşırıq verdi: taxt keşikçiləri

Padşaha xidmətdən durmasın geri.

Yol versin, Keyxosrov taxtına keçsə,

Qədəhi doldursun gülgün mey içsə.

Keyxosrov taxtına əyləşdirsinlər,

Töksünlər başına inci və gövhər.

Şərabla doldurub firuzə camı

Versinlər padşaha, qalmasın kamı.

Versin xoşladığı yeməkdən ona,

Durmayın geri baş əyməkdən ona.

Elə ki, bitirdi tapşırıqları,

Dedi: "Şah buyursun qalaya sarı.

Izninlə burada qalmalıyam mən,

Sizi qarşılayım ordan dönərkən".

Getməkçin tərpəndi böyük İskəndər,

Bəlinas onunla getdi bərabər.

Məhəkə vurulmuş beş-altı qul da

Ona yoldaş oldu bu çətin yolda.

Mağara yolunu durmadan biçdi,

O qədər ucaldı, göyləri keçdi.

Dırmandı rahatlıq etmədən belə



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info