Qonaq Kitabı
YEDDİ GÖZƏL

Cin vurmuşlar kimi getdi özündən.

Düşdü yol üstündə soyuq torpağa,

Döndü ölüb gedən sarı yarpağa.

Günəş qalxmayınca göyün üzünə,

Gəlmədi xəstəmiz əsla özünə.

Elə ki beyninə isti yayıldı,

Ovub gözlərini xəstə ayıldı.

Başını qaldırıb tez baxdı düzdən,

Keçirdi ətrafı yaxşıca gözdən.

Gah solu seyr etdi, gah süzdü sağı,

Bir çöl gördü, yoxdur ucu-bucağı.

Əlvan torpağının mənzərəsi var,

Rəngi qıpqırmızı, özü od saçar.

Bir başı qılıncla vursalar əgər

Fərş salıb üstünə torpaq tökərlər.

Çöl bayraq qaldırmış: tökülsün al qan,

Odur qum səpdirmiş, fərş salmış əlvan.

Mahan çox çəkmişdi gecə zilləti,

Gəlincə yerinə huşu, qüvvəti,

Vəhşətlər əlindən qalxıb qaçaraq,

Qəmlilər yurduna qanad açaraq,

Zəhərli havadan o qorxa-qorxa

Dönüb tüstülərə, çıxırdı yoxa.

Elə gedirdi ki, hər atılan ox

Geridə qalardı, buna şübhə yox.

Axşam qaranlığı sinərkən qaşa,

Dolaşmışdı çölü o, başdan-başa.

Birdən axar sulu yer gördü Mahan,

Oldu qoca qəlbi bəxtəvər, cavan.

İçdi şirin sudan, yuyub üzünü,

Yatmaqçın bir yana verdi özünü,

Dedi: – Yaxşı olar bu gecə yatım,

Gecələr qarışır çünki ovqatım.

Məzacımda mənim sevda var, gercək,

Havalar qupquru, yol kimsəsiz, tək[237],

Olmazmı bu yerdə qorxunc xəyallar?

Öldürməzmi məni vəhməli hallar?

Qoy yatım, verməyim yol xəyallara,

Bu gecə qoy məni basmasın qara.

Sonra yer gəzməyə durdu, tələsdi,

Rahat yataq üçün ürəyi əsdi.

Bir mağara gördü xeyli dərin, gen,

Bir lağım keçirdi onun içindən.

Lağımda min pillə dərin quyu var,

Kölgədən başqa kim ora yol salar?

Düşdü Yusif kimi quyuya dərhal,

Üzüldü qalmayıb varlığında hal,

Axır dəydi quma ayaqları tuş,

Çatdı yuvasına elə bil ki, quş.

Bu yeri qorxudan uzaqdı, duydu,

Əlini başının altına qoydu.

Ayıldı yuxudan olunca rahat,

İstədi yerini düzəltsin babat.

Quyu ətrafını gəzdi baxışı,

Zil qara ipəyə vurdu naxışı[238].

Dirəm boyda işıq o görən kimi,

Söyüd kölgəsində yasəmən kimi,

İşıq gələn yeri axtardı, gəzdi,

İşıq mənbəyindən bir nişan sezdi.

Gördü göy quyuda bir dəlik açmış,

Ay da o dəlikdən nurunu saçmış.

Bildi ki, göylərdə üzür ay, üzür,

Dəlikdən nurunu süzür ay, süzür.

Bir an dayanmayıb yaxına gəldi,

Qazdı dırnağıyla, deşik genəldi.

Böyüdüb deşiyi, söküb daşını,

Çıxarıb kənara Mahan başını,

Baxıb dövrəsinə gördü lətif bağ,

Hər tərəf gözəllik, hər tərəf parlaq.

Yenə də qazıdı, işlətdi hiylə,

Quyudan özünü çıxardı çölə.

Cənnət qədər gözəl bir bağa gəldi,

İrəm bağından da bu bağ gözəldi.

O çəmən qoynunda var yüz mənzərə,

Baxdı şümşadlığa, sərvliklərə.

Meyvəylə doluydu o qədər ki, bağ,

Əyilmişdi yerə hər yaşıl budaq.

Hər tərəf meyvəydi, hər təraf bardı,

Can bağdan, bağ candan tazalanardı.

Al şərab camıydı sanki almalar,

Əqiq sandığına oxşayırdı nar.

Xoş ətir yayırdı heyva budaqdan,

Püstənin fərqi yox gülən dodaqdan.

Mən hələ demirəm bir yanı sarı,

Bir yanı qırmızı şaftalıları.

“Xəlifə lüqməsi”[239] xəlvətə saldı,

Canan dodağından üç öpüş aldı.

Armud şipşirindi, sanki şəkərdi,

İnnabın salxımı bənd-bənd gövhərdi.

İncir şirəsiylə badamın məğzi

Şirin halva ilə doldurub ağzı.

Görüb fərmanında qaranı, ağı,

Yanakı qoymuşdu tənək papağı[240].

Alov rəngli nardan, üzüm suyundan

Demiş ki, axmasın elə bil ki, qan.

Turuncun şaxları, narınc budağı

Başqa ağaclarla basmışdı bağı.

Bostan oxşayırdı bir oyunbaza,

Əlində hoqqalar rəngbərəng, taza[241].

Belə bir cənnəti görüncə Mahan

Dünənki cəhənnəm çıxdı yadından.

Əlini uzadıb qopardı hərdən,

Yedi istəyincə şirin bəhərdən.

İçdikcə içdi hey meyvə şirəsi,

Gəldi qulağına marçıltı səsi.

Mahan mat qalmışdı o meyvələrə,

Bəzən yeyir, bəzən atırdı yerə.

Qəflətən səs gəldi xeyli uzaqdan:

“Tez tutun oğrunu, qaçmasın bağdan!”

Özündən qəzəblə çıxmış bir qoca,

Əlində bir ağac xeyli canlıca,

Dedi: “Oğurlayıb, a meyvə dərən,

Gecə vaxtı bura gəlmisən, nədən?

Əlimlə göyərib çoxdandır bu bağ,

Gecə oğrusundan görməmişəm dağ.

Kimsən, əslin nədir? Muradın nədir?

Elin, nəcabətin, ya adın nədir?”

Belə sordu bağın qoca bağbanı,

Mahanın qurudu bədəndə qanı,

Dedi: “Mən, qəribə qurulub duzaq,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info