Qonaq Kitabı
YEDDİ GÖZƏL

Zülm ilə düşmüşəm evimdən uzaq.

Sən ol qəriblərin istinadgahı,

Fələk desin sənə, qərib pənahı”.

Görüb yalvarmağı, bu üzrü bağban,

Ona zülm etməyib, oldu mehriban.

Qoydu çomağını əlindən yerə,

Dedi: “Nədən düşdün müsibətlərə?

Nələr çəkdi başın, aç, bir-bir danış,

Elə macəranla bizi, gəl, tanış.

De, kim etdi zülüm, əziyyət sənə?

Pislik etdi hansı bədxislət sənə?”

Mahan gördu qoca ürək alandır,

Çox yumşaq adamdır, qeydə qalandır.

Nələr çəkdiyini söylədi bir-bir,

Açdı öz dərdini dinlədikcə pir,

Dedi: “Möhnətdəyəm, bil, gündən-günə,

Hər gecə bir əzab verirlər mənə.

Ümidim bağını qarlar alıbdır,

Baxtım gah ağarıb, gah qaralıbdır”.

Quyudan, uğurlu çıraqdan dedi,

O zülmətdən sonra, bu bağdan dedi,

Başına gələni dedi, hər nə var,

Gizli macəradan etdi xəbərdar.

Mahan söylədikcə dərdli sözləri,

Heyrətlə açıldı onun gözləri,

Dedi: “Şükr eyləmək vacibdir bizə,

Zülüm dəryasından çıxmısan düzə”.

Mahan sevdi onu bir yoldaş kimi,

Qayğılar bəsləyən bir qardaş kimi,

Soruşdu: “Haradır o mənhus diyar?

Kimlərdir oraya sahib-ixtiyar?

Dünən gördü başım qiyam-qiyamət,

Görməmişdim hələ bu cür fəlakət.

Beynimdən qopardı bir tüstü, atəş,

Bu od qığılcımdan verdi, bil ki, baş.

Div gördüm, unutdum özümü dərhal,

Məgər div görəndə qalar taqət, hal?

Düşmüşdüm onların yığıncağına,

Yüz mini çıxırdı göz qabağına.

Vururlar, yıxırlar yazıq insanı,

Canavarın, divin yaxşısı hanı?

Zülmətin açarı işıqdır ancaq,

Çox gözəl görünər qaranlıqdan ağ.

Mən qara üstündən min qara gördüm,

Gözüm qarasından yarıldı ödüm.

Avara qalmışdım, artıq, nə bilim,

Gözlərim yaşardı, qurudu dilim.

Gözümün əlindən ağlayırdım mən,

Bəzən gözlərimi bağlayırdım mən.

“Bismillah” deyirdim, bəzən “la hövlə”

Baxıb yan-yörəmə, düşürdüm yola.

Axırda yetişib çatdım nicata,

Zülmət təslim oldu abi-həyata.

Bir bağ tapdım – gözəl İrəm bağından,

Bağbanımın yağır nur qabağından.

Dünən kim verirdi fəlakət mənə,

Bu gün kim yetirdi səadət mənə”.

Qoca söylədi ki: “Ey düşən oda,

Yenə də qovuşan, çatan nicata.

O gördüyün çöllər xeyli quraqdır,

Qorxulu divlərə qədim yataqdır.

Bu zənci sifətli çöllülər ki var,

İnsan yeyən divdir, insana oxşar.

Orada insanla əvvəl gəzərlər,

Aldadar, qorxudar, sonra əzərlər.

Doğru oxuyarlar, əyri çalarlar,

Əl tutar, quyuya sonra salarlar.

Divlərdə yol açar kinə məhəbbət,

Belədir onlarda əzəldən adət.

Bəzi divxasiyyət insanlar da var,

Adəm övladını yoldan çıxardar.

Dünyada bir neçə əbləh var, düzü,

Gülər əbləhlərə əbləhkən özü.

Yalana doğrudan pərdə tutarlar,

Bəzən də ki bala zəhər qatarlar.

Sönükdür hər zaman yalan xəyallar,

Yalnız həqiqətdə ölməz qüvvə var.

Həqiqət açarı əbədiyyətdir,

Onunla seçilir möcüzdən sehir.

Sadədil olmusan görünür, əslən,

Belə oyunlara tutulmusan sən.

Düşdün acınacaq fitnə-fellərə,

Belə dağ çəkilər sadədillərə.

Qorxaqlığın səni xəyala saldı,

Xəyal hücum edib bu hala saldı.

Zillətə düşməzdi başın, bu aydın,

Qorxacaqlıq edib yol azmasaydın.

Arxayın olsaydın, gəl, inan mənə,

Üz verməzdi belə xəyanət sənə.

Qurtardın canını div mənzilindən,

Dürd[242] içdiyin yetər, saf şərab iç sən.

Bu gecə doğuldun sanki, qəm yemə,

Qaytardı Yaradan səni aləmə.

Başı barla dolu hər yaşıl budaq,

Qəlbimin qanıyla bəslənən bu bağ

Əlimlə yaranıb, çəkmişəm əmək,

Etiraf eyləyər bunu hər çiçək.

Əzəldən sevdiyim əməkdir, işdir,

Hər ağac bir bağdan gətirilmişdir.

Nə qədər versə də bağım az bəhər,

Varıyla yaranar yenə bir şəhər.

Üstəlik dopdolu anbarlarım var,

Qızılım, gövhərim, dərya varım var.

Ancaq hayıflar ki, yoxdur bir balam,

Hər ona baxanda min fərəh alam.

Görüb kamalını coşdum, çağladım,

Sənə könül verdim, ümid bağladım.

Razı olsan əgər qadanı allam,

Bu varı, dövləti adına sallam.

Yaşarsan burada eyşü-işrətlə,

Günlər gəlib keçər nazü nemətlə.

Ürəyin istəsə bir gəlin əgər,

Alaram səninçin nazəndə dilbər.

Yaşaram qəlbimi bağlayıb sizə,

Əməl eyləyərəm istəyinizə.

Deyilən sözlərə meylin əgər var,

Əl ver, bu əhd üçün bağlayaq ilqar”.

“Bu nə sözdür, – dedi ona tez Mahan,

Sərvə layiqmidir tay olsun tikan.

Dedin övladım ol, odur ki, mən də



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info