Qonaq Kitabı
YEDDİ GÖZƏL

Qaytarar geriyə gətirib sabah.

Arzu çağında o baxmaz insana,

Arzu sahibini gətirər cana.

Verilərsə ona çox tələb əgər,

Həmən öz canına qəsd etmək istər.

Hər şeyi bəyənməz, eşitmişəm mən,

Sən də onun kimi müşkülpəsəndsən,

Hökmüdar, qaravaş belədir, belə,

Yola getməyiniz çətin məsələ.

Tutaq aldın onu minnətlə, inan,

Sabah yenə geri qaytaracaqsan.

Məsləhətim budur: ondan əl götür,

Özünə, seç, özgə bir gözəl götür.

Ürəyin yapışsa hansı canana,

Göndərim havayı hərəmxanana”.

Süzdü kənizləri bizim müştəri,

Xoşuna gəlmədi ancaq heç biri.

Yalnız o dilbərə könlünü verdi,

Qəlbində tək onun mehri göyərdi.

Ancaq heyran qaldı, necə qaynasın,

Nərdi xam həriflə necə oynasın.

Nə atıb kənizi çıxıb getmədi,

Nə də ki almağa cürət etmədi.

Axırda sevgisi hey yığın-yığın

Qum səpdi gözünə tacidarlığın.

Qızın ayağını gümüşə saldı,

O gümüş günbədi gümüşlə aldı.

Arzu qapısını örtməyə durdu,

Əjdərdən qurtardı, ilanı vurdu[197].

Onda ki, hərəmə çəkildi canan,

Hərəm əhli gördü bol hörmət ondan.

Açıldı gül kimi mehriban nigar,

Dostluğu nihandı, sərtliyi aşkar.

Şəhvət qapısını bağladı möhkəm,

Başqa xidmətlərə hazırdı sənəm.

Saraydan etimad görməkçin, gözəl

Evdarlıq işinə edirdi əməl.

Şah onu etdikcə sərvtək ali,

O düşdü ayağa kölgə misali.

Qarı: “Yenə əfsun eyləyim” deyə,

Gəldi xam xaməni tutub əyməyə.

Qız dedi: “Ey qarı, söylə, görüm sən

Mənə kəniz adı verirsən nədən?”

Belə etirazı eşidincə şah,

Oldu kənizlərin sirrindən agah,

Qarıya dedi: “Çıx, gəlmə saraya!”

Nə əfsun oxudu gör əfsunçuya.

Kənizsə çox əziz bir adam oldu,

Sevdiyindən ona şah qulam oldu.

Hiylələr görsə də şah bu gözəldən,

Yenə səbr etməyi vermədi əldən.

Bir gecə boşluqda şamlar yanınca,

Eşqi aşiqlərin alovlanınca,

Qız açdı padşaha öz qucağını,

Uzatdı qoynuna şah ayağını.

Qızın qalasına su oldu hasar,

Şahın mancanağı atəşlər saçar.

O gülab qoxuyan nazənin gülə

Alışıb yanan şah söylədi belə:

“Ey yetişmiş xurmam, dinlə bu sözü,

Ey gözümün canı, canımın gözü.

Sərv qabağında qara tikandır,

Ay sənə baş əyər xeyli zamandır.

Bir xahişim vardır, ey üzü gündüz,

Sorğu-sualıma cavab qaytar düz.

Sən belə eyləsən, düşün, ey nigar,

Sənin qəddin kimi, işim düz olar”.

Qızın ürəyini almaqçın ələ,

Şəkər səpələdi o təzə gülə[198],

Dedi: “Təsdis idi Zöhrəyə məkan,

Evdə oturmuşdu Bilqeys, Süleyman[199].

Onların var idi bir oğulları,

İflicdi qıçları, həm də qolları.

Bilqeys sual etdi: – Ey rəsul, ey şah,

Bizim hər ikimiz gümrahıq, gümrah,

Xəstədir balamız, söylə, bəs nədən?

Neçin sağalmayır bizim gülbədən?

Bu sirri öyrənib, bilib yetməli,

Tapıb dərmanını, əlac etməli.

Yanına Cəbrayıl yenə gələndə,

De, ona dərdini, gizləmə sən də.

Qayıdıb gedərkən o boşluqlara,

Sirlər lövhəsində axtarsın çara,

Bəlkə bu körpəyə tədbir eyləsin,

Onun əlacını sənə söyləsin.

Bəlkə xəstəlikdən o tapsın nicat,

Sağlam bir bədənlə o sürsün həyat.

Şahın sevincindən gözləri doldu,

Hər gün Cəbrayıla müntəzir oldu.

Elə ki Cəbrayıl gəldi yanına,

Süleyman dərdini söylədi ona.

Qayıtdı Cəbrayıl, tərk etdi yeri

Təzədən dönərək xəbərlə geri.

Dedi ki: “Bu dərdə iki çarə var,

Dünyada can kimi əzizdir onlar.

Cananla nə zaman dursan üz-üzə,

Doğru cavab verin sorulan sözə.

Etsəniz bu işdə sədaqət izhar,

Uşağın canından çıxacaq azar”.

Bilqeys də sevindi, qəlbi oldu şad,

Dedi: – Ev olacaq, deməli, abad.

Sonra: – Soruş, – dedi o Süleymana, –

Doğru cavab verər canan canana.

Soruşdu yarından varlıq çırağı,

Dedi: – Ey gözümün qarası, ağı!

Söylə görüm mənə, bu dünyada sən

Məndən özgəsinə rəğbət etmisən?

Bilqeys cavab verdi: – Ölsün bədnəzər,

Sən nur çeşməsisən, anlayan sezər.

Səndə gözəllik də, cavanlıq da var,

Şahlıq rütbəsində sənə kim çatar?

Özün xoş, sözün xoş, gözəldir üzün,

Cənnət məclisinə rizvansan özün.

Nə varsa sənindir, aşikar, nihan,

Nəbilik möhründən nur alar cahan.

Gördükcə bu hüsnü, bu cavanlığı,

Səndəki şahlığı, kamiranlığı,

Rast gəlsəm özgəyə yenə çaşıram,

Yaxşı təmənnadan uzaqlaşıram.

Eşidincə bunu o xəstə uşaq



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info