Qonaq Kitabı
YEDDİ GÖZƏL

Səhər yaqut tozu daşlara saçdı.

Kəyan qaydasıyla məclis qurdu şah,

Bəxti əl bağlayıb dayandı gümrah,

Gəldi sözü, özü doğru qonaqlar,

Şanlı qəhrəmanlar, dönməz qoçaqlar.

Göründü şahzadə, dillər açıldı,

Başına gövhərlər şabaş saçıldı.

Bəzəkli süfrələr saldırınca şah,

Min bir yeyintidən doldu barigah,

Nə deyim məclisin bu növrağına,

Çevrildi süfrələr arzu bağına.

Xörəkdi hər yanda, yeməkdi sol-sağ,

Yedi istəyincə, yedi hər qonaq.

Elə ki qarınlar dolduqca doldu,

Gözlərdə kainat tərtəzə oldu.

– Bu xas məclisimdə, – şah dedi, – gərək

Saf zəri məhəklə imtahan edək.

Taxta əyləşdirdi cavan qonağı,

Durub tərk eylədi sonra otağı,

Oturdu qızıyla özü üz-üzə,

Görsün necə başlar oğlanla sözə.

Təraz gözəlləri dərs almış ondan,

Oyuna başladı pərdə dalından.

İki lö-lö[225] üçün uzadaraq əl,

Tanasından alıb verdi o gözəl.

Dedi xəznədara: – Qonağa yetir,

Verilən suala cavab al, gətir.

Xəznədar qonağın yanına getdi,

Ona verilmişi tez təqdim etdi.

Alaraq əlinə cavan qəhrəman

Götür-qoy eylədi, baxdı bir zaman.

Özü gətirdiyi cəvahirlərdən

Qoydu üstlərinə üçünü birdən.

Uzadıb əlbəəl dürrü verənə,

Gözəlin özünə göndərdi yenə.

Lö-löü beş dənə görüb qələmqaş

Çəkdi tərəzidə qoyub gözə daş.

Artıq-əskik görüb, mənanı sezdi,

Daş alıb toz kimi onları əzdi.

Üstünə bir ovuc şəkər ataraq,

Sonra da onları alıb qataraq,

Verdi ki, qonağa elçi yetirsin,

Belə bir suala cavab gətirsin.

– Mənə süd veriniz, – gənc dərhal dedi,

Qatıb südlə tozu verib, – al, – dedi.

Xidmətçi xanımın yanına getdi,

Verilən sovqatı tez təqdim etdi,

Göndərilən südü qız içib durdu,

Dibində qalanı xəmir yoğurdu.

Tərəzidə çəkdi, keyfi saz oldu,

Əvvəlkindən nə çox, nə də az oldu.

Bu dəfə götürüb o pəricamal

Bir üzük yollayıb, eylədi sual.

Oğlan alan kimi baxıb yoxladı,

Taxdı barmağına, əziz saxladı.

Dürr verdi dünyanı işıqlandıran,

Nurlu səhər kimi çıraq yandıran.

Hurinəsil kəniz dönərək yenə

Yetirdi tək dürrü nadir ləlinə.

Onu yoxlayaraq möhtəşəm pəri

Açdı saxladığı düyünçələri.

Bu dürrün tayını axtardı, gəzdi,

Var bir şəbçırağı çox nurlu, sezdi.

Götürüb onları çəkdi bir telə,

Belə bənzəyişi görən yox hələ.

Elçi verdi dürrü öz dəryasına,

Yetirdi günəşi Sürəyyasına.

Ağıllı gənc baxdı nə qədər, düzü,

Ayıra bilmədi fərq edən gözü.

Baxdı, istəyincə suluydu onlar,

Rövnəqlə, şəfəqlə doluydu onlar.

Qulamlara dedi: – Göy muncuq verin!

Bu muncuq deyildi tayı dürlərin.

Onların üstünə muncuğu qoydu,

Sonra: – Apar, – dedi, cavabı buydu.

Qız dürrü, muncuğu alıb görüncə,

Öpdü o muncuğu və güldü incə.

Dürr ilə möhrəni götürdü, baxdı,

Saldı qulağına, qoluna taxtı.

Dedi: – İşə başla, ata, taxta çıx,

Yetər naz etdiyim bəxtimə artıq.

İqbalımdır ancaq havadar mənə,

Qismət oldu belə igid yar mənə.

Mən seçdim özümə belə bir əri,

Tapılmaz ölkədə heç bərabəri.

Biz bilik sevənik, bu ki, əyandır,

Mən ürfan gölüyəm, o, bir ümmandır.

Şah çox maraqlanıb bu hekayətdən,

Dedi: – Ey mələyim, heyrətdəyəm mən,

Sizdən eşitdiyim bu sual-cavab

Xeyli pərdəlidir, eylə gəl savab,

Gizli oyunları, durma, hünər saç,

Ata qarşısında bircə-bircə aç!

O qız bəslənmişdi razü niyazla,

Açdı düyünləri söylədi nazla.

Dedi: – İtilədim huşumu əvvəl,

Sonra da sırğama dərhal atdım əl.

Açıb yollayaraq belə dedim mən:

 “Həyat iki gündür, vermə əlindən!”

Üç də üstə gəlib dedi: “Azdır, az,

Həyat beş də olsa, yenə də çatmaz”.

Mən şəkər artırıb həmən dürlərə,

Əzib qarışdırdım dərhal bir yerə.

“Şöhrətlə birləşmiş, – dedim, – bu ömür,

Necə ki, qarışmış şəkər ilə dürr.

Kimya və əfsunla kimdə var hünər,

İş görsün, ayrılsın dürlərdən şəkər”.

O südü gətirib araya saldı,

Şəkər tez əridi, dürr isə qaldı.

Dedi ki: “Qarışan dürr ilə şəkər

Ayrılar, bir damcı süd olsa əgər”.

İçərək südünü piyaləsindən,

Dedim: “Südəmərəm qabağında mən.

Bir üzük yollayıb dedim bəyənsən,

Mənim xoşladığım ər elə sənsən”.

Bir gövhər yolladı, dedi: “Gözəl ay,

Bu gövhərtək mənə tapılmaz heç tay”.

Açdın düyünçəni, bir gövhər aldım,

Onun sovqatına bərabər aldım.

Yolladım tayını, aradı, gəzdi,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info