Qonaq Kitabı
YEDDİ GÖZƏL

Belə ram eyləyər, öyrədər hamı.

Belə bir hiyləyə şah məhəl qoydu,

Kərpici belə bir qalıba uydu[204].

Baldodaq, alyanaq bir kəniz aldı,

O, möhrə oynadan şux mahcamaldı.

Gözəl dərs almışdı əsir satandan,

Mülayim xilqətdi əslən o canan.

Şahla nə zaman ki, qarşı durardı,

Yüz mayallaq vurub oyun qurardı.

Şah ürəksiz getdi onunla yola,

Könlü istəmədən yetdi vusala.

Keyfdə həmdəmiydi birinci gözəl,

Ehtiyac zamanı buna atdı əl.

Orada ciyəri qəmdən şişərdi,

Burada mirvari gəlib deşərdi.

Gördu bu yatmağı, coşdu hiddəti,

Qızın durr deşməyə artdı rəğbəti.

Şahın toxundusa ona rəftarı,

Qondusa üzünə qeyrət qubarı,

Ancaq əməlindən o gözəl pəri

Bir tuk qədər belə dönmədi geri.

Duydu səbəb nədir belə tufana,

Qarının təndiri baisdir buna[205].

Dinməyib səbr etmək oldu qaydası,

Səbrin eşq əhlinə yoxdur faydası.

Axırda mehriban gözəl, bir gecə

Münasib fürsəti əldə edincə,

Dedi ki: “Ey mələk ədalı padşah,

Yurdun ədalətə, dinədir pənah.

Doğru danışansan, doğru görənsən,

Dönmə bu halından mənimlə də sən.

Ay, Günəş ki, süzər bu göydə mudam,

Əvvəli günduzdür, axırı axşam.

Gundüzün tapmasın görum heç zaval,

Yetirsin ömrunə hər gecə vüsal.

Sabah kimi şərbət verirdin mənə.

Sirkə satmağına şamtək səbəb nə?

Tutaq ki, yeməmiş doydun məni sən,

Atdın şir ağzına, söylə, bəs nədən?

Dərdə salıb məni o gündən bəri,

Önümdə saxladın qorxunc əjdəri.

Məni öldürməyə nədir bu şahmar?

Özün kəs başımı, ixtiyarın var.

Kim sənə bu işdə yollar göstərib?

Söylə, kim öyrədib, kim təlim verib?

Deyiləm özümdə, mənə ver xəbər,

Can quşu uçmağa açmış bəlü pər.

And olsun Allaha, and olsun sənə,

Ürək sirlərini söyləsən mənə,

Gövhər xəznəsini mən də açaram,

Alar istəyincə şahım arzu, kam”.

Tacidar sevirdi gözəl cananı,

Ondakı qəsəmi, əhdi, peymanı

Görüncə sirrini açdı hər nə var,

Birbəbir söylədi, etdi aşikar.

Dedi: “Vüsalınçın düşdüm odlara,

Alışdım, köz oldum mən bəxtiqara.

Dərdə yataq oldu səbirsiz canım,

Əridi, qalmadı tabım, tavanım.

O qarı yetişib dada bu zaman,

Qarılartək etdi dərdimə dərman.

Mənə müzəvviri göstərdi tədbir,

Yemədən xeyir etdi mənə müzəvvir[206].

Od yaxdıq, olasan, dedik, od gərək,

Səni yumşaltmaqçın işlətdik kələk.

Yalnız od üstündə qızar soyuq su,

Dəmiri yumşaldar atəş, doğrusu.

Haqqında bu rəydə olmaq çətindir,

Ən gözəl dərmanım məhəbbətindir.

Eşqin ürəyimə saldı odları,

Gətirdi ortaya əfsunu qarı.

Düz oldun mənimlə şamtək, ey nigar.

İndi nə qarı var, nə əfsunu var.

Həməl bürcü etdi günəşimi şad,

Bərdi-əcuzi, de, necə edim yad?”[207]

Şah söylədikcə bu şirin sözləri,

Naz ilə dinlədi o gözəl pəri.

Görüncə işləri belə, mahcamal

Süsən iyli sərvə yol verdi dərhal.

Qönçənin taxtına oturdu bülbül,

Məst oldu, önündə açılınca gül.

Bir tuti süfrədə gördü bol şəkər,

Şəkərəfşanlığa başladı yeksər.

O sanki balığı hovuza saldı,

Xurması tez südün içinə daldı.

İncəydi, şirindi o nazlı pəri,

Xurmaya artırdı dadı, şəkəri.

O, naxşın tülünü çəkib də haman,

Zər qıfılı açdı qənd sandığından,

Qızıl ləyaqətli bir xəznə gördü,

Dövrəsinə zərli bəzəklər hördü.

Ürək açan olur sarı hər zaman,

Halvaya təm verər ancaq zəfəran.

Zəfəran sarıdır, aldırma, burax,

Onu yeyənlərin şadlığına bax![208]

Sarı bir örtüyün dalından axşam,

Yaxşı işıq verər yaxılanda şam.

Sarıydı Musanın danası, əlbət,

Çox verdilər ona, odur ki, qiymət[209],

Sarıdır, şənliyin mayasıdır zər,

Sarı gil ən baha qiymətə gedər[210].

Nə zaman bu nağlı padşah eşitdi,

Qucaqlayıb qızı kamına yetdi.

 

 

 

BƏHRAMIN DÜŞƏNBƏ GÜNÜ YAŞIL

GÜNBƏDƏ GETMƏSİ VƏ ÜÇÜNCÜ İQLİM

PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

 

Elə ki, düşənbə gəldi ortaya,

Şahın yaşıl çətri yüksəldi aya,

Yaşıl çıraq kimi parlaq göründü,

Cənnət mələyi tək yaşıl büründü[211].

Yaşıl günbəd deyə yönəldi, getdi,

Qəlbini şadlığa bir məskən etdi.

Saçınca göylərin ulduzlu bağı

Zümrüd yaşıllığa bahar yarpağı,

Yaşıl sərvə dedi böyük hökmran:

“Gəl götür darlığı gül dodağından!”



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info