Qonaq Kitabı
YEDDİ GÖZƏL

Gözəl camal mənə, var-dövlət mənə.

Elə ki bilindi Bişrin ürəyi,

Arvadın çoxaldı meyli, diləyi.

Bişr o hurinin nəvazişini

Görüb də sahmana saldı işini.

Tez kəbin kəsdirdi, ona yar oldu,

Tapıb nemətini bəxtiyar oldu.

O, pəri üzlüdən alıb arzu, kam,

Oxudu bədnəzər duası müdam.

Gözəli xəbisdən qurtardı cavan,

Ayı xilas etdi xüsufdan[217], dardan.

İpək paltarından yudu torpağı,

Qalxdı şənbəliddən süsən yarpağı[218].

Sevdi o gözəli pərilər kimi,

Yaşıl paltar geydi hurilər kimi.

Sarını atıb, gey yaşıl libası,

Sərvi bəyəndirir yaşıl olması.

Əkinə rövnəqdir yalnız yaşıl rəng,

Odur mələklərə verən min bəzək.

Yaşıllıq hər şeyin təravətidir,

Yaşıl rəng gözləri işıqlı edir.

Bitki yaşıllıqla həmahəng olar,

Cavanlıq hər zaman yaşıl rəng olar.

Qurtardı nağılı məclis çırağı,

Şah aldı qoynuna o gül yanağı.

 

 

 

BƏHRAMIN ÇƏRŞƏNBƏ GÜNÜ

QIRMIZI GÜNBƏDƏ GETMƏSİ VƏ

DÖRDÜNCÜ İQLİM PADŞAHI

QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

 

Dey ayında günlər gödəkdir, gödək,

Bir gün çox qısaydı Tir gecəsitək[219].

Günlərdən çərşənbə günü yaxşıdır,

Həftənin ortası, həftə naxşıdır.

Bəhram günü Bəhram rənginə yoldaş,

Bəhram şah da oldu onlarla adaş.

O gün al rəngini bəzədi ala,

Qırmızı günbədə düzəldi yola.

Sudan lətafətli, oddan qırmızı,

Səqlab ölkəsinin slavyan qızı

Bağladı Bəhramın hüzurunda əl,

Günə səcdə edən ay olar gözəl.

Gecə çəkdi göyə öz bayrağını,

Yırtdı gün tağının nur duvağını,

Şah dedi: “Baldodaq, almayanaq, gəl,

Bizi bir nağıla eylə qonaq, gəl”.

Gözəl bu arzudan qaçırmadı baş,

Əqiqdən dürr etdi hüzura şabaş[220].

Dedi: “Ey evinin kandarı fələk,

Günəş çadırının qapısı, gərək

Deşilə biləcək hər bir gövhərdən

Daha xoş hekayə deyim sənə mən.

Kimsə şahım qədər qoy ucalmasın,

Səni sevməyənlər ölsün, qalmasın”.

Belə bir duanı yetirib başa,

Tapşırdı ləlini parlaq daş-qaşa.

 

 

 

RUS QIZININ BƏHRAMA

HEKAYƏ SÖYLƏMƏSİ

 

Dedi: – Rus elində vardı qabaqlar,

Dilbər gəlin kimi gözəl bir diyar.

Orda saray qurub, bir şah yaşardı,

Nazla bəslənilmiş bir qızı vardı.

Qəmzəsi cadugər, könül ovlayan,

Üzü gül, qaməti bir sərvi-rəvan.

Bənizi qəşəngdi onun qəmərdən,

Dodağı şirindi qənddən, şəkərdən.

Zöhrəydi, aşiqi parlaq Müştəri,

Hüsnü batil etdi şamı, şəkəri.

Qənd həsəd aparıb şirin dilinə,

Təng olub dönmüşdü incə belinə[221].

Müşk, saçı yanında hey bağrı qandı,

Reyhanı önündə gül bir tikandı.

Təravətli üzü bahardan lətif,

Şəkildən gözəldi, şəkildən zərif,

Gözünün xumarı nərgiz yuxulu,

Nəsrinin qəmzəsi alınma qulu,

Qəddi bağ sərvitək xeyli ucaydı,

Çırağa bənzəyən çöhrəsi aydı.

Gülab baş əyərdi adamlarına,

Gül xidmət eylərdi qulamlarına.

Şəkər gülüşlüydü, günəş camallı,

Həmi hünərliydi, həmi kamallı.

Oxuyub hər dərsi bilik yığaraq,

Yazmışdı hər elmə dair bir varaq.

Çox tilsim kitabı vurmuşdu başa,

Sehrlər məlumdu o qələmqaşa.

Saçları yaşmaqdı gül surətinə,

Boyun əyməmişdi ər minnətinə.

Oydu zamanının gözəl dilbəri,

Neylərdi yoldaşı, neylərdi əri.

Yayıldı nəhayət xəbər hər yana:

Cənnətdən bir huri gəlib cahana.

Ayla gündən doğub o şux dilfərib[222],

Zöhrə, Ütariddən ona süd verib.

Coşdu eşidənlər – uzaq və yaxın,

Yeridi elçilər hey axın-axın.

Biri zor göstərdi, biri zər, yalnız

Zoruyla qorudu zərini o qız.

Atası olmuşdu hər işdən bezar,

Çünki hesabsızdı gələn aşiqlər.

Döndü bir acizə nəhayət o mərd,

Necə oynayaydı yüz həriflə nərd.

Xəlvətdə əyləşən saray gözəli

Gördü elçilərin uzundur əli.

Olum sədəmədən göy kimi uzaq

Deyərək, axtardı ən uca bir dağ.

Əmr etdi bir yüksək qala tikdilər,

Dağ başından göyə bir dağ çəkdilər.

Yalvarıb atadan izn istədi:

– Səfər tədarükü hazır et, – dedi.

Ayrılıq nə qədər acı olsa da,

Ata izn verdi o pərizada,

Evdən getsə əgər o şirin nigar,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info