Qonaq Kitabı
YEDDİ GÖZƏL

Uzadıb əlini dedi: – Ana, bax,

Gör necə sağaldı əlim! Şadam mən,

Gül kimi qurtardım yadlar əlindən[200].

Elə ki, baxaraq o gözəl pəri

Gördü övladının sağdır əlləri,

Dedi: – Ey div ilə pəri pişvası[201],

Ey hünərtək gözəl, ağıl dəryası,

Uşağın üstündə bir nüktə aç, bax, –

Mən əl verdim ona, sən də ver ayaq.

İncimə, gəl, sənə verim bir sual.

Bu qədər ki vardır səndə xəznə, mal,

Bunlarla bərabər heç olmuşmu sən

Özgə dövlətinə meyil edəsən?

Allahpərəst nəbi dedi ki: – Ey yar,

Dünyada hər şeyə mümkünatım var.

Bu şahlıq, bu gəlir, bu mal, bu dövlət,

Balıqdan ayadak mənimdir əlbət[202].

Məndə var xəznələr, məndə var gəlir,

Hamı hüzuruma salama gəlir.

Əllərə baxıram gizlicə yenə,

Görüm, kim gətirir bir sovqat mənə.

Şah qurtaran kimi sözünü, uşaq

Durdu yeriməyə, cumdu ta bayaq,

Dedi: – Şəfa tapdı ayağım, ata!

Rəyin etdi məni bəzək həyata.

Tanrı hüzurunda doğru danışmaq,

Əlsiz-ayaqsıza şəfa verir, bax!

Gəl, biz də düzlükdə yetək ilqara,

Tuşlayaq, düz ataq oxu şikara.

De görüm, nə üçün, ey nazlı dilbər,

Soyuqsan insana qarşı bu qədər?

Mən öz ciyərimi, tutaq, yeyirəm,

Uzaqdan hüsnünü seyr eyləyirəm.

Belə gözəlliklə, de, nə üçün sən

Soyuqqanlılığa adət etmisən?

Çeşmə qabağında o sərvi rəvan

Ancaq doğruluğa gətirdi iman.

Dedi: – Bəyənilib çoxdan əslimiz,

Çıxarıb sınaqdan bunu nəslimiz:

Bizdən ərə gedən zənn etmə gülər,

Uşaq doğan kimi sağ qalmaz, ölər.

Bu yolda vermişik tələf çox mələk,

Rəvamı dünyadan tez köçüb ölmək?

“Keç arzu yolunda candan”, deyilməz,

Zəhər qatışıqlı bal ki, yeyilməz.

Can mənə əzizdir hər vaxt, həmişə,

Söylə, necə girim qorxulu işə?

Mən cananı deyil, sevmişəm canı,

Sənə söyləyirəm sirri-nihanı.

Süfrəmdən sərpuşum alınmış, heyhat,

İstər məni saxla, istər məni sat.

Bil, ancaq sirrimi pünhan etmədim,

Dedim hamısını, heç gizlətmədim.

Ümidvaram ki, bu dunyalara, şah

Bizi öz sirrindən eyləyər agah.

Söylər gözəllərdən doyur tez nədən?

Könül xoşlayanı o sevməz nədən?

Vurmaz kimsə ilə bircə ay başa,

Çıraq nuru verər hər qələm qaşa,

Şam kimi başını kəsər dübara,

Qaldırar əvvəlcə ucalıqlara,

Sonrasa qəzəblə torpağa çırpar?

Qızın cavabını verdi hökmüdar:

“Mənimlə almayıb mehriban nəfəs,

Qalır öz işinin qeydinə hər kəs.

Hamı öz işinə pasiban olur,

Əvvəl mələk, sonra bir şeytan olur.

Hamının rahatlıq oldu adəti,

Unutdular şaha rəsmi xidməti.

Boya görə olar atılan qədəm,

İsti çörək olmaz hər mədəyə yem.

Dəmir bərkliyində bir mədə hanı,

Yesə, dayanmasın can dəyirmanı?

Şux kişi görəndə su kimi axar,

Qadın gah özünə, gah ona baxar.

Hər qadın bir saman çöpünə bənzər:

Hər yana istəsə, çəkər küləklər.

Oxşar tərəziyə hər şux qələmqaş:

Bir arpa qədəri zərə əyər baş.

Mirvarıyla dolu gülöyşə bir nar

Yetişmiş düşəndə dönər ləl olar.

Qadın dedikləri küdü misaldır:

Kalı dəymiş olur, dəymişi kaldır.

Ərin zinətidir qadın isməti,

Gecə, ay tapanda boğar zülməti.

Qaravaşlarıma mən baxdıqca hey,

Bəzənməkdən başqa görmədim bir şey.

Bir səni görmüşəm sözündə duran,

Hər gün xidmətini daha artıran.

Müxtəsər, nə əlim çatır murada,

Nə sənsiz yaşamaq mümkün dünyada”.

Nə qədər dedisə şah bu sözləri,

Lakin heç olmadı zərrə əsəri.

Gətirdi müttəsil o şux bəhanə,

Dəymədi atılan oxlar nişana.

Diltənglik yukünə dözüb dururdu,

O daşlıq yoxuşu başa vururdu.

Şah suyun önündə susuz qalaraq,

Səbr etdi; tələsdi zəmanə ancaq.

Cadugər qarı ki, bir qədər əvvəl

Qovlatmışdı onu xoş qədəm gözəl,

Oldu tacidarın səbrindən agah,

Bildi arzusuna yetişməyib şah.

Gördü ki, hökmdar aciz qalıbdır,

Kəniz taqətini əldən alıbdır.

Düşündü: zamandır, min dona girim,

Pərinin başına oyun gətirim.

Günün beşiyinə rəxnə salım qoy,

Ayın qələsini tutum, alım qoy,

Kimsə bundan sonra qoy ox atmasın,

Qarının yayına atsa çatmasın[203].

Tutdu tacidarı o xəlvət dilə,

Onu ələ alıb, işlətdi hiylə.

Dünya nurladana bir əvəz deyə,

Başladı əfsunu təkrar etməyə.

Dedi: – İstəyirsən xam atın əgər

Dalına minməyə qoyasan yəhər,

Ram olmuş dayçanı iki yol, üç yol

Yəhərlə, önündə tumarla bol-bol.

Soruş atçılardan tərs atı, xamı,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info