Qonaq Kitabı
YEDDİ GÖZƏL

 

[69]                     Şam kimi xoşlasan gər qızıl tacı,

Gülsən də ağlarsan hey acı-acı.

Şamın alovu qızıl taca, yanarkən əriməyi isə ağlamağa bənzədilmişdir.

 

[70] Müfərrih – hərfi mənası şadlandıran, insan əhvali-ruhiyyəsini qaldıran məcun deməkdir.

 

[71]                     Möhrənin məkanı şahmar ilandır.

Qədim təsəvvürə görə, ilanın başında xüsusi möhrə vardır ki, orada padzəhr yerləşmişdir.

 

[72]                     Milçək ki hər yerə qonur uçaraq

Ağı qara eylər, zil qaranı ağ.

Biri-biri ilə çəkişən dostlar düşmənlərlə dostluq edirlər. Elə dostlar həm ağın, həm də qaranın üstünə, yəni hara gəldi oturub, ağı qaraya, qaranı ağa bulayırlar, elə “dost”lardan uzaq ol.

 

[73]                     Doğra bu dörd bəndi, et para-para.

Dörd bənd – dörd ünsür (od, su, hava, torpaq). Dörd ünsür həyatın rəmzidir.

 

[74]                     Cəhənnəm qalamaz belə bəndələr,

Neft arayıb təlqi tökməzlər hədər.

Təlq – odadavamlı mineral. Bu və əvvəlki üç beytin mənası: Zəmanə o qədər pisdir ki, mənəviyyata qulluq edən adamlar hörmətdən düşüb, zahidlər sərxoşluqla, Yusiflər isə canavarlıqla məşğuldurlar. Belə bir zəmanədə ya pislərə qoşulub pisliyə, alçaqlığa bəraət qazandırasan, ya da Allaha – mənəviyyata xidmət edib pis yola getməyəsən, əsil zəkalı Allah adamları bu tələyə düşməzlər. Çünki pis əməllərə qoşulmaq cəhənnəmi qalamaq, oraya neft və təlq tökmək deməkdir.

 

[75]                     Bəs deyil baş əydin pula, qızıla

Saldın dörd düyünə, yeddi qıfıla?

Qədimdə padşahlar ən qiymətli daş-qaşları dördkünc kisəyə qoyub, ağzını dörd düyün bağlayıb bir-birinin içərisində yerləşmiş, hamısı qıfıllanmış yeddi sandıqda saxlayardılar.

 

[76]                     Yel, qızıldan ötrü, yaxşı nəzər sal,

Gör necə eylədi laləni pamal.

Lalənin ləçəkləri qızıl pulla müqayisə edilir.

 

[77]                     Zər birləşməz iki hərfdir, gerçək,

Birləşsinlər deyə nədir bu əmək?

Ərəb əlifbasında zər (qızıl) sözü biri-biri ilə birləşməyən iki samit hərflər Z ( ) və R ( ) yazılır.

 

[78]                     Sarılıq azarı tutsa bir gözəl,

Lacivərdi köynək geyər əlbəəl.

Sarılıq (yarağan) xəstəliyinə düçar olanlara qədim həkimlər lacivərdi, ya qara rəngli paltar geyindirərdilər. Hər iki rəng matəm rəmzi olub.

 

[79]                     Üç işlək qəhrəman, qoç hambalın var,

Dördüsə evini eylər tarü-mar.

Üç hambal – heyvanlar, mədənlər və nəbatat; Dörd evi dağıdan hambal – bir-biri ilə müxtəlif olan dörd ünsür (od, su, torpaq, hava.)

 

[80]                     Səninlə zidd olan torpaqla külək

Əlifsiz yazılan xak və bad demək.

Əlif – ərəb əlifbasının birinci hərfi y (a, ə,) bad (külək) və xak (torpaq) hər ikisi əliflə yazılır. Əlifin ikinci mənası ülfət, məhəbbət deməkdir. Əlifsiz xək – ülfətsiz, məhəbbətsiz torpaq. Bad sözündən əlifi götürəndə isə bəd əmələ gəlir, bəd isə pis deməkdir.

 

[81]                     Xurma ağacına tac olan tikan

Ayrılsa, fərqi yox onun maşadan.

Yəni öz şirin xurmasından və kökündən ayrılmış xurma ağacının çubuğu ilə maşa (orijinalda: şiş) arasında fərq yoxdur.

 

[82]                     Qəssab dükanının ağzında hanı

Pay alan, içmədən bir ciyər qanı?

Şair dünyanı qəssab dükanına bənzədib sübut etmək istəyir ki, insan əzab-əziyyətlərə qatlaşıb ciyərini qana döndərməyincə, bu dünyada bir loğma çörək əldə edə bilmir.

 

[83]                     Başını bu küpdən çıxart, bir görək.

Küp – göy, səma.

 

[84]                     Başdan yeddi kökü kəsib atmalı,

Ayağından çıxart dörd mıxlı nalı.

Yeddi köklü budaq – yeddi qat göylər; dörd mıxlı nal – dörd ünsürlü yer, yəni əsil insan maddi varlığa pərəstiş etməməlidir.

 

[85]                     Həşəmlə örtülü quyu üstündən

Həsir, ya daş kimi ölü keçmə sən.

Ağzı qamış həsir ilə örtülmüş bu çismani cahanın quyusunun yanından qamış və daş kimi ölüvay keçmə, yoxsa onun quyusuna düşərsən.

 

 

[86]                     Mən kəndxuda qaldım kənddən kənarda.

Kənddən kənar kəndxuda – idiomatik ifadədir, işi görən və vəzifədən uzaq olan deməkdir.

 

[87]                     Almaz türkluyümü həbəş ölkəsi,

Olmuş xoş dovğadan məhrum cümləsi.

Beytin mənası: Mənim türk kimi gözəl, ağ əsərlərimi və özümün türk (azərbaycanlı) olduğumu qaralıq rəmzi olan Həbəşistana bənzər bu cəhalət ölkəsində qəbul etmirlər, almırlar. Türklərin milli xörəyi olan ləzzətli dovğamı yemirlər – şirin və dadlı əsərlərimi oxumurlar.

 

[88]                     Simi “yey”siz əgər qoysan baş-ayaq,

Çevrilər mis olar o gümüş ancaq.

“Sim” (gümüş) sözündəki “yey” hərfini atıb samitlərin yerini dəyişdirsək, mis əmələ gələr.

 

[89]                     Asimana çaşıb risman deyən...

Risman – kəndir, çatı. Asimanı rismandan seçə bilməyən – iki eşşəyin arpasını bölə bilməyən.

 

[90]                     Günəşi hey çəkək aftafaya biz?!

Aftabı (günəşi) aftafaya doldurmaq, aftafada gizlətmək atalar sözudür. Böyük həcmli, qiymətli şeyi kiçik sandıqda, mücrüdə gizlətmək kimi mənasız bir iş.

 

[91]                     Eşşəyim gəlməyir, mənsə gedirəm,

Belə getməyimə şübhə edirəm.

Eşşək – cism, bədən. Yəni mənəvi varlıq bu qorxunc, xətərli dünyadan qaçmaq istəsə də, cismani varlıq, heyvani bədən buradakı həyatdan ayrılmaq istəmir.

 

[92]                     Yuvam bu dünyadan düşdükdə kənar.

Yəni qəbiristanda yuva salandan sonra.

 

[93]                     Fələk çox bu sayaq işlər yaratmış,

Fili sərt torpaqda xəndəklər atmış.

Beytin mənası: Yolu su aparıb, qabağın yarğanla doludur, mindiyin təkəbbür fili o yarğanlardan gecə bilməz, öz acizliyini etiraf elə. Unutma ki, fələyin fil boyda oyuncaqları var, sənin başına oyun gətirə bilər. Çərxin öz fili var və həmin fil öz ayaqları ilə yeri yarğana, quyuya, qəbrə çevirib. Belə qorxunc və dəhşətli filin qabağında sənin gülə bənzər zərif vücudun qorxmaya bilərmi?

 

[94]                     Bu qoşa fillər ki, belə çarpışar...

Bu qoşa fillər – insan ömrü ilə daima vuruşmada olan gecə və gündüz, həyat rəmzi.

 

[95]                     Dənizdən və dağdan borc alıb taxan

Fələklə oynaya bilməz heç zaman.

Dəryanın borcu – dürr, inci, dağın borcu – ləl, cəvahir. Yəni sən ki, özün inci, daş-qaş, ləl-cəvahir ilə özünü belə yükləmisən, fələklə necə uzlaşıb rəqs edə bilərsən, onunla necə bacararsan?

 

[96]                     Mahmud təbilitək gurla gurhagur.

Sultan Mahmud Qəznəvinin (999-1030) təbili öz böyüklüyü ilə məşhur olub.

 

[97]                     Tazının ağzına düşən hər şikar

Təlim gördüyüçün halal sayılar.

Şəriətə görə it murdardır, lakin təlim görmuş ov itləri təmiz sayılır və onların dişlərində gətirdikləri ov isə halaldır.

 

[98] Abi-heyvan – dirilik suyu.

 

[99]                     İkinin hasili bir olar ancaq,

Səndəki o iki Birə varacaq.

Bir – yəni vahid Allah.

 

[100]                    Üçdən əl çəkməsən, atmasan onu...

Üçlük – xristianlıq, onun əsasını üç ilahi təşkil edir – ata Tanrı, oğul Tanrı (İsa peyğəmbər) və ana (Məryəm); İkilik (dualizm) – atəşpərəstliyin əsasını iki Tanrı – işıq, nur Tanrısı Ahura-Mayda (Hörmüzd), qaranlıq və fəsadın Tanrısı Anqru-Manyu (Əhrimən) təşkil edir. Bu sözlərlə şair demək istəyir ki, Allah bir olan kimi kişinin də dostu bir olmalıdır.

 

[101]                    Təbim kölgələrdən görsə də xətər,

Salır kölgəsini üstümə hünər.

Birinci sətirdəki kölgə şairi kölgə kimi izləyən paxılları ifadə edir, ikinci sətirdəki kölgə isə himayə, sayə deməkdir.

 



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [91] [92] [93] [94] [95] [96] [97] [98] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info