Qonaq Kitabı
YEDDİ GÖZƏL

Yarasını oxsuz, oxu yarasız

Görənlər qaldılar çöldə çarasız.

Dedilər: “Əcəba, bu necə işdir?

Hələ bu dünyada görünməmişdir,

Nə yarasız bir ox, nə oxsuz yara”.

Bir ağaclıq yoldan o tacidara

Yanaşa bilməyən vahimə sezdi,

Bəhram bulud kimi hər yanı gəzdi.

Dağı çöl, qaldırıb çölü etdi dağ,

Tökülən qanlardan yumşaldı torpaq.

Hər kimə ox vurdu, o vurulmuşu

Dərhal tərk eylədi əziz can quşu.

Günəş çəkən zaman yalın şəmşiri

Qanlı teşt qızartdı sübh çağı yeri.

Deyin teştlə qılınc qansızmı olar?

Qan var o yerdə ki, teşt var, qılınc var?

Meyitlər doldurdu tamam dağ-daşı,

Üzdü qan arxında qanlının başı.

O qədər doğradı, o qədər vurdu,

Qorxudan ödünü Zöhrə qusurdu[155].

Nizə öz dilini verdi şəmşirə,

Biçib əjdahanı o sərsin yerə.

Atılan ilandı meydana hər ox,

Atılan ilanlar dəhşətlidir çox.

Bəhram şah ortada hədəf seçirdi,

Atdığı ox tükü yarıb keçirdi.

Qılınc endirsəydi o, süvarıya,

Xiyartək bölərdi onu yarıya.

Əgər işlətsəydi qılıncı yandan,

Belindən bölünüb düşərdi düşman.

Qılıncı beləydi, peykanı belə,

Darmadağın oldu düşmanı belə.

Çıxalı qılınclar ağır qınından,

Şahın nərəsindən və basqınından

O türk ordusunun artdı dəhşəti,

Qılıncdan küt oldu, ayaqdan iti.

Bəhram qılıncını çaldı, çaldı hey,

Türklər ruhdan düşdü, bihal qaldı hey.

Zəfərdən əlamət görüncə padşah

Gah qılınc oynatdı, ox yağdırdı gah.

Qılıncı düşməni etdi tarümar,

Düşmən bulud oldu, şah isə ruzgar.

Orduya səs saldı hünərli Bəhram,

Dedi: “Üstün gələk, məqamdır, məqam.

Düşmana baş vuraq, gəlin, dərindən,

Oynasın sarsılıb mərkəz yerindən”.

Altlarında aslan, əllərdə əjdər[156],

Alıcı quş kimi həmlə etdilər.

Sağ cinah çəkildi, sol cinah qaçdı,

Ordu mərkəzinə Bəhram yol açdı.

Zəfərdən ruhlanıb əzdi xaqanı,

Mərkəzi dağıdıb, qırdı düşmanı.

Torpağın sayından çoxsa da ordu,

Öz-özünü qırıb həlak olurdu,

O qara şirlərin pəncəsi gəzdi,

Küt qılınclıların beynini əzdi.

Zöhhak ilanına ox dönüb getdi,

Süvari yıxıldı, at gözdən itdi.

Girincə meydana sıyrıldı xəncər,

Düşmən toz qaldırdı Ceyhuna qədər.

Şah o qədər tutdu, qənimət aldı,

Sayanlar yoruldu, tavansız qaldı.

Dost oldu qələbə o şiri-nərə,

Asayiş yaratdı; dönüb şəhərə,

Tacidar təzədən taxta oturdu,

Dünyanı eylədi səadət yurdu.

Gəlib səcdəsinə hamı əydi baş,

Qalibə afərin etdilər şabaş.

Gəldi xanəndələr xoş ahəng ilə,

Pəhləvi oxudu gözəl çəng ilə.

Ərəb şairləri gəlib coşdular,

Rübab səsləndirib, şeir qoşdular,

Şeirə qiymət verən bəxş etdi sovqat,

Verdi xəznəsindən bol cəvahirat,

Min dəvə yükünü atəşgədəyə

Saldırdı tez yola, vəqfdir deyə.

Atəşgahın bütün möbidlərinə

Qızıl, dürr payladı, doymadı yenə.

Verdi xəznəsindən saysız gümüş, zər,

Qalmadı ölkədə yoxsul bir nəfər.

 

 

 

BƏHRAMIN ORDU ƏMİRLƏRİNƏ

ACIQLANMASI

 

Günlərin birində mübarək baxtı

Sayəsində Bəhram bəzədi taxtı.

Ölkə başçıları, şahlar, soltanlar,

Taxtü-tac bəxş edən, hər nə qədər var,

Gəlib taxt önundə səf-səf durdular,

Ayla ulduz kimi məclis qurdular,

Şah qılınctək kəskin sözlər söylədi:

– Ey əmirlər, – deyə, xitab eylədi, –

– Ordu çıxmalıdır sülhdən, savaşdan,

Bunlarsız nə fərqi bir quru daşdan?

Hansınız qorxusuz girdi meydana,

Vuruşdu qoç kimi mərdi-mərdana?

Mən ki bəyənmişəm sizi dunyada,

Deyin, göründünüz hansı davada?

Sizin aranızda cəsur ər hanı?

İş görən qəhrəman, şiri-nər hanı?

Hanı döyüş günü coşub, çağlayan?

Qılınc qüvvətiylə yollar bağlayan?

Gim var meydan gəzib, nərələr saçsın,

Bir duşmən bağlayıb, bir ölkə açsın?

“İrəc nəsəbliyəm” söyləyir biri,

“Arəşi güclüyəm” deyir digəri.

Biri: “Rüstəm mənəm” söyləyib durur,

Qalxıb bir başqası Givdən dəm vurur[157].

Birisi deyir ki: “Qoca şir mənəm”.

Birisi söyləyir: “Ləc bəbir mənəm”.

Görmədim sizlərdən elə bir kişi,

Döyüşkən, yerində görən hər işi.

Qəribə budur ki, hər yetən avam

Söyləyir: “Heyf ola, yatıbdır Bəhram.

Mey içir, dünyanı yadına salmaz,

Belə şahdan adam heç razı qalmaz”.

O qədər içmərəm meyi dünyada,

Unudam cahanı, salmayam yada.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info