Qonaq Kitabı
YEDDİ GÖZƏL

Şaha təzim edib əl üstündə əl,

Açdı sirri belə o dilbər gözəl,

Dedi: “Ey şad edən bizi dünyada,

Bütün canlar sənə qoy olsun fəda.

Sarayın dövlətə uğurlu baxtdır,

Astanan ölkəyə tac ilə taxtdır.

Başın bəzəyidir tacın hər zaman,

Taxt ucalıq alır sənin qapından.

Zatın məmləkətə əbədi tacdır,

Sənin dərgahına dünya möhtacdır”.

Əvvəl uca taxta dualar saçdı,

Sonra qənd çeşməsi əqiqdən açdı.

 

 

BİŞRİN HEKAYƏSİ VƏ ONUN

AŞİQ OLMASI

 

Dedi: “Rumda əziz birisi vardı,

Mumdakı bal kimi rahat yaşardı.

Hünərlər sahibi bu qabil kişi

Görərdi hər zaman yaxşılıq işi.

O kamallı cavan, o xoş xasiyyət

Təmiz əlaqəyə bəslərdi hörmət.

Xalq bilir ismini, düşməzdi dildən,

Almışdı pəhrizkar Bişr adı eldən.

Naz ilə evindən o çıxdı bir yol,

Gedirdi, nə eniş, nə yoxuşdu yol.

Eşq onun yolunu kəsdi əlbəəl,

Fitnə kamalına əl uzatdı, əl.

Gördü bir gözəl ki, çadrası ipək,

Sanki gizlənmişdi buludda aytək.

Gedirdi görmədən Bişri şux nigar,

Açdı duvağını üzündən ruzgar.

Fitnəyə yol verdi yel bilə-bilə,

Qara buludlardan çıxdı ay çölə.

Bir süstluk üz verdi olduqca Bişrə,

Tikildi bir oxla ayağı yerə.

Surət gördü, oynar məst gözündə naz,

Yüz min tövbə qırar, yenə də doymaz.

Bir xırman gül idi, sərv idi özü,

Kəklik qanı ilə yuyulmuş üzü.

Sahirdi, süzgündü şəhla gözləri,

Min aşiq yuxusu kəsmiş o pəri.

Qönçə yarpağına bənzər dodağı,

Onun da qənd ola bütün yarpağı,

Ah, hələ gözləri nərgizdi yatmış,

Onlar bu yatmaqla fitnə oyatmış.

Yellənən o qara qıvrım tellərin

İçində gül üzü o şux dilbərin,

Laçın qanadının altında duran

Həvasil quşuna bənzərdi, inan.

Xalı saçından çox ənbər saçardı,

Xalından da kafir gözləri vardı.

Bu gözlər, bu saçlar, bu atəşli xal

Qoymazdı insanda nə taqət, nə hal.

Çimdik qoparılmış uşaqtək birdən

Qopdu ixtiyarsız bir səs Bişrdən.

O ay ki, yolunda yalnızdı, təkdi,

Ürküb rübəndini üzünə çəkdi.

Atdı tələsərək gül qədəmləri,

Qan aldı boynuna o gedən pəri[212].

Bişr ayılıb baxdı yollara doğru,

Gördü ev talanıb, getmişdir oğru.

Düşündü: izləsəm o şux cananı,

Pis düşər, səbr edim; məndə səbr hanı?

Yaxşısı budur ki, dözümlü ol sən,

Rüsvay olub gedər səbirdən keçən.

Ehtiras azdırıb ömrü, neyləyək;

Kişiyəm, qəm məni öldürməyəcək.

Unutmaq şəhvəti din nişanıdır,

Bu şərt pəhrizkarı yaxşı tanıdır.

Çəkim bu diyardan öz yükümü düz,

Beytülmüqəddəsə çevirim qoy üz.

Xeyri, şəri bilən böyük Yaradan

Mənim bu işimi eyləsin asan.

Gedib yol şeyləri tədarük etdi,

Beytülmüqəddəsə yollandı, getdi.

Sığındı qorxudan pərvərdigara,

Verildi hökmünə, dedi: – Et çara!

Divlərdən qurtarım, sən pasiban ol,

Qəlbimə tapmasın ta ki fitnə yol.

Yalvarıb Allaha, o səcdə etdi,

Müqəddəs məkandan qayıtdı, getdi.

Dönərkən qoşuldu Bişrə bu səfər

Zahiri xoş olan, bədxah bir nəfər.

O, hər gözəl sözə irad tutardı,

İrada qəribə həvəsi vardı.

Yaxşıdan, yamandan Bişr açdı söhbət,

Onun varlığını bürüdü hiddət.

O elə olmalı, bu dəxi belə,

Mənasız gəlməsin. bir nəfər dilə.

Bişr sükut etdi, onun sükutu

Aldı uzunçudan bihuşluq otu.

O dedi: “Adından agah et məni,

Mən də bu ad ilə çağırım səni”.

Dedi: “Ad qoydular Bişr mənə, sən,

Nə eybi, hər nə cür ad verəcəksən”.

“Bişr! İnsanların eybisən, nə qəm,

Mən də Məlixayam, imami-aləm.

Hər nə Yer üzündə, göy üzündə var,

Nələr fikr eyləyir bütün insanlar,

Bilir Məlixanın ağlı, kamalı,

Duyuram yaxşıca haram, halalı.

Alimlər ki bilir, on ikicə fənn,

Onlardan mükəmməl bilən mənəm, mən![213]

Dərya, səhra, meşə, çay, hər uca dağ,

Nəyə malikdirsə bizim bu göy tağ

Hamısını duyub, düzlüklə bildim,

Nədən yaşayırlar agah edildim.

Göydəki şeylərə əsla çatmaz əl,

Bilirəm onları hamıdan əvvəl.

Ətrafda üz versə qorxu nə zaman,

İti baxışımla görərəm haman.

Zavala uğrasa bir şahlıq, bir şah,

Əlli il qabaqca olaram agah.

Yetsə bir danəyə əskiklik əgər,

Bir il qabaqcadan verərəm xəbər.

Nəbzi, qarurəni mən bilirəm, mən,

Əlimlə qızdırma gedər xəstədən.

Salsam od içinə götürüb nalı,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info