Qonaq Kitabı
YEDDİ GÖZƏL

Belə sadə xislət bir mehribanı.

Yolun üzərində olanda ismət

Günahın üstünə qonmaz hərəkət.

Dəysə bir ağaca əgər bədnəzər,

Onun meyvəsini dərib yeməzlər.

Yüz heyvan göz dikib gözlərimizə,

Odur ki, üz vermir yaxşılıq bizə.

Artıq unudulsun olub-keçənlər,

Bizlər varımızdan çəkmərik zərər.

Etdim gizli-aşkar tövbə mən, hərgah

Qəbul etsə mənim tövbəmi Allah.

Əcəl aman versə sözüm budur, bax,

Razılıq verərsə bu şəkərdodaq,

Eyləyərək onu özümə övrət,

Çəkərəm nazını, edərəm xidmət”.

Qızlar gördülər ki, o nəcib insan

Allah bəndəsidir, qorxur Tanrıdan.

Önündə səcdəyə düşdülər yerə,

Afərin belə pak əqidələrə

Ki, onda yaxşılıq, saflıq toxmu var,

Qorusun qoy onu tək pərvərdigar.

İnsana üz verər əziyyət, cəfa,

Olar nəticəsi rahatlıq, səfa.

Bəzən üz verəndə mərəz insana,

Bu mərəz çevrilir yaxşı dərmana.

Gözəllər naz ilə döndülər geri,

Çoxaldı fələkə təəccübləri.

Qalxdı nur çeşməsi dağlar başından,

Qovdu bədnəzəri üfüqdən yaman.

Səhər üstürlabın ənkəbututək

Yerin sütununa tor qurdu, gerçək.

Bürüdü çıraqlı bir yel hər yanı,

Apardı şəhərə bağdan bağbanı.

Xacə, padşahlığa bayraq vurdu, şad,

Köləlikdən etdi özünü azad.

Dünən eşqə düşüb gəzdi, dolandı,

Bu gün qazan kimi qaynadı, yandı.

Dönərək şəhərə o əhli-vəfa

Dedi: istəyimdən görüm bir səfa.

Aldı beşiyinə gözəl hilalı,

Kəbinlə eylədi öz halal malı.

Bütöv ləli dəldi mərcanla, daddı,

Quşlar ayılanda balıq da yatdı.

Balıqdan quşadək canlılar, hər kəs

Yaşayır, göstərir buna meyl, həvəs.

Yetirdi saf suya onu cah-cəlal,

İçdi o şeydən ki, sayılır halal[281],

Səmən saflığında, gümüş qədər ağ,

Günəş kimi təmiz, gün kimi parlaq,

Gündüzün işığı ağlığındadır,

Ayın yaraşığı ağlığındadır.

Rənglər çox sünidir, dünyada bir ağ

Bilməyir sünilik, bilməyir boyaq.

Nə zaman eyləsən haqqa ibadət,

Ağ libas geyməkdir yaxşı əlamət.

Qurtardı sözünü yasəmən, nagah

Çəkib qucağına onu, aldı şah.

Haman bu qaydayla gəlincə axşam,

Qurdu günbədlərdə əyləncə Bəhram.

O günbəd quran göy bir hünər saçdı,

Şah üçün yeddicə darvaza açdı.

 

 

 

BAHARIN TƏRİFİ

 

Müştəriylə Zühəl qovuşan zaman

Günəş daxil oldu Həmələ Hutdan[282].

Otlar Xızır kimi bütün çöl boyu

Tapdı hər tərəfdə dirilik suyu.

Çeşmələr göbəyi oldu axar Nil,

Yolların üstündə coşdu səlsəbil.

Yer müşk ilə doldu, ud geydi hər yan,

Nafə satan külək oldu müşk alan[283].

Novruz havasında olan etidal,

Aləmə bəxş etdi nurani bir hal.

Novruzun nəsimi yeni əhd ilə

Qatdı öz canını çiçəyə, gülə.

Göründü otların baş qaldırması,

Silindi aynadan Günəşin pası[284].

Efir ətəyində şəbnəm oturdu,

Hərarət şaxtaya bir zərbə vurdu.

Dağlardan əriyən kafuri qarlar

Çaya göz yaşıyla verirdi vüqar.

Səbzəyə baxdıqca nurlandı gözlər,

Hər şey cavanlaşdı, oldu təzə-tər.

Nərgiz gözlərini süzəndən bəri

Yuxusuz eylədi bütün gözləri.

Saçdı nəfəsini sabahın yeli,

Səpdi bənövşəyə ətirlər əli.

Sərv kölgəlikdə yelkən quraraq

Şümşadın saçına çəkirdi daraq.

Neylüfər qalınca həsrət yuxuya

Özünü yetirdi əlbəəl suya[285].

Çiçəkli şaxlarda qönçə açıldı,

Lalə yarpağıtək lö-lö saçıldı.

Nərgizin bu sərxoş gəlhagəlində

Süsən zər çubuğu tutdu əlində[286].

Təzə qönçələrlə o gözəl bahar

Etdi qiyamətsiz ulduzlar nisar.

Şənbəlid[287] gözündən yaşlar tökuldü,

Zəfəran yeyərək təzədən güldü.

Göy gülə bəxş etdi abi-həyatı,

Şəqayiqə[288] yazdı qanlı baratı.

Nəsrinin gövhərə sinmiş yarpağı,

Tutiya əzirdi süsən budağı[289].

Siçanqulağı da saçını aldı,

Hörüb deyləmli tək çiyninə saldı[290].

Yarpaq, ot göyərib, qalxıb artalı,

Həm qayçı kəsildi, həm oldu xalı.

Sünbül müşk vurub salxıma bənd-bənd,

Etdi qərənfilə acıqla rişxənd.

Xeyrigül əhd ilə gəldi çəmənə;

– Vəliəhdsən, – dedi, – o, yasəmənə.

Süsənbərin iyi göylərə qalxdı,

Çarxın əqrəbini yandırdı, yaxdı[291].

Qönçə inəkgözə eyləməkdə naz,

Filqulaq[292] sirr söylər quşa keyfi saz,

Kafur gülü, səhər əsəndə yellər

Qızların taxdığı sırğaya bənzər.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info