Qonaq Kitabı
YEDDİ GÖZƏL

Gecənin al qanı torpağa axdı.

Çıxdı qarşısına silsilə dağlar,

Bu yerdə pələnglər tutmuşdu qərar.

Zərrə qalmamışdı tabı, tavanı,

Əfsus, ah olmuşdu yağlı-yavanı.

Otlardan, köklərdən nə tapsa Mahan

Çarəsiz qalaraq yedi acından.

Onun dayanmağa yoxdu təhəri,

Yeridi, qalmadı yolundan geri.

Gün batdı, ay doğdu, o dağlar aşdı,

Canından, dünyadan o təng dolaşdı.

Zülmət bürüyüncə bu ağ dünyanı,

Yenə də yolçunun ağrıdı canı.

Girib mağaraya yuxuya getdi,

İnsandan özünü orda gizlətdi.

Səs duydu, dedi ki: “Bu səs nə ola?”

Çıxdı mağaradan, göz dikdi yola.

Gördü ki, bir atlı tufan qoparır,

Yedəkləyib sürür, bir at aparır.

O gəlib Mahana etdi tamaşa,

Gördü ki, bir nəfər qısılıb daşa.

Atları sürətlə sürən o adam

Dayanıb, etmədi yoluna davam.

Dedi: – Ey fitnələr, fellər yoldaşı,

Kimsən, nə gəzirsən belə dağ-daşı?

Sirrindən etməsən xəbərdar məni,

Bu saat qanına boyaram səni!

Mahan saralaraq oldu zər kimi,

Durdu tum səpməyə kəndlilər kimi[232].

Dedi ki: – Yel kimi yol gedən igid,

Gör nələr çəkmişəm, qulaq as, eşit.

Dedi o yolçuya, dedi hər nə var,

Nələr bilirdisə gizli, aşikar.

Axırda qurtardı qəmli əhvalat,

Əlini dişləyib çapar qaldı mat.

Dedi: – Lahövl oxu, özünə bir an[233]

Ölümdən, dəhşətdən ey nicat tapan!

Cindir söylədiyin o arvad, kişi,

İnsan azdırmaqdır onların işi.

Tökərlər kahada adam qanını,

Qaçarlar eşidib xoruz banını.

Dişisi Niladır, kişisi Kila,

İşləri pislikdir, işləri bəla.

Şükr et, qurtarmısan əllərindən sağ,

Qorxma, hünərli ol, ata min, qaçaq.

Atlan, fürsət tapaq zalim zamandan,

Dilini qısa et yaxşı-yamandan.

Ardımca bu atı sür dönüb yelə,

Gətir ürəyində Allahı dilə.

Mahan ki, küsmüşdü ömrə, həyata,

Sustalıb qalmışdı, tez mindi ata.

Keçdi at çaparaq geniş çölləri,

Qoydu arxasında əsən yelləri.

Bir qədər getdilər, dırmanıb yala,

Qorxulu yerləri qoydular dala.

Durub bir təpədə baxdılar düzə,

Göründü göy çəmən oradan gözə.

Qalxırdı göylərə xanəndə səsi,

Bərbətin naləsi, rudun naləsi.

Buradan “Gəl” deyib çağırırdılar,

Oradan “Nuş olsun” bağırırdılar.

Səbzə, gül yerinə bu çöl, bu dərə

Olmuşdu hay-küylü məskən cinlərə.

Divlərin əlindən gələrək zara,

Dağ çölə sığınıb, çöllər dağlara.

Minlərlə div minib divin dalına,

Çöl matdır onların qeylü-qalına.

Torpaq sovururlar dönüb tufana,

Oxşarlar zəliyə, qara ilana.

İş gəlib yetişdi elə bir yerə

Ki, hay-küy sədası qalxdı göylərə.

Hamı çəpik çaldı, gəzdi, oynadı,

Hay-küydən başlarda beyin qaynadı.

Çığırtı hər yeri bürüdü, aldı,

Getdikcə ucaldı, daha çoxaldı.

Bir qədər keçmədi, çölü əlbəəl

Bürüdü minlərlə alovlu məşəl.

Sonra da dəstələr gəldi bədheybət,

Kənardan baxanı alırdı dəhşət.

Gəldi zəncir kimi sallaqdodaqlar,

Qətrandan geyimlər, qırdan papaqlar.

Xortumlu, buynuzlu bir yox, beş deyil,

Sanki birləşmişdi öküz ilə fil.

Zəbanilər[234] kimi sərxoşdu hamı,

Əlləri məşəlli, çirkin əndamı.

Saçır ağızları alov dörd yana,

Hamı beyt oxuyur, vurur şax-şana[235].

Elə bir çalhaçal işə salırlar

Ki, bütün dünyanı ələ alırlar.

Oynayır Mahanın altında at da,

Belə vurhavurda, belə büsatda.

Mahan göz dikdi ki, baxıb görsün at

Nə üçün altında açıb qol-qanad?

Gördü altındakı dərddir, xətərdir,

Mindiyi at deyil, qızğın əjdərdir.

Dörd ayağı vardı, iki qanadı,

Yeddi başı görcək ağlı oynadı.

Halqa kimi bizi bürüyən fələk

Yeddi baş əjdərdir, heyrət nə demək?[236]

Cəhənnəm əjdəri belində Mahan,

Möhkəm sarılmışdı ona qorxudan,

Qəribə bir oyun oynayırdı div,

Min hala düşürdü, qaynayırdı div.

Döyür ayağını kinlə torpağa,

Açılır, bükülür, dönür yumağa.

Qüzeydə bəslənən bir çöpdü Mahan,

Qatıb qabağına sel onu dağdan

Çapırdı, çırparaq o yan, bu yana,

Əziyyət verirdi əzgin insana.

Qaçıb sərxoş kimi o baş, bu başa

Vururdu xəstəni torpağa, daşa.

Qalxırdı yerindən bəzən dağ kimi,

Oynadırdı onu oyuncaq kimi.

Sübh açılıb xoruz banlayanadək

Mahanın başına açdı min kələk.

Səhər şir ağzında nəfəs alınca,

Əjdaha Mahanı yerə salınca,

O vurhavur gəlib axıra çatdı,

Qara qazanların qaynarı yatdı.

Elə ki əjdaha itdi gözündən,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info