Qonaq Kitabı
YEDDİ GÖZƏL

Səni cəlb eyləyir başqa aləmlər.

Sənə gur kababı xoş gələr, əlbət,

Nəyinə gərəkdir dadsız əzəmət.

Bir rud çalğısıyla içilən meyin

Zövqünü verərmi bu dünya, deyin?

Keçir ovda, keyfdə günlərin belə,

Başını ağrıtma dünya işiylə.

Sənindir dünyanın eyşi, işrəti,

Çünki çəkməyirsən ölkə xiffəti.

Ovda gün sürürsən, içir, yatırsan,

Gecəli-gündüzlü kama çatırsan.

Mənsə dərd çəkirəm, daim dalıram,

Xalqın qayğısına hər an qalıram.

Gah olur dost qəmi çəkmək sənətim,

Gah olur yağıdan qorxmaq qismətim.

Tac uğrunda qılınc qaldırıb sənə

Vuruşmaq ən kiçik bir dərddir mənə.

Xoşbəxtsən, həyatın keçir firavan,

Uzaqdır fitnələr, fellər başından,

Olaydı sənətim o peşə, ey kaş,

Asudə olardı o zaman bu baş.

Keçərdi dövranım işrət içində,

Şərabla, çalğıyla, ülfət içində.

Demirəm şahlıqdan biliyin yoxdur,

Dünyadan, dövlətdən xəbərin çoxdur.

Sənsən bu ölkəyə həqiqi varis,

Şahdan bu məmləkət sənə qalmış irs.

Xam iş gördü atan, neyləyim ancaq,

Tacın kölgəsindən sən oldun uzaq.

Onun hər əməli əziyyət oldu,

Xalqın elədiyi şikayət oldu.

El onun zülmundən heyrətdə qaldı,

Bu üzdən zülümkar adını aldı.

Qəzəblənib tökmüş məmləkətdə qan,

Gah azğın olmuşdur, gah da qudurğan.

Kimsə bu toxuma afərin deyə,

İnan, səpməyəcək bizi zəmiyə,

Kimsə istəməyib tacidar səni;

Yaxşıdır, tərk eylə, gəl, bu qayəni

Oda rast gələrsən coşsan, əgər sən,

Çalışsan, soyuq bir dəmir döyərsən.

Ehtiyacın varsa açıb xəznəni,

Qızıldan eyləyim, gəl, təmin səni.

Özünə bab şeyi xərcləsən əgər,

Daha faydalıdır, hər şeyə dəyər”.

 

 

 

BƏHRAM-GURUN İRANLILARA CAVABI

 

Məktubu oxuyan eylədi tamam,

Coşdu, ildırımtək, od saçdı Bəhram.

Yüz qüvvəylə verdi özünə toxtaq,

Səbr etdi yenə də zirəklər sayaq.

Qızışmış olsa da etmədi şitab,

Ətraflı düşünüb, o verdi cavab:

“Oxundu qarşımda katiblər yazan,

Qulaq asdım bütün, əyandır, əyan.

Qabil olmasa da katibin əli,

Nəsihət edənin, bunu bilməli,

Vardır bir ölçüsü; ağıl üzündən

Deyilən sözləri xoşlamışam mən.

Nə torpaq, və gümüş, nə gövhər, nə qaş

Mənə əydirmədi bu cahana baş.

Taca varis edib atalar məni,

Öldürər, bilirəm, ayıb, ar məni,

Qismət olarsa bu mirasım yada,

Tanrılıq etmişsə atam dünyada,

Allahı, kamalı dost tutmuşam mən.

Tanrılıq eyləyən, Tanrını sevən

Başqa-başqadırlar, bu aşikardır,

Damarca, dəricə fərqləri vardır.

Mən ki günahsızam, tutmayın nöqsan,

Uzağam atamın günahlarından.

Atamla xilqətən sanma birəm mən,

O daşdırsa əgər, cəvahirəm mən.

Qaranlıq gecədən sabah baş verər,

Saf ləli dünyaya doğar, daş verər.

Atama bir daha tutmayın irad,

Tanrı ondan sizi eyləmiş azad.

O, pislik etsə də, tapdı xoş məzar,

Ölünün dalınca pis danışmazlar.

Tapılmaz dünyada pis söz danışan,

Olmasa pisliyə bir qulaq asan.

Kimin ki, olarsa əsli bədgövhər

Pis sözlər danışar, pis sözü dinlər.

Vaz keçin atamın cinayətindən,

Xəbərsiz olmuşam bu xislətindən.

Üzr istərəm keçmiş günahçın, əgər

Yolumu kəsməsə mənim bədnəzər.

Yatdım qafil kimi bundan qabaq mən,

Ayıldım yuxudan indicə, bax, mən.

Bir xoşbəxtə əgər baxtı olsa yar,

İş vaxtına kimi ancaq o yatar.

Nə lazım yuxuyla qalxıb savaşmaq,

Gərəkdir gec yatıb, erkən göz açmaq.

Yuxum bərk olsa da, bəxtim oyaqdır,

Bu xoş bəxtim mənə möhkəm dayaqdır.

Yar oldu ömrümə ayıq taleyim,

Oyandırdı məni sayıq taleyim,

Üzüm yaxşılığa sarıdır indi,

Ürəyim qəflətdən arıdır indi.

Mən öz xeyrim üçün bir iş görmədim,

Püxtəyəm, xamlara könül vermədim.

Yaxşı adamlara olaram dayaq,

Məsləhətə daim asaram qulaq.

Kim xəta işləsə gözə almaram,

Cana da, mala da tamah salmaram.

Keçmiş günahlara hər zaman yadam,

Zaman nə göstərsə, razıyam, şadam.

Sizlə layiqincə dolanaram mən,

Nə gərəksə, onu istərəm sizdən.

Dostlar xəznəsinə salmaram rəxnə,

Düşmənin malından toplaram xəznə.

Xeyirxahlar olmaz yanımdan uzaq,

Pisləri eylərəm canımdan uzaq.

Yaxşılardan qeyrə nəzər salmaram,

Yaman adətlidən bilik almaram.

Şahlıqdan hiyləni tutmuşam uzaq,

Tanrı duyğusudur qəlbimə dayaq.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info