Qonaq Kitabı
YEDDİ GÖZƏL

Çıxdı həmən saat kahadan düzə,

Nəzər saldı yola o gəzə-gəzə.

Bir saat olar ki, gəzib hər yeri,

Şahı axtarırdı sərkərdələri.

Onu görən təki gəlib durdular,

Şahın ətrafında dövrə vurdular.

Bu zaman qoşuna şah verdi fərman:

“Ayrılsın ordudan beş-on qəhrəman,

Yol açıb yerisin qoy mağaraya,

Xəznəni bölsünlər yüzlərlə taya”.

Üç yüz cavan dəvə, böyük bir karvan

Yüklənib düzəldi yola bir azdan.

Bir şah ki, hamilik eyləyər gura,

Əjdahanı salar dərin bir gora,

Çəkdiyi əməyin barıdır, əlbət,

Tapdı cəvahirat, qaldı səlamət.

Gəlib Xəvərnəqə, şən imarətə,

Şah yenə başladı eyşü işrətə.

Yüklətdi on dəvə bol cəvahirat,

Ata hüzuruna yolladı sovqat.

“Münzirlə Nemana layiqdir” – deyə,

On yük zərif əşya etdi hədiyyə.

Hər kimə istəsə qalan varından

Payladı qorxmayıb hesabdarından.

Bəhram bir çox belə xəznələr açdı,

İzzətlə toplayıb, ölçüsüz saçdı.

Münzir: “Gəlsin, – dedi, – cahan nəqqaşı,

Yeni bir naxışla güldürsün daşı”.

Əlində fırçası, boyası, zəri,

Nəqqaş gəlib çəkdi şahı, əjdəri.

Bəhramın hər belə işi, qüdrəti

Tapdı Xəvərnəqdə əksi, surəti.

 

 

 

BƏHRAMIN XƏVƏRNƏQDƏ

YEDDİ QIZIN ŞƏKLİNİ GÖRMƏSİ

 

Səfərdən qayıdıb bir yol bizim şah,

Xəvərnəq içində nəşəli, gümrah

Gəzirdi, gördü ki, xeyli maraqlı

Bir hücrə var, qalıb qapısı bağlı.

Olmamış orada, sözümün düzü,

Nə yad, nə xəznədar, nə Bəhram özü,

Soruşdu: “Bağlamış kim bu xananı,

Bunun qapıçısı, açarı hanı?”

Açarçı tez gəlib gətirdi açar,

Şah açdı qapını, gördü büsat var.

Gördü xəzinədir ev başdan-başa,

Sənətkar gözüylə etdi tamaşa,

Nə çəkmiş divarda, gör ki, ustanı,

Çinin o yüz gözəl nigar nigarıstanı[127].

Çatmazdı heç buna, əldəki qüdrət

İşlədib divarda bir incə sənət,

Rəsm etmişdi gözəl yeddi şux pəri,

Hər biri bir elin parlaq ülkəri:[128]

Hind şahının qızı sevimli Furək,

On dördlük ay kimi dilbər bir mələk.

Çinin xaqanının qızı Yağmanaz[129],

Gözəllər afəti, misli tapılmaz.

Bir kəklik yürüşlü, şux, solmaz pəri,

Xarəzm şahzadəsi gözəl Nazpəri.

Slavyan şahının rumi geyimli

Gözəl Nəsrinnuşu, türktək sevimli.

Məğrib padşahının Azəryun qızı,

Nurə qərq eləyən günü, ulduzu.

Şanlı qeysər qızı, şöhrəti Humay,

Humayun gözəli, surəti humay,

Keykavus nəslindən dilli, diləkli,

Kəsranın Dürsəti tavus bəzəkli.

Bir həmail üstə çəkmişdi ustad,

Yeddi şux gözəldi, yeddi pərizad.

Hər incə təsvirdə min gözəllik var,

Gövhərtək hər biri gözə nur saçar.

Ortada çəkilmiş sevimli bir can,

Gözəllər qabıqdır, içdir o cavan.

Dürlə nişanlıdır gözəl kəməri,

Müşki xətdən almış, zinət qəməri[130].

O, baş ucaltmışdı sərvtək hündür.

Gümüş tac, kəmərdə parlayırdı dürr.

Sənəmlər göz dikib gül surətinə,

Könül vermişdilər məhəbbətinə

Baxdıqca onlara şirin gülümsər,

Pərəstiş eylərdi ona gözəllər,

Başının üstündə yazmışdı rəssam:

Bu cavanın adı Bəhramdır, Bəhram.

Belə hökm eyləmiş o Yeddi qardaş[131]:

 “Bu dünya fatehi qaldıranda baş

Yeddi iqlim gəzib bitirəcəkdir,

Özüylə yeddi qız gətirəcəkdir.

Zənn etmə, tum əkib, yoldan azmışıq,

Ulduzlar deyəni bizlər yazmışıq.

Əqlin dediyini eylədik əyan,

Söz bizdən, düzəltmək işi Tanrıdan”.

Bəhram bu yazıya daldıqca daldı,

Fələk füsununa heyrətdə qaldı.

O gözəl surəti şux sənəmlərin

Şahın ürəyində yer saldı dərin.

Qızğın ayğır ola, bir dəstə madyan,

Yeddi gəlin dura, şir kimi oğlan,

Baxdıqca artmazmı könüldə istək?

İstəməzmi kama çatmağı ürək?

Kəsdisə Bəhramın yolunu yazı,

Ancaq ürəyinin güldü al yazı.

O sözlər ömrünə bir dayaq oldu,

Murada yetməkçün ümidlə doldu.

İnsan arzusunda pərvəriş tapar,

Mətləbinə yetər, olsa ümidvar.

Qapını açarla bağlayaraq şah.

Dedi qapıçıya: “Yaxşı ol agah.

Həmən bu qıfılı xəlvət bir nəfər

Açaraq otağa girərsə əgər,

Alaram bir anda şirin canını,

Bu evdə tökərəm qızıl qanını”.

O gündən baxmadı otağa sarı

Xəvərnəqdə olan kişi, qız, qarı.

Xumarlansa idi gözü nə zaman

Gedərdi otağa ulu hökmüran,

Açardı, baxardı gözəl cənnətə,

Hər şəkil önündə gəlib heyrətə,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info