Qonaq Kitabı
YEDDİ GÖZƏL

Suyu seyr eləyib susuz qalardı,

Onun arzusuyla mürgü çalardı.

 

 

 

BƏHRAMIN ATASININ

ÖLÜMÜNDƏN XƏBƏR TUTMASI

 

Bir gün Yəzdigirdi eyləyib agah,

Dedilər ki: “Oğlun igid Bəhram şah

Bir qorxu bilməyən şir tutan olmuş,

Köhnə qurda dönmüş, gənc aslan olmuş.

Şir dönür önündə aciz köpəyə,

Əjdərin tozunu verir küləyə,

Kəməndlə div tutur gəlsə üz-üzə,

Atını çapanda dağ dönür düzə.

Almazı, dəmirdən hazırlar ipək,

Dəmiri, yumşaldar daşı xəmirtək”.

Atası oğlunun gənclik odundan

Qorxub saydı onu ömrünə düşmən.

Aslan qorxan kimi oddan, o birdən

Qorxdu öz oğlundan – alovlu şirdən.

Sayılsa da nursuz bir nəzər nöqsan,

Onu uzaq tutdu nəzərgahından.

Bəhram könül verdi ova, büsata,

Gah badə nuş etdi, gah mindi ata.

İçkiyə, şikara o bağladı bel,

Elə bil parlardı Yəməndə Süheyl,

Sevərdi Yəmənin şahı Bəhramı,

Onun hər hökmünə çəkib əncamı,

Yüksək qiymət verib məharətinə,

Hakim qıldı onu vilayətinə.

Qılınc, gövhər verdi, inanın, hələ

Keçərdi yolunda canından belə.

Saysızdı Bəhramın hər cür daş-qaşı,

Kədərdən uzaqdı ağrımaz başı.

Gördü yad ölkədə bu məhəbbəti,

Düşmədi yadına öz vilayəti.

Bir neçə gün belə dövr etdi fələk,

Nəhayət, o qurdu yeni bir kələk.

Yəzdigirdin əli taxtdan sürüşdü,

Onun uca işi alçağa düşdü.

Atalardan ona keçən taxtü-tac

Əcdadıtək oldu onunla da qac.

Şahsız qalan taxta hökmüdar tapmaq

Qəsdilə el, qoşun qurub yığıncaq,

Qulluq etməməyi aldı qərara

Yəzdigird nəslinə, qara şahmara.

Əgərçi Bəhramın qüdrəti vardı,

Ağlı, qılıncı var, cürəti vardı.

Görmüş Yəzdigirddən ölkə əziyyət,

Odur alınmadı saya bu cürət.

Dedilər: Bəhrama yaxın getməyək,

Ölümdən xəbərdar onu etməyək.

Ərəblər olmuşdur ona pərəstar,

İran torpağına olsa hökmüdar,

Ərəblərə xəznə, səltənət verər,

Farsa əzab verər, əziyyət verər.

Padşah seçmədisə onu bir insan,

Tanrı istəyilə oldu tac qoyan.

Yığıncaq ayırdı bir aqil qoca:

– Sən şah ol, – dedilər, – layiqsən taca.

Şahların nəslindən deyildi nəsli,

Bu nəslə yaxındı ancaq ki, əsli.

Belinə bağlayıb yeddi göz kəmər,

Təxtü-tac verdilər, təzim etdilər.

Belə bir tədbiri eşitdi Bəhram,

Asiman dövrünü eyləmiş tamam,

Dövran təzələnmiş, rövnəqi sönmüş,

İşlər keçmişlərin tərsinə dönmüş.

Atası dünyadan köçüb bir zaman

Olmayıb tacına sahib tapılan.

Bir yadın ayağı girmiş meydana,

Vermiş qarğaşalıq üz bu cahana,

Əvvəlcə yas tutub, matəmə daldı,

Əqiqə firuzə naxşını saldı[132].

Sonra fikr eylədi: çevrilsin şirə,

Döyüşsün, əl atsın iti şəmşirə.

Çalıb qılıncını nərələr saçsın,

Döyüş qapısını qəzəblə açsın.

Lakin, düşünərək dedi özünə:

Ağıllı dolansam, yaxşıdır yenə.

Çıxartdı iranlı qəlbindən bizi,

Unutdu bilmərrə hörmətimizi.

Mənsə qoy olmayım amansız, qəddar,

Yumşaqlıq hər şeyə açardır, açar!

Bu itqılıqların ovçusuyam mən,

Mənimdir qoyunlar, mənimdir çəmən.

Yunları olsa da onlara döşək,

Öz pambıq tarlamda yatırlar, bişək.

Nankor olmaları yaxşıdır, əlbət,

Gün gələr ki, onlar çəkər xəcalət.

Xəyanət üzündən xəcil olar mərd,

Yaxşı deyil, ona sən də vermə dərd,

Xəcalət çəkəni etməzlər zəlil,

Bu zülmkarlıqdır, ədalət deyil.

Yolundan azdısa iranlılar, mən

Eylərəm onları yenə şahsevən.

Ovçu səbirsizlik göstərsə əgər,

Oxu nişanəyə dəyməz, yan gedər.

 

 

BƏHRAMIN İRAN

TORPAĞINA QOŞUN ÇƏKMƏSİ

 

Ey söz düyümləyən cadugər, yetər,

Bu keçmiş sözlərdən gəl vermə xəbər!

Gül kimi ağzından özün al nəfəs,

Ondan ətirlənsin səndəki həvəs.

Bilin, bağlamışam mən əhdü-iqrar

Kimlə? O kəslə ki, əhdində durar.

O şey ki, başqalar demiş, yaratmış,

Biz şərab içirik, onlarsa yatmış,

Öz malım etməyim keçirib ələ,

Pis olar eyləsəm mən hərgah belə.

Uymayım köhnəni tikmək felinə,

Cəhd edib oxşayım novruz yelinə.

Doğrudur, şərt qoydum: dürr saçmaqda mən

Olmayım deyilmiş sözləri deyən,

Ancaq o xəznəyə sahmanımız bir,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info