Qonaq Kitabı
YEDDİ GÖZƏL

Ürəyi yumşalar bu yalvarışdan,

Ucaldar başını böyük hökmüran.

Ulduza taxt olan bu gözəl evdə

Şahı qonaq edək şərbətə, südə.

Bu faydalı işə eyləsək əlac,

Tapacaq o zaman işimiz rəvac...”

Sərhəng götürmədi o yaqutları,

Vardı aşıb-daşan dövləti, varı.

Gizlin xəznəsindən pul aldı, getdi,

Nə lazım məclisə, tədarük etdi:

Şaha layiq yemək, quzu, quş, balıq,

Hər cür içkilərlə doldu ortalıq.

Məclis yaraşığı ətir, mey, məzə

Gəldi ortalığa; xoş gələn gözə

Noğul, çiçək hazır eyləyib tamam,

Gözlədilər çıxsın şikara Bəhram.

 

 

 

BƏHRAMIN OVLAQDAN

SƏRHƏNGƏ QONAQ GETMƏSİ

 

Taxtından enərək bir gözəl sabah

Mindi öz atına ovlaq deyib şah.

Ovladı, ovladı, gəzdi, dolandı,

Ancaq gör bir necə özü ovlandı.

Şah ov xəyalıyla düşərkən yola,

Gördü qarşısında uca bir qala,

Ətrafı yamyaşıl, güldü, çiçəkdi,

Kölgəli, bitkili, gözəl-göyçəkdi.

Soruşdu: “Kimindir bu gözəl diyar?

Kimdir bu eyvana sahib-ixtiyar?”

Şahın yanındaydı sərhəngin özü,

Xosrovdan eşidib belə bir sözü,

Yer öpdü, Bəhrama təzim eylədi:

– Sən qullar bəsləyən şahsan, – söylədi, –

Hədiyyə etdiyin bu kənd mənimdir,

Ona piyaləndən saçılmış ətir.

O yeri xoşlasa, bəyənsə hərgah,

Bu alçaq qulunu ucaldacaq şah.

Özütək sadədil xasiyyətiylə,

Səadət bəxş edən xoş niyyətiylə

Girsə şah qapımdan, ucalar başım,

Qalxıb fələklərdən öc alar başım.

Siz mənə etdiniz ali iltifat,

Bir eyvan verdiniz ömrümə sovqat.

Toxunur təpəsi Aya, göylərə,

Dövrəsi bağçadır baxsan hər yerə.

Qoynu ətirsaçan çiçək doludur,

Rövzə şagirdidir, cənnət quludur.

Nuş etsə orada şahım mey əgər,

Qapımı öpəcək min nurlu ülkər.

Tozu ətir saçar evimə, dərhal

Öküzüm süd verər, milçəyim də bal.

Gördü sərhəngdəki sədaqəti şah,

Qəbul etdi haman bu dəvəti şah.

Söylədi: “Razıyam, yeri, hazırlaş!

Ovdan qayıdaram buraya birbaş”.

Sərhəng öpdü yeri və təzim etdi,

Evi səliqəyə salmağa getdi.

Bəzədi fərşlərlə eyvanı sərhəng,

Cənnətə döndərib verdi min ahəng.

Elə ki, Bəhram şah geriyə döndü,

Çətrinin şahini göydə göründü,

Sərhəng ipəklərin kəsib başından,

Rum parçalarından, Çin qumaşından

Döşədi atının keçdiyi yerə,

Gövhər saçılmışdı ipək fərşlərə.

Şah altmışpilləli uca eyvana

Yetişib çıxaraq baxdı hər yana.

Gördü eyvan göyə doğru getmişdir,

Xəvərnəqin hüsnü burda bitmişdir.

Hər halı göylərə olmuş yaraşıq,

Alır camalından fələklər işıq...

Sərhəng ortalığa gülab gətirdi,

Hər cür xörək verdi, şərab gətirdi.

Gözəl yeməklərdən Bəhram yedi hey,

keyf etdi, şadlıqla içdi gözəl mey.

Elə ki, bir neçə piyalə sundu,

Alın güllərinə incə şeh qondu,

Söylədi: “Ey qızıl eyvanlı, sənin

Otağın gözəldir, xoşdur çəmənin,

Ucadır bu altmışpilləli eyvan,

Yəqin ki, başına onun asiman

Kəmənd atıb çıxar, belə bir uca

Eyvana, altmışı keçən ay qoca,

Necə dırmanırsan? Et məni agah”.

O dedi: “Qarısın dünyamızca şah,

Abi-kövsər olsun nuş etdiyi mey,

Sunsun badəsini xoş hurilər hey,

Mən kişiyəm, buna nə lazım heyrət,

Məni yormamışdır yüksək imarət.

Bir ay parçasıtək qız var ki, lətif,

Şahın əynindəki xəz kimi zərif.

Dağ kimi öküzü alıb gətirir,

Burada, bu damda ona yem verir.

Bu altmışpilləli uca eyvanı

Birnəfəsə çıxır, yorulmur canı.

Öküz, öküz deyil, bir fildir, düzü,

Bircə mil də çəkməz piyini özü,

And olsun Allaha, belə yekə, saz

Ökuzü qaldıran əsgər tapılmaz.

Təəccüb deyilmi ki, onu bir qız

Bu uca eyvana qaldırır yalnız?”

Sərhəng sözlərini axıra vurdu,

Şah öz barmağını dişlədi, durdu.

Dedi: “Mümkün olan bir iş deyil bu,

Olsa ya sehirdir, ya da ki cadu,

Qabaqca görməsə əgər öz gözüm,

İnana bilmərəm, budur son sözüm”.

Əlavə etdi ki: “Sözlərini tut,

Elə düzlüyünü bu işin sübut!”

Sərhəng qulaq asıb şirə, tez getdi,

Öküz daşıyanı xəbərdar etdi.

Gümüş bədənli qız gördü məqamdır,

Hər işi sərrastdır, hər işi tamdır,

Bəzəndi, düzəndi, döndü gəlinə,

Nərgiz xumarlığı verdi gülünə,

Aya təzə müşkü haşiyə etdi,

Sehri qəmzəsinə yaman öyrətdi.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info