Qonaq Kitabı
YEDDİ GÖZƏL

Oxumuz cütsə də, nişanımız bir.

Etməli olsam da bir sözü təkrar,

Hünərim palazdan ipək yaradar.

Sözün kimyasıyla iki nəqş açan

Köhnə nəqşi təzə elədi çoxdan.

Misi xas gümüşə döndərmiş biri,

Bu isə gümüşdən alar saf zəri.

Misi saf gümüşə döndərən sənət

Gümüşdən zər alar, eyləmə heyrət!

Uca taxta incə bəzəklər verən

Belə bəzək vurdu taxta yenidən.

Xəbər tutdu Bəhram, igid şahzada

Ki, tac qismət olub yad oğlu yada.

Kəyanın tacını tələb etməkçin

Bağladı belini ürəyində kin.

Bəhram ölkəsinə şah olsun deyə,

Münzər də, Neman da qalxdı köməyə.

Verdilər bol xəznə, hesabsız daş-qaş,

Saysız ordusuyla o qaldırdı baş.

Düşmənlik alışdı coşdu sərasər

Yəməndən başlamış Ədənə qədər.

Atlanıb yürüdü yüz min süvari,

Hamının poladdan möhkəm paltarı,

Hamı div bağlayan, qələ açandı,

Nərəsi bir şirdi, hünər saçandı.

Hər biri ölkəyə bir istinadgah,

Belə bir orduyla yürüş etdi şah.

Nəm gedib balığa, toz aya çatdı,

Şeypurların səsi od parçalatdı.

Zərbələr yağdırdı sinc-təbil çalan,

Gurultu ucaldı – nağaralardan.

Düşdü sinc-təbilin səsi dağ-daşa,

Göyləri, yerləri gətirdi çoşa.

Sayda qarışqadan artıqdı ləşgər,

Yandı intiqamla ordu sərasər.

“Bəhramın olmalı öz tacı, yurdu”

Deyə, yürüş etdi Yəməndən ordu.

 

 

 

İRANLILARIN BƏHRAMA

MƏKTUB YAZMASI

 

Taxtı qəsb edənə yetişdi xəbər

Ki, açmış ağzını bir cavan əjdər.

Göy yerə enməyə göstərməkdə meyl.

Başını qaldırmış Yəməndən Süheyl[133].

Açmış pəncəsini o cavan aslan

Eləsin düşməni qanına qəltan.

Taxta çıxıb tacı əlinə alsın,

Yatsın fitnə tozu, tamam yoxalsın.

Şahın sarayına ölkə rəhbəri:

Möbidlər, ordunun sərkərdələri

Toplanıb rəy üçün hey yığın-yığın,

Kəsdilər kökünü dikbaşlılığın[134].

Nəhayət o məclis yetdi əncama,

Dedilər ki, məktub yazaq Bəhrama.

Hərə bir söz dedi, söhbət açdılar,

Qabıqlı-qabıqlı toxum saçdılar.

Verdi sözlərinə katib min sığal,

Açdı bu məktubda uzun şərhi-hal.

Məktubu bükdülər, iş başa gəldi,

Elçilər kaqızla yola düzəldi.

Elə ki, yetişib endilər atdan,

Yeni şaha salam göndərdi dövran.

Şahın xadimləri alıb da rüsxət,

Etdilər onlara olmazın hörmət.

Bəhram hüzuruna icazə verdi,

Dərban bu uğurda xəbər gətirdi.

Min qorxuyla gəlib şah hüzuruna,

Səcdəyə düşərək etdilər səna.

Ən ağıllı qasid irəli getdi,

Məktubu öpərək, o təqdim etdi.

Katib möhrü qırıb açdı kağızı,

Oxundu padşaha yazılan yazı:

Məktubun başlanğıç sözü bismillah,

Ağzına fəzliylə rəhbərdir Allah.

Göydə də, yerdə də pərvərdigardır,

Yoxluq dedikləri onunla vardır.

Aləmdən başlayıb canlı nə ki var,

O yüksək fələklər, bu uca dağlar

Səxa nəqqaşından almışlar surət,

Bütün varlıqlara o vermiş qüvvət.

Heç bir şeydə onun təmənnası yox,

Dəhrin ondan başqa bir xudası yox.

Açdığı düyünlə həyat qurulmuş,

Adına sitayiş möhrü vurulmuş.

Onun hökmündədir zəminlə zaman,

Onu da, bunu da odur saxlayan.

Belə tərif yazıb uca Allaha,

Salamlar yollayır sonra da şaha,

Yazır ki: “Ey başı uca dünyada!

Həmi şövkətli şah, həmi şahzada!

Kişilik, insanlıq yağan işindən,

Kəsranın adını daşıyıram mən,

Cəsarətdən salmaz, bil, xamlar məni,

Gücum var, görməyib dünya xar məni.

Bəyənmiş adımı sonsuz kainat,

Nəvaziş göstərir bəxtim hər saat.

Tacım, hünərim var mənim cahanda,

Hünərsizlər handa, səltənət handa!

Hünərli dünyada taxtü-tac alar,

Alçalmaz heç zaman başı ucalar.

Şah olsam da əgər bütün yerə mən,

İnsan övladına, mələklərə mən,

Könül sanma bundan çox razı haldır,

Şahlıq dedikləri zəhərli baldır.

Mülküm, malım vardı, hökmüm rəvandı,

Bu üzdən hər zaman bəxtim cavandı.

Belə qalsa idim uzaqdım şərdən,

Ucalıq deyildir xali xətərdən.

Neyləyim ki, məni bu əhli-İran

Güclə dilə tutdu, etdi hökmüran.

“Gəl, şah ol” dedilər, etdilər vadar

Ki, taxta əyləşim, olum tacidar.

O gündən ölkəyə mən həyan oldum,

Buna şahlıq demə, pasiban oldum.

Bu məsəl gözəldir, aydın əyandır:

“Dünyanı sevənlə arzu düşmandırı.

Belə bir aləmdən yox səndə xəbər,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info