Qonaq Kitabı
YEDDİ GÖZƏL

Onun dərgahına axıtdı varı.

Qala qoruyanlar xəznə apardı,

Verdilər, xəznədə hər nə ki vardı.

Yeni fərman yazdı fərman yazanlar,

Şahın imzasıyla qurtardı canlar.

Ölkə işlərinə eylədi əncam,

Hər kəsi oxşadı qədrincə Bəhram.

Can verib diriltdi rövnəqsizləri,

Qaçqını qaytardı ölkəyə – geri.

Qoyunun hayfını qurdlardan aldı,

Şahin göyərçinlə dost qanad çaldı.

Məstliyi çıxartdı fitnə başından.

Təcavüz edənə vermədi aman.

Düşmənin canına saldı zəlzələ,

Dostlarla dünyada verdi əl-ələ.

Mərd oldu şahlıqda böyük hökmüran,

Mərd adam yaxşıdır mərdüməzardan.

Nə zaman versəydi cəza düşmana,

Cəfalar vermədən qıyardı cana.

Əlindən əziyyət çəkincə insan

Öldür, birdəfəlik köçsün dünyadan.

Gördü ki, bu torpaq damlardan ancaq

İnsana qüssələr, qəmlər qalacaq,

Özünü işvəylə o şad saxladı,

Gün sürüb, keyf çəkib, azad saxladı.

Dünyaya etibar yoxdur, qanırdı,

Eşqə, məhəbbətə arxalanırdı.

Həftədə çalışdı şah kimi bir gün,

Altı günü keçdi işrətdə bütün.

Kimin ki, eşqdən nişanı yoxdur,

Demək, ruhu yoxdur və canı yoxdur.

Məhəbbət sikkəsi vurdu aşikar,

Yaxın adamları oldu aşıqlar.

Bürüdü, cəlalı tutdu hər yanı,

Keçirdi hökmünə bütün dünyanı.

Güldü gül üzünə fərəhli həyat,

Səxavət göstərib, dolanırdı şad.

Axdı xəznəsinə dünyanın varı,

Arada olmadı qılınc, tatarı.

Ölkəsi münbitdi, təzəydi, tərdi,

Qəlbi günəş kimi bolluq sevərdi.

Ellər güvənərdi məhsuldarlığa

Varlığı düşməzdi əsla darlığa.

Bir gün xalq unutdu şükrü dünyada,

Mehribanlıq belə düşmədi yada.

Kim şükür etməsə nemətə hərgah,

Küsər o bəndəyə yaradan Allah.

Kəsilər başına bu gen dünya dar,

Çalışan ruzunu daşdan çıxardar.

 

 

 

QURAQLIQ İLİ VƏ BƏHRAMIN

RƏİYYƏTƏ MƏRHƏMƏTİ

 

Bir il getdi bütün əməklər bada,

Qəhətlik başladı geniş dünyada.

Qıtlıq yeyintinin yolunu kəsdi,

İnsan ot otladı, titrədi, əsdi.

Dünya bu qıtlıqdan bezikdi, gerçək,

Gövhər qiymətinə satıldı çörək.

Bəhrama verdilər bu haldan xəbər

Ki, qıtlıq keçirir cahan sərasər.

Aclıqdan kəsilib vəhşi canavar,

Gah adam yeyirdi, gah leş insanlar.

Dənin qiymətindən olunca agah,

Anbarı açmağa fərman verdi şah.

Harda azuqə var, şah xəbər tutub,

Hakimlər adına göndərdi məktub:

“Yığılsın bir yerə əmin adamlar,

Açılsın anbarlar, dən dolu damlar.

Varlılarla həmən razılıq olsun,

Yoxsulun torbası havayı dolsun.

Dəndən ödənəndə o pay alanlar,

Tökülsün quşlara yerdə qalanlar.

Acından ölməsin dövründə bir fərd!”

Eşq olsun Bəhrama, odur cavanmərd.

Səxavətli şahın dən anbarından

Bol buğda apardı hər gələn insan.

Şahın karvanları yad ölkələrdən

Daşıyıb gətirdi təzə-təzə dən.

Xəznənin pulları dönmuşdü suya,

Bəhram şah qalırdı qeydə, qayğıya.

Müxtəsər, bitmədi əkinlər dörd il,

Xalq oldu xəznədən ruziyə nail.

Çatdı böyüklüyə şah bu işiylə,

Yetdi padşahlığa nəvazişiylə.

Ellər can qurtarıb bəxtəvər oldu,

Aclığından ölən bir nəfər oldu.

Bu xəbər yetişdi ölkə şahına,

Üzünü çevirib haqq dərgahına,

Üzürxahlıq edib, çəkdi dərin ah,

Dedi: “Ruzi verən, ey böyük Allah!

Sənin oxşarın yox başqalarına,

Güvənib Tanrının iqtidarına,

Hər işi dünyada saz eyləyirsən,

Azı çox, çoxu da az eyləyirsən.

Nə qədər çalışsam, gəlməz əlimdən

Çöldə bir ceyranı doyuzduram mən.

Qalibiyyət, qüdrət sahibi sənsən,

Xalqa birər-birər ruzi verənsən.

Öldüsə yurdumda aclıqdan biri,

Mənə aid deyil bunun təqsiri.

Onun həyatından mən bixəbərdim,

Öldü, bu ölümlə çoxaldı dərdim”.

Durub yalvararkən Tanrısına şah,

Qəlbindən səs gəldi: Yaradan Allah

Sənin xəbərdardır xoş niyyətindən,

Götürdü aclığı məmləkətindən”.

Öldüsə bəndəsi əgər acından,

Sən ki, şad olmadın, gülmədin bundan.

Belə əmr eylədi o qadir hakim:

Elindən ölməsin dörd ildə heç kim.

Dörd il, var xəbərim, düşmədi dərdə,

Ölkədə ölmədi heç bir nəfər də.

Xoşbəxt o şahdır ki, nemətlə, nazla

Ölümü ölkədən qovdu niyazla.

Doğulan yaşadı, bara yetişdi,

Ellər bir çıxarsız vara yetişdi.

Artdı insan nəsli, çoxaldı ellər,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info