Qonaq Kitabı
YEDDİ GÖZƏL

Yazıq gur qaldırdı tez ayağını,

Qurtarsın xətərdən öz qulağını.

Şahın ildırıma döndü peykanı,

Nura qərq eylədi bütün dünyanı,

Dırnağından keçib, başını dəldi,

Dırnağı başında gur yerə gəldi.

Şah çinli kənizdən eylədi sual:

“Necədir hünərim?” O pəricamal

Söylədi: “Şah buna etmişdir adət,

Sayılmaz heç yerdə adət məharət.

İnsan etsə əgər bir işə vərdiş,

Çətin olsa belə, görülər bu iş.

Zənn etmə əməlin şücaətdəndir,

Güclülukdən deyil, bu adətdəndir”.

Şaha ağır gəldi sözü Fitnənin,

Balta yer eylədi ağacda dərin.

O füsunkar aya dəyişdi rəftar,

Şah öz qəzəbini eylədi aşkar.

Şahlar intiqama başlarsa əgər,

Hirsi yatsın deyə qızar, qan tökər.

Marala acığı tutarsa hərgah,

Qırar üzəngini at qovaraq şah.

İtə hirslənərsə, əgər hirsindən

Məhrum eylər iti öz dərisindən.

Şah dedi: “Sağ qoysam, ləcdir, xətərdir,

Öldürmək hesabı daha bədtərdir.

Bilirəm, dişiyə qıymaz ər kişi,

Tay deyil, arvada şiri-nər kişi”.

Bir sərhəng vardı ki, nəsli çox ulu,

Şir kimi acıqlı, qurdtək qorxulu.

Şah onu çağırdı yanına xəlvət,

Dedi ki: “Fitnəni apar və məhv et.

Dövlət sarayında o bir fitnədir,

Fitnə ölməlidir, ağıl hökm edir”.

Kənizlə bərabər yola düzəldi,

Ədalətli sərhəng evinə gəldi.

Şam kimi başını o gözəl qızın

Ayırmaq istədi, sərhəng ansızın.

Dilbər gözündə yaş dedi: “Bu əməl

Fayda verməz sənə, ondan götür əl.

Gəl bir günahsıza zərbələr çalma!

Nahaq qan tökməyi boynuna alma!

Şaha munis mənəm, həmsöhbət mənəm,

Kənizlər içində xoşsifət mənəm.

Mənəm yoldaş ona, hər yana getsə,

Ya məclis düzəltsə, ya şikar etsə.

Məni ərköyünlük çıxartdı yoldan,

Deyim doğrusunu, azdırdı şeytan.

Şah öldür söyləmiş, göstərib səbat,

Bir qədər səbr eylə, sən onu aldat.

Söylə ki, Fitnəni öldürdüm. Hərgah.

Verilən xəbərdən sevinərsə şah,

Öldür, qanım sənə qoy olsun halal.

Yox, şahı bürüsə bir dərin məlal,

Onda qaldığımçın mən sağ-salamat,

Şahın qəzəbindən taparsan nicat.

Rəvamı azad sərv yıxılsın yerə?

Heç nə olmasam da, yenə bir kərə

Bir əvəz verərəm”, – deyib əlbəəl,

Qoydu qarşısına yeddi parça ləl.

Hər biri bir böyük ölkənin varı,

Gəlirdə keçməzdi ümman onları.

Qızın tədbirinə xoş üzlə baxan

Sərhəng öldürməyib keçdi qanından.

Söylədi: “Amandır, bu sirri saçma,

Adam olan yerdə şahdan söz açma.

Soruşsalar de ki, xidmətçiyəm mən,

Düzələr dalısı, arxayın ol sən.

Taleyin yar olsa, bil, budur sözüm:

Bütün çarələri taparam özum”.

Belə bir əhd ilə sözləri bitdi,

Bunun zülmü, onun zülməti getdi.

Bir gün sərhəng şahın imarətinə

Getdi. Şah sordu ki: “Nə oldu Fitnə?”

Söylədi ki: “Ayı uddu əjdaha,

Etdim göz yaşını ona qanbaha”.

Doldu tacidarın gözləri yaşdan,

Qurtardı sərhəngin canı təlaşdan.

Bir kənd vardı, elin gözündən uzaq,

Sərhəng eyləmişdi oranı yaylaq.

Göyə baş qaldırmış bir köşkü vardı,

Orda göy dəniztək dalğalanardı.

Orada, fələyin asimanında,

O altmışpilləli öz eyvanında

Fitnəyə yer verdi, aldı otağa;

Əziz yer verilər əziz qonağa.

İki gün keçməmiş bir gözəl inək

Gətirdi dünyaya bir buzov – qəşəng.

Alardı buzovu o gündən bəri

Hər gün ağuşuna o göyçək pəri.

Ayağını sıxıb döşünə sarı,

Çıxardı pilləni tək-tək yuxarı,

Günəş Surda olar bahar zamanı.

Suru dolandıran ay varmı, hanı[146]?

O ceyran yerişli, o gümüş bədən,

Qaldırardı dama, buzovu yerdən.

Dönmədi bir gün də öz qərarından,

Hər işi bacarar işlək bir insan.

Buzov iriləşib yaşına doldu,

Gəldi altı illik bir öküz oldu.

Hər gün sənət oldu o güləndama

Çıxarmaq öküzü tövlədən dama.

Eylədi beləcə bu işdə adət,

Yükündən görmədi zərrə əziyyət.

Böyüyən öküzün artdıqca əti,

Qızın da artırdı gücü, qüvvəti.

Bir gün oturmuşdu dargöz Fitnə tək,

Ürəyində qüssə, önündə sərhəng.

Hurisifət gözəl, o nazlı canan

Cavahir daşıyan qulaqlarından

Dörd gövhər açaraq dedi: “Bu saat

Durma, get bazara, bunları tez sat.

Buxur al, qoyun al, təzə gülab al,

Nə qədər istəsən noğul, şərab al!

Məclis düzəlt gözəl behişt bağından,

Şah qayıdan zaman öz ovlağından

Zəfərtək əl üzmə üzəngisindən,

Yalvarıb-yaxarıb onu saxla sən.

Bəhramın çox gözəl xasiyyəti var,

İncədən incə bir təbiəti var.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info