Qonaq Kitabı
YEDDİ GÖZƏL

Döndü şəhər oldu dağlarla çöllər.

İsfahan qarışdı Reyə birbaşa,

Ev evə söykəndi, nə xoş tamaşa!

Bir kor istəsəydi, dam üstü, əgər,

Reydən İsfahana edərdi səfər[143].

Şubhə etsən, demə, günah səndədir,

Günah məndə deyil, nəql edəndədir.

Nemət yeyəndənsə boldu məmləkət,

Nemət yeyənlər artıqdı nemət.

Cavan olsa xurma ağacı, barı

Daha bol gətirər güclü şaxları.

İnsan az olduqca ruzi olar dar,

İnsan çoxaldıqca gəlir də artar.

Camaat arxayın çölə gedirdi,

Dağda, çəmənlikdə keyf-naz edirdi.

Əldə incə bərbət, rübab, çənglə dəf

Çalıb oynayanlar oturdu səf-səf.

Hər çay kənarında bir hovuz çaxır,

Hər tərəfdə işrət, məclis, çal-çağır.

Çoxları mey alıb, qılıncı satdı,

Zərxara geyinib zirehi atdı.

Camaat silaha, iti xəncərə

Əlvida eyləyib, qoymuşdu yerə.

Kimin keyf etməyə vardı imkanı,

Nemətlə, naz ilə keçdi zamanı.

Yoxsula yol açdı; razıydı hər an

Tacidar bəxtindən, camaat ondan.

Hərəyə verdirdi layiq bir peşə,

Onlar üçün imkan yaratdı eyşə.

Əmr etdi bölsünlər günü ikiyə,

Biri kəsbə məxsus, biri içkiyə.

Bac nədir bilmədi, yeddi il aləm,

Kökündən qazıldı yetmiş illik qəm.

Altı min sənətkar, dastan söyləyən,

Çalğıçı, oynayan, məzhəkə deyən,

Çağırıb topladı həmən bir yerə,

Ayırıb göndərdi tez hər şəhərə,

Dedi: – Hansı yana getsəniz əgər,

Çalıb çağırın ki, sevinsin ellər.

Sur bəxti tapmışdı onda zamana;

Zöhrə sahib idi onda dövrana[144].

Dövrün kəndxudası Zöhrə olanda,

O zamana handa, kədər, qəm handa?

 

 

 

BƏHRAMIN ÖZ KƏNİZİ İLƏ MACƏRASI

 

Bəhram şah bir səhər çıxdı şikara,

Üz qoydu çöllərə, uca dağlara.

Öz kəhər atıyla qovhaqov saldı,

Şur çəkdi, gur vurdu, atdı, ov saldı.

Qövsdə yerləşir parlaq Müştəri,

Müştəridir onun qövsünün yeri[145].

Səhrada atlılar bağlayıb dəstə,

Gurları qovdular Bəhramın üstə.

Gur dırnaqlı kəhər – altında oynaq,

Durmuşdu pusquda şah aslansayaq.

Dürr saçan

Kirişi boşaldıb ox doldurardı.

Oxları torpağa saçardı alov,

Həm də hey vururdu, salırdı bol ov.

Gur budu olanda kabab gərəkdir,

Demək, od gərəkdir, şərab gərəkdir.

Şahın o gur vuran iti peykanı,

Odur ki, döndərdi oda hər yanı.

Oxu yağdırırdı uçarkən alov,

Bişirdi o saat hər vurulan ov.

Qarşıya çıxandan əsər qoymazdı,

Seylərdi, teylərdi, yenə doymazdı.

İzləyirdi ovu, gəzirdi dağ-daş,

Yanında ay kimi gözəl qaravaş.

Soruşsanız onun siz: nədir adı?

Bu şən fitnəkarın Fitnədir adı.

Baxışı məxmurdu, gözləri durğun,

Şah ona vurğundu, o şaha vurğun.

Cənnət baharıtək üzü təzə, şən,

Yerişi taxılın üstündən əsən,

Üzləri oxşayan yelə oxşardı,

Duruşunda başqa incəlik vardı,

Paludədən şirin, dadlı, yumşaqdı,

Sanki bal qatılan kərəydi, yağdı.

O bütün hüsnüylə bir nəğməzəndi,

Dilbər rəqqasəydi, mahir süzəndi.

Etsəydi səsini kamançaya tuş,

Vurulub düşərdi göydən uçan quş.

Şah onu dinlərdi ovda, işrətdə,

Keçərdi dəmləri istirahətdə.

Fitnə çəng çalardı, şah gur vurardı,

Bu ovlar, o isə büsat qurardı...

Ansızın büründü toza düzəngah,

Sıçratdı atını ov üstünə şah.

Özünü gurların səmtinə saldı,

Qızğın şirlər kimi ox-kaman aldı.

Oxunu tuşlayıb, qoydu tez yaya,

Uçurdu yel kimi sonra səhraya.

Gurun sağrısını ox birdən-birə

Dəldi, ağzı üstə düşdü ov yerə.

Bir an bu ovlaqda şikara durdu,

Bəzən canlı tutdu, bəzən də vurdu.

Qaravaş – hiyləgər, ədalı Fitnə

Göz yumdu padşahın şücaətinə.

Hökmüdar bir saat səbr etdi, baxdı,

Ta uzaqdan bir gur qaçmağa qalxdı.

Şah dedi: “Söylə bir, tatargözlü, sən,

Almayırsan ovu gözünə nədən?

Belə bir ovçuluq sığışmaz sözə,

Girməz, əlbəttə ki, elə dar gözə,

Bax, o gur çaparaq gəlir uzaqdan,

Harasından vurum, başdan, dırnaqdan?”

Şəkər dodaqlıda çoxdu kibrü-naz,

Qadındı, qadınlar olur boşboğaz,

Dedi: “İnanaram qüdrətinə mən,

Onun dırnağını başına tiksən”.

Şah gördü naz edir inadkar gözəl,

Onun istəyinə eylədi əməl.

Əvvəlcə istədi küruhə – kaman,

İçinə girdə daş qoyaraq haman,

Atdı, qulağına saldı şikarın,

Elə bil canını aldı şikarın.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info