Qonaq Kitabı
YEDDİ GÖZƏL

Bir hovuz mey içsəm yenə də, ancaq

Qılıncımdan deyil qan arxı uzaq.

Buludam, yağdırram şimşək xıncaxınc,

Bir əlimdə şərab, birində qılınc,

Mey günü məclisə yaraşıq mənəm,

Lazım olan dəmdə qılınc çəkənəm.

Gözləri yumulu gördün dovşanı?

O, yatmış olsa da görər düşmanı!

Gülüşüm, məstliyim dəhşətlidir, bil!

Gülümsəyən şirəm, sərxoş filəm, fil!

Şirlər gülən zaman axıdar al-qan,

Filin sərxoşundan kimdir qaçmayan?

Əbləhlər içərkən olar bixəbər,

Huşyar olan meyi başqa cür içər.

O kəs ki, ağılca deyildir alçaq,

Nə qədər içsə də, məst olmaz ancaq.

Qeysərin tacını şərab içərkən

Ayaqlar altına saldıraram mən.

Badədən özümə bülöv çəkərəm,

Düşmənin başına qətrə tökərəm.

Nə düşünür məni istəyən dostlar,

Göyün ulduzları durmuşdur bekar?

Mən sərxoş yatsam da, olmasam ayıq,

Bəxtimin ulduzu sayıqdır, sayıq.

Məst olub yuxuya getdimsə də mən,

Xaqan yuxusunu aldım əlindən.

Mən ki, belə əyri bir yolla getdim,

Qulduru gör necə tarümar etdim.

O köpəkdir, gecə qorxudan ular,

Yatmaz sübhə kimi, narahat olar.

Əjdaha kahada yatarsa şirin,

Dəyməz qapısına ayağı şirin...”

Şah gözəl dastanı qurtardı belə,

Döndü kişilərin üzü al gülə.

Səcdəyə düşməyi lazım gördülər,

Şaha acizanə cavab verdilər:

“Hər kəlmən bizimçin güldür, çiçəkdir,

Ağlı olanlara bərdir-bəzəkdir.

Olmuş canımıza tilsim sözlərin,

Asılmış qulaqdan bir sırğa təkin.

Tacı şah başına qoyar Yaradan,

Xalqın çalışması hədərdir, inan,

Çoxları başçılıq gəlib etdilər,

Sənin mərtəbənə sanma yetdilər.

Hamı başdan oldu, başçı olmadı,

Yalnız sənə qaldı şəhriyar adı,

Şahdan biz görəni, bu məlum işdir,

Nə ağ görmüş, nə də qara görmüşdür[158].

Sən div bağlayaraq, əjdəri yaxdın,

Fil vurdun, kərgədan nizəyə taxdın.

Şahdır şirlər əzən, gurlar ovlayan,

Divlə qulyabanı – oxuna nişan.

Nə zaman çıxarsa öz ovlağına,

Alar gur boynunu şah qucağına.

Gah vurar xalından qızmış pələngi,

Dişini çıxardar, yıxar nəhəngi.

Gah çəkər əlindən hindlilər min ah,

Hindi qılınc çəkər çinlilərə gah,

Gah gedib fəğfurdan Bəhram bac alar,

Gah da Rum şahından bol xərac alar.

Çoxları yıxmışlar pələngi, şiri,

Şir beyni çıxarmış qızıb hər biri.

Üç yüz əsgəriylə bu qoç şiri-nər

Üç yüz min düşmənə vurdu zərbələr.

Nə qədər dünyaya şah gəlib, gedib,

Bəllidir, necə kin, məhəbbət edib.

Onlardan hansı şah qazanmışsa ad,

Qoşuna, möhlətə etmiş istinad.

Bir neçə nəfərlə bu qızğın işi

Görər Bəhram kimi hansı bir kişi?

Vurulsa hesabı tac geyənlərin,

Bir saydır Bəhrama layiq, birə min!

Tapılar hər kəsdə yalnız bir nişan,

Bəhramdan əlamət bu geniş cahan.

Düşmənin üstünə cumsa şiri-nər,

Lay qapılar kimi onu tən bölər.

Oxunu sancarsa əgər sərt daşa,

Daş dönər torpağa, dönər xaşxaşa.

Zəhər saçan oxu ölkəyə dərman,

Əjdər cilovuyla tutar min ilan,

Hər kim zidd gedərsə ulu Bəhrama,

Zəmanə çevirər əriyən şama.

Onunla qorxmasa hər kim savaşdan,

Demək, qan qoxusu gəlir o başdan.

Şahın sərxoşluğu oyaqlıq demək,

Yatışı yuxu yox, sayıqlıq demək.

Şərabla keçərsə əgər zamanı,

Özü yox, keflənər yalnız düşmanı.

Hamıdan kamildir, əhli-ürfandır,

Yaxşını, yamanı şah bacarandır.

Mahir iş biləndir geniş dünyada,

Möhtac deyil əsla özgəyə, yada.

Göylərin altında durduqca cahan

Hökmünə baş əysin sonsuz asiman.

Sarayına zinət ədalət olsun,

Tacında yurd salan səadət olsun.

Torpağa pənahdır onun sayəsi,

Taxtının ucadır göydən payəsi”.

Kamal sahibləri belə söz açdı,

Yaqut qarşısında kəhrəba saçdı.

Qalxıb içlərindən şahzadə Neman

Məclisə təriflər eylədi bəyan.

Dedi: “Şahın taxtı çatdığı bir yer

Balıq belə olsa aya yetişər[159].

Şah başında tacı əyri, düz sayan,

Göstərin, varmıdır elə bir insan?

Sənin ki, başına tac qoymuş Allah,

Görüm olsun tacın əbədi, ey şah!

Bizlər ki, qapında müti qullarıq,

Şahlıq rütbəsini sayəndə tapdıq.

Var-yoxumuz sənin, başımız sənin,

Qurumuz sənindir, yaşımız sənin.

Əcəm, ərəb durur əmrində hər an,

Bir işarə versən keçər başından,

Vardır məharətim, uzun bir müddət

Şahın qapısında eylərəm xidmət.

Sənin dərgahında şöhrətə yetdim,

Nemətə yetişdim, dövlətə yetdim.

Üzrüm qəbul olsa yanında hərgah,

Dönərəm evimə, izn versə şah.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info