Qonaq Kitabı
YEDDİ GÖZƏL

Şətarət sürməsi çəkdi gözünə,

Nazdan pərdə saldı kinli üzünə.

Sərvi döndü qızıl bir piyaləyə,

Xizran boyu verdi gözəl laləyə[147].

Düzdü gümüş sərvə, dürlər qəşəng,

Ayına bağladı Pərvindən çələng.

Öz yaqut ağzını bu şux gülbədən

Aşiq almasıtək dürlə böldü tən.

Çiynində saçları saçırdı ənbər,

Buxağı altına düzdü incilər.

Filin sümüyütək incə və gözəl,

Bir taxtın sahibi ondan çəkməz əl.

Zənci saçlar qara, hindu xal təzə,

Sanki vuruşmağa durub üz-üzə.

Əqiq dodaqlarda qara xal durmuş,

Zənci öz möhrünü xurmaya vurmuş.

Daş-qaşlı bir örtük başında, guya

Ulduzlardan niqab çəkilmiş aya.

Nurlu sırğaları parlar sanki tac,

Aşiq bazarını eyləmiş rəvac.

Bürünüb aysifət kafur rəng tülə,

Bənzərdi yasəmən içində gülə.

İkihəftəlik ay, o nazlı mələk

Verdi vücuduna yeddi rəng bəzək[148].

Getdi öküz tərəf bədirlənmiş ay,

Sur bürcüdür verən aya qiymət, say.

Baş əyib qaldırdı göyə onu düz,

Əcəb gövhər tapdı, bir baxın, öküz.

Qalxdı pillələri o bir-bir dama,

Gəlib taxt önündə baxdı Bəhrama.

Öküzü qoymadı qız üzərindən,

Şir görüb öküzü qalxdı yerindən.

Təəccüb eyləyib, heyran qaldı şah,

Qız öz kəniziydi, olmadı agah.

Ay, öküzü qoyub boynundan yerə,

Dedi nazlanaraq qəhrəman şirə:

“Öküzü qarşına yalnız gətirdim,

Öz gücümcə sənə peşkəş yetirdim.

Dünyada bir nəfər olarmı varsın

Öküzü aşağı alsın, aparsın?”

Şah dedi: “Gücündən deyil bu, əlbət,

Əvvəldən etmisən bu işə adət.

Vərdiş eyləmisən hər il başabaş,

Öyrənmisən buna sən yavaş-yavaş.

Ölçüb çıxarmısan belə sınaqdan,

Odur ki, olmursan əldən-ayaqdan”.

Gümüşbədən Fitnə baş əydi şaha,

Layiqincə ona eylədi dua,

Ədəblə söylədi: “Qəribədir çox!

Öküz adətlədir, gur vurmaqsa yox?

Adətlə iş görür, öküz qaldıran,

Bu başqa şey deyil, sadə bir idman.

Səbəb nədir kiçik gur vuranda sən

Olmasın bir nəfər “adətdir” deyən?”

Şah bildi Fitnədir onu danlayan,

Hindlitək üstünə atıldı haman[149].

Yanaşıb üzündən yaşmağı açdı,

Aya göz yaşından mirvari saçdı.

Üzr istəyib, qucdu o şümşad boyu,

Qız qoşa nərgizdən tökdü gül suyu.

Yadlardan etdilər otağı xəlvət,

Başlanıldı giley, uzun şikayət.

Şah dedi: “Ev olmuş bir zindan sənə,

Yalvarıram indi peşiman sənə.

Azğınlıqdan bir od yandırdımsa da,

Sən öz halındasan, mən yandım oda”.

Xəlvət olcaq ara fitnəkarlardan,

Oturtdu yanında Fitnəni haman.

Kəniz dil açaraq dedi: “Tacidar,

Fitnəni bağlayan gözəl şəhriyar!

Ey öz hicranıyla məni öldürən,

Şirin vüsalıyla sonra güldürən,

Qəmin ürəyimdə əridib yağı,

Yerindən oynadar qəm, kədər dağı.

Eşqim az qaldı ki, ala canımı,

Yanar atəşlərə sala canımı,

O gün ov zamanı, şah, kaman çəkdin,

Gurun dırnağını başına tikdin.

Belə hünər üçün verib əl-ələ

Yer deyil, əlindən öpdü göy belə.

Tərif eyləmədim bu hünəri mən,

Qovdum beləliklə bədnəzəri mən.

Çünki bəyənilən şeyə göz dəyər,

Pis gözdən insana ziyan tez dəyər.

Fələyin əjdəri ortaya ancaq

Məhəbbət yerinə saldı bir nifaq”.

Şahı tutdu bu söz yaman yerində,

Saxladı bu sözü şah can yerində.

Söylədi: “Səndədir düzlük, sədaqət,

Vəfana çox şeydir dəlil, şəhadət.

Sənsən mehribanlıq eyləyən əvvəl,

İndi üzr istəyən xoşsifət gözəl.

Olsun o gövhərə min afərinlər

Ki, var xilqətində belə bir hünər.

Sərhəng olmasaydı əgər pasiban,

Daşla qırılardı bu gövhər inan”.

Çağırıb sərhəngi o, xoşdil etdi,

Qolunu boynuna həmail etdi.

Verdi böyuklərə yaraşan peşkəş,

Bir dürr əvəzinə min dürr etdi bəxş.

Olsun töhfə deyib, xeyli şey verdi,

Şərəflə, izzətlə mülki-Rey verdi.

Şəhərə qayıtdı, başladı büsat.

Məclislər quruldu, verildi sovqat.

Möbidlər çağrılıb gəldi saraya,

Şah kəbin kəsdirdi o dilbər aya.

Nəşəli işrətə başladı onlar,

Keçdi bu tövrlə uzun zamanlar.

 

 

 

ÇİN XAQANININ QOŞUN ÇƏKMƏSİ VƏ

BƏHRAM-GURUN ZƏFƏR QAZANMASI

 

Bəhramın şöhrəti düşdü dünyaya,

Balıqdan başlayıb yetişdi aya[150].

Böyüklərin qəlbi qüvvətə mindi,

Adlılar ucaldı, şöhrətə mindi.

Künc-bucaqda öldü sarıqulaqlar,

Onları qara su, bax, belə udar[151].



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info