Qonaq Kitabı
YEDDİ GÖZƏL

Bu şəkli olduqca mahir əl çəkdi,

Qızılla işlədi, çox gözəl çəkdi.

Görən canlı bildi, “afərin” dedi,

“Əhsən olsun şaha birə min” dedi.

 

 

 

BƏHRAMIN ƏJDAHANI

ÖLDÜRMƏSİ VƏ XƏZİNƏ TAPMASI

 

Şah bir gün bağçanın gözəl yerində

Sürdü gəmisini mey uzərində.

Çəkərək başına şirin əyağı,

Keflənincə həmən tərk etdi bağı,

Ovlağa çatınca kəmənd açaraq,

Gura gor qazıyıb, hünər saçaraq,

Vəlvələ qopardı, qovhaqov saldı,

Hər addım başında vurdu, ov saldı.

Sonra bir dişi gur gəldi, nə gəldi,

Naləsi dünyanın bağrını dəldi.

Vücudu ruhani xəyaldı sanki,

O bir ay baxışlı maraldı sanki.

Beli başdan-başa elə bil zərdi,

Qarnının altı da südlə şəkərdi.

Qara xətt belindən çəkirdi nişan,

Sağrısı xal-xaldı dırnağınacan.

Boynuna saldığı sanma zünnardı,

Üzündə gül rəngli duvağı vardı[119].

O başqa gurlardan, sağrısı ondan

Gözəllik topunu almışdı, inan[120].

O atəşdi, otla qohum misaldı,

Dərviş paltarında bir mahcamaldı[121].

Baldırları igid oxuna bənzər,

Qulağı – sıyrılı alması xəncər.

Gərdəni çəkikdi, çiyni hamardı,

Qısıb qulağını süzgün baxardı.

Belində qaralan o dəri qaytan

Bağlamış cidovu hər iki yandan[122].

Gözəldi tismədən[123] onun görkəmi,

Qara xətt işlənmiş bir gümüş kimi.

Boynu qanla dolu, böyrü piy və yağ,

Bu əqiq kimi al, o dürr kimi ağ.

Hörmüş bədəninə al xəz, qızıl qan,

Gözəllik almışdı qandan o heyvan.

Verib qan damarı ona min bəzək,

Oynardı tisməli hoqqabazlartək[124].

Quyruğu belindən ayrılmazdı heç,

Boynu dırnağıyla kəsilmişdi ləc[125].

Gur görüb Bəhramı atıldı birdən,

Cumdu Bəhram dəxi durduğu yerdən.

Cavan gur yerindan qoparaq getdi,

Bəhram şirə döndü, çaparaq getdi.

Gur qaçdı, durmadı, qaş qaralınca,

Şir dəxi düşmüşdü onun dalınca.

Padşah çevirmədi atını gurdan,

Necə qaçmaq olar, siz deyin, gordan.

Gurxan hey çapırdı, guru qovurdu[126],

Çapan Bəhram idi, qaçan da gurdu.

Çöldə bir kahaya yetişdi Bəhram,

Basmayıb bu yerə qədəm bir adam.

Çatınca ovuna, gördü şiri-nər

Mağara ağzında yatır bir əjdər.

Qıvrılmış bədəni qırdan tökmə dağ,

Gözlədiyi şikar qurtarmazdı sağ.

Şah baxıb yolunda yatan xətərə,

Görüb əjdahanı, döndü əjdərə.

Unutdurdu guru gor dərdi dərhal,

Əl qoyub buduna eylədi xəyal,

Təəccüblə dedi: “Bu nə şikardır?

Bura gəlməyimin səbəbi vardır.

Yəqin zavallı gur amana gəlmiş,

Əjdaha zülmündən cəzana gəlmiş,

İntiqam alsın qoy ədalətli şah

Deyə dərgahıma gətirmiş pənah.

Qorxudarsa əgər bu əjdər məni,

Gurun xəcaləti öldürər məni.

Mən onun dadına yetişəm gərək,

Nə olur, qoy olsun, qorxu nə demək?!”

Şah iki şaxəli iti oxlardan

Seçdi qayçı kimi açılmış peykan.

Oxu ağ kirişli kamana qoydu,

Qara əjdahanı nişana qoydu,

Göz açıb suzəndə əjdər düşmanı,

Uçdu igid şahın haça peykanı.

Batdı ox əjdərin bir cüt gözünə,

Onu həsrət qoydu dünya üzünə.

Dəldi gözlərini qara əjdərin

Oxlar yer eyləyib dərindən-dərin.

Onda ki, əjdərə meydan oldu təng,

Yeridi üstünə Bəhram – o nəhəng.

Əjdərə sapladı nizə cürətlə,

Gura pəncəsini şir vurar belə.

Səkkiz yumruq boyda altıpər mızraq

Əjdər boğazında açdı yüz zolaq.

Səslənib əjdaha çəkdi bir nərə,

Ağac sütun kimi sərildi yerə.

Şah bu nəriltidən qorxmadı, sübut –

Dağın zirvəsindən qorxarmı bulud?

Kəsdi Əhrimənin başını xəncər,

İnsana düşməni əzmək dad verər.

Dərhal əjdahanın qarnını yardı,

Orada bir gurun balası vardı.

Şaha aydın oldu gurdakı məram,

Əjdərdən istərmiş alsın intiqam.

Allaha səcdəyçin qapandı yerə,

Çünki o gəlmişdi üstün əjdərə.

Bəhram üzəngiyə basdı ayağı,

Gedib seyr eyləsin yenə ovlağı.

Gur şahı tələsən görüncə haman,

Gəlib mağaraya girdi uzaqdan

Bəhram şah tutmağa haman heyvanı

Soxulub kahaya girdi yan-yanı.

Keçdi əziyyətlə içəri birdən

Xəzinə kəşf etdi girdiyi yerdən.

Şahlar küp qoyaraq burda getmişlər,

Şux pərilər kimi gözdən itmişlər.

O gurdan küplərə yetmişdi Gurxan,

Gursa qaçıb oldu gözlərdən nihan.

Xəznə açarını tapıb tacidar,

Etdi mağaradan əjdəri kənar.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info