Qonaq Kitabı
YEDDİ GÖZƏL

– Necə ki, lazımdır aparın, – deyə,

Pərəstişkarlara etdi tövsiyə.

Gördü şah sevənlər şahdan xoş rəftar,

Gözəl söz eşidib fərəh tapdılar.

Bəhram xəyalıyla döndülər geri,

Gözləri önündə şahlıq təsviri.

Onun qüdrətindən, onun halından,

Şaha layiq olan bu kamalından

Heyran danışdılar, valeh oldular:

– Bəhramdır, – dedilər, – əsil hökmüdar.

Kamillər belə bir şaha ağ olmaz,

Günəşi palçıqla suvamaq olmaz!

O şah xislətlidir, o şah adlıdır,

Acıqlı aslandır, igid atlıdır.

Bir ox atsa əgər, əjdaha ölər,

Açarsa şir kimi pəncə bir nəfər,

Ona tab gətirib durmaz önündə,

Taxtü-taclar alar dava günündə.

Heyvan ayağına şahlar saldırar,

Onu cırnatmayaq, tufan qaldırar,

Gəlin od vurmayaq ədavətinə,

Dayana bilmərik hərarətinə.

İstəsə keçirər əlinə tacı,

Şir hekayətinə yox ehtiyacı.

Ancaq tanınmağa tülkü ilə qurd,

Bizimçün bu gözəl sübutdur, sübut.

Hamı saray deyə yollandı daha,

Şahın şərtlərini dedilər şaha.

Məktubu açdılar, gəldilər dilə,

Üstünə qoymayıb bircə söz belə,

Ərz etdilər şaha ucadan-uca.

Taleyi sınanmış tacpərəst qoca

Taxtından enərək, oturdu yana,

Söylədi: “Gəlmişəm şahlıqdan cana.

Yaxşıdır taxta yox, oturum yerə,

Canımı verməyim qurban şirlərə.

Enməyim yaxşıdır bu taxtdan diri,

Şirin pəncəsindən tikəni biri

Keçirib əlinə yeyərmi rahat?

Əzəldən belədir qoca kainat.

Yaraşır şahlığa haqqıyla Bəhram,

O varisdir buna, qılınc ilə cam

Ondan ayrılmasın heç zaman gərək,

Ölkə varisinə taxtını verək.

Qoca tacidardan cavan şah gözəl,

Mən öz şahlığımdan çəkdim artıq əl,

Hökmüdar deyiləm, şah sevənəm mən”.

Başçılar da ona söylədi həmən:

“Vaxtıyla səninlə şərt bağladıq biz,

Ağıldan başqa şey deyil şərtimiz.

Biz səni hökmüdar etdiksə, ancaq

Taxtdan duşməyin də bizdən olacaq.

Vuruşmaq istəyir Bəhram şir ilə,

Qoy hünər göstərsin bu tədbir ilə.

Oyuncaq deyildir şirdən tac almaq,

Kor gecə gör necə oyun açacaq.

Bağlayaraq şiri, şərti gözləyək,

Qızıl tac meydana qoyulsun gərək.

Taxt sənindir, əgər şah qorxu bilsə,

Tac sənindir yenə, gənc Bəhram ölsə.

Şir olub şirlərdən götürərsə tac,

Məmləkətdən ona yetişər xərac.

Sitayişə, taxta layiq olacaq,

Baş tutarmı belə bir tədbir ancaq?”

Qurtardılar sözü belə nəhayət

Ki, şərtə tez əməl edilsin, əlbət.

Sabah gün çıxanda, güləndə hava,

Şiri ovlamağa şah çıxsın ova.

 

 

 

BƏHRAMIN İKİ ŞİR

ARASINDAN TAC GÖTÜRMƏSİ

 

Səhər qızıl taclı, sabah xeyli şən,

Bir taxt yaratmışdı fil sümüyündən,

Rəy deyən, iş görən qolu güclülər,

Amirlər, hakimlər, kimdə var hünər,

Ərəblər, əcəmlər hey atlandılar,

Şirlər meydanına qanadlandılar.

Şirbanlar gətirdi şirləri gəldi,

Açıb buraxdılar, meydan düzəldi.

Qızğın həmlə etdi şir üstünə şir,

Qazılırdı sanki Bəhrama qəbir.

Şirlər arasına o şir saxlayan

Gətirib tac qoydu tamam qızıldan;

Arasında o tac qara şirlərin

Bir aydı ağzında iki əjdərin[135].

Teştin səsiylə ay buluddan çıxar,

Boş deyil, bu teştin qılıncı da var.

Kinli şirlər dönüb qızğın əjdərə,

Döyüb quyruğunu qəzəblə yerə,

Sanki deyirdilər: “Kim qarət eylər,

Əjdərdən tac alar, şücaət eylər?”

Dəmir ciyərlidən yox xəbərləri

Ki, şiri ovlayar, vurar əjdəri.

İki ox mənzili cürət etmədi,

Kimsə o şirlərə yaxın getmədi.

Dedilər: “Edilsin bu şərtə əməl,

Şirlərə yönəlsin Bəhram ilk əvvəl.

Şirdən alsa tacı, şah olsun Bəhram,

Onundur səltənət, bir də qızıl cam.

Güvənməsə əgər Bəhram baxtına,

Əlvida eyləsin İran taxtına”.

Sanma şah qərardan imtina etdi,

Şirlərin ustünə yönəldi, getdi.

Bahramın əliylə hər dağ, hər dərə

Məzar kəsilmişdi azğın şirlərə.

Bitirib iyirmi iki yaşını,

Yüz şirin bədəndən üzmüş başını.

Belə qalib çıxan yüz-yüz aslana

İki şir əlində batarmı qana?

Bəhram ətəyini sancdı belinə,

Həmlə etdi dönüb sabah yelinə.

Nərəsi şirlərə vəlvələ saldı,

Onların əlindən tac vurub aldı.

Şirlər gördü şahın məharətini,

Onun şirliyini, cəsarətini.

O bıçaq pəncəli, qızğın aslanlar,

Dişləri qılıncdan, qoç pəhləvanlar



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info