Qonaq Kitabı
YEDDİ GÖZƏL

Ayla günəş qədər fərqi var dərin.

Simi “yey”siz əgər qoysan baş-ayaq,

Çevrilər mis olar o gümüş ancaq[88].

Sözləri zər kimi işlədim hər an,

Gümüş qiymətinə olmadı alan.

Özgələr dəmiri satır gümüşə,

Qızıla bürünüb gəzir həmişə.

Vay o zərgərə ki, tapmaz müştəri,

Gümüş qiymətinə getməyir zəri.

Bu cinayət mənə çox eyləyir kar,

Hünərlə yox, bəxtlə qazanılır var.

Sərraf ki, hər şeyə qiymət verəndir,

Yoxdur bir arpası bu gün nədəndir?

Pambıqla kətanı ayırd etməyən,

Asimana çaşıb risman deyən[89]

Doldurur sandığa qızıl, xəz, xara,

Kətan, qumaş vurur hər gün anbara.

Belədir gövhərin, gümüşün işi,

Onları tərk eylə, burax keçmişi.

Gəldikmi dərd çəkək xarabaya biz,

Günəşi hey çəkək aftafaya biz[90]?!

Çoxlarının səsi məzardan gələr,

Bizim də sədamız bir gün yüksələr.

Çoxları mənimtək şikayət etmiş,

Qüssəsi bitmədən yatıb da getmiş.

Nə qədər çökməyib yuxu gözümə,

Əməyi eyləyim sənət özümə.

Yolçu yemək alar, çıxar səfərə,

Tez keçər rast gəlsə qorxunc yerlərə.

Eşşəyim gəlməyir, mənsə gedirəm,

Belə getməyimə şübhə edirəm[91].

Yuvam bu dünyadan düşdükdə kənar[92],

Eylər gedişindən məni xəbərdar.

Xəbərsiz danışan olma bu çağda,

Gözlərini yumub yatma qucaqda.

İnsan gözlərindən çəkil, iraq get,

Sirrə məhrəm olub, dinmə, sükut et!

Hali ol, ey gözüm, birdəfəlik bil,

Öyrənib tutduğun əsla düz deyil.

Qüruru tərk eylə, burax bu fili,

Yolda xəndək atıb zamanın seli.

Fələk çox bu sayaq işlər yaratmış,

Fili sərt torpaqda xəndəklər atmış[93].

Bu fildən duymursan qorxu əsəri?

Keçdiyin yollara boylan, bax, geri!

Gör nə gətirmişdin, indi nəyin var!

Bu qoşa fillər ki, belə çarpışar[94],

Onların içindən yaxşı bil ki, sən

Gəldiyin kimi də geri dönərsən.

Dənizdən və dağdan borc alıb taxan

Fələklə oynaya bilməz heç zaman[95].

Çalış borcunu ver getsən hər yana,

Ta ki, oxşayasan yüksüz heyvana.

Dünyanın yükünü üzərindən at,

İstədiyin yerə sonra çal qanad.

Taxtü-tacdan ayrı düşməzdən əvvəl

Üstündən yerə sal ağır yükü gəl.

Paxıllıq tozuyla elə gün olar

Günahsız qönçələr saralar, solar.

Gül kimi silahı tökdüm torpağa,

Həsəd dükanından qaçdım uzağa.

Əynimə geydiyim dərviş paltarı

Paxıllıq odundan qorusun barı.

Bu dəhşət yurdunda dolduqca yaşa,

Ömür ancaq belə vurular başa.

Bu köhnə saraydan edərkən rihlət,

Fələkə söylə ki, nə bilirsən et!

Yetər, ey Nizami, düşdün zindana,

Qalx, uca səsinlə səslən hər yana.

Tapşır öz canını pərvərdigara,

Əbədi səadət tap, yetiş vara.

 

 

 

OĞLUM MƏHƏMMƏDƏ NƏSİHƏT

 

Kim ki, ibrət dərsi alıb dünyadan

Sözün lövhəsini öyrənən zaman

Eləmiş sənəti elmə xəznədar,

Dünyanın müşkülü belə açılar.

Hər alim evini süpürdu, atdı,

Yuxusu gələndə yıxıldı yatdı.

Ey oğul, sənədir sözüm, yaxşı bax,

Çünki mən yatıram, sənsə qal oyaq.

Adın xoş gülüdür əbədiyyətin,

Məhəmməd isminin möhrüsən mətin.

Şöhrətin Məhəmməd, taleyin xoşdur,

Mahmud təbilitək gurla gurhagur[96].

Adına yaxşılıq sikkəsini çal,

Böyük şöhrət qazan, göylərə ucal!

Nə qədər ki, varam mən bu dustaqda,

Yüksəl ki, yüksəlsin başın bu çağda.

Yaxşı ad qazanmış gözəl dost ara,

Ondan yetişərsən ağ günə, vara.

Xoş ətirli bir dost yaxşıdır, inan,

Hərzə-hərzə durub danışanlardan.

Bir dostun da olsa eyibli əgər,

Yüzünün adına ləkə yetirər.

Ehtiyatsız bir quş düşərsə tora,

Başqa yüz quşu da sürüklər ora.

Məkkənin yolunda uddu biri zər,

Oğrular yüz qarın yırtdı sərasər.

Yatma, qoca kimi bu yolda, aman,

Zalımdan özünü qoru hər zaman.

Tərsinə çevrilmiş bu eyvana sən

Qadıntək aldanma, əgər kişisən.

Baxma ki, oynaqlar atın, ayıq ol,

Çətindir nə qədər, bax, getdiyin yol.

Bu yolda oxşasan bir ağ şahinə,

Yollara gün kimi nəzər sal yenə,

Elə bir yola ki, ovlaq yoludur,

Göylər kamanlıdır, göylər oxludur.

Dəmirin çox da ki, incədir, başdır,

Getdiyin yol ki var, maqnitli daşdır.

Gücü çatan qədər yüklə heyvanı,

Qayalıqda tələf olmasın canı.

İki rəng cahanın zülmünü unut,

Könlünü daraltma, daim geniş tut.

Bir çox düyün var ki, açardır, açar,

Bir çox çətinlik var, asanlıq saçar.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info