Qonaq Kitabı
YEDDİ GÖZƏL

O qızılbarmaqlı usta nəhayət

Tikdi daşla gəcdən gümüş imarət...

Toxundu göylərə uca qübbəsi,

Ağın, həm qaranın oldu qibləsi[108].

Qızıl bəzəkləri atəş saçardı,

Simnar naxışlıydı, könül açardı.

Sanki bardaş quran bir fələkdi tək,

Uçurdu başında düz doqquz fələk.

Gözəllik qütbüydü cənub-şimalın,

Təngülüşasıydı yüz min xəyalın[109].

Yorğun yuxu tapdı baxışlarından,

Susuz sirab oldu naxışlarından.

Düşsəydi üstünə günəşin nuru,

Yumardı gözünü cənnətdə huru[110].

Bayırı bəzəkli bir göy aləmi,

İçərisi rahat bir behişt kimi.

Südlə, sirişümlə[111] edilmiş suvaq,

Baxanı əks edir güzgülər sayaq.

Bəzənib-düzənən gəlinə bənzər,

Üç rəngə boyanar hər axşam, səhər.

Üç rəng ona gözəl bəzək verərdi:

Göy, sarı, bir də ağ rəngə girərdi.

Səhər asimandan göy rəng alardı,

Çiyninə mavi bir örtü salardı.

Günəş baş verəndə üfüqdən yenə,

Saray da dönərdi günəş rənginə.

Bulud baş vuranda günə əlbəəl

Olardı buludtək ağ, lətif, gözəl.

Havayla yekrənglik həvəsi vardı,

O gah qaralardı, gah ağarardı.

Simnar nə zaman ki, ruh verib daşa,

Gözəl imarəti yetirdi başa,

Calalı, şöhrəti aşdı göyləri,

Gün ondan nur içdi o gündən bəri.

Simnar xələt aldı, deyim əslini,

Gözlədiyi haqqın iki mislini.

Çuvalı mirvari, müşk ilə dolu,

Tutdu qızıl yüklü dəvələr yolu.

Saysız zər verildi o sənətkara,

Lazım olsa yenə o gəlsin kara.

Oddan əsirgəsən kömürü əgər,

Sanma ki, çəkdiyin kabablar bişər.

Səxi əl versə də qızıla ziyan

Bəxşiş dərgahına olur pasiban.

Bu mehribanlığı görüncə Simnar

Duyub səxavəti, dedi: “Xəbərdar

Olsaydım verilən bu nemətlərdən,

Bilsəydim əvvəlcə, inanın ki, mən

Bu yolda bəsləyib özgə bir əməl,

Bir bina tikərdim gözəldən gözəl.

Bəlkə daha artıq zəhmət çəkərdim,

Bundan xeyli gözəl saray tikərdim.

Şah artıq verərdi mənə neməti,

Dünyanı tutardı qəsrin şöhrəti”.

Neman dedi: “Çoxlu pul versəm, de, sən

Daha yaxşısını tikə bilərsən?”

Simnar dedi: “Bəli, istəsən əgər,

Bir saray tikərəm, bu heçə dönər.

Bu üç rəngsə əgər, o yüz rəng olar,

Hər daşı yaqutla həmahəng olar.

Görürsən, var bunun bircə günbədi,

Onun göytək olar qübbəsi yeddi”.

Bu söz alışdırdı, yaxdı Nemanı,

Yandı mehribanlıq, mərdlik xırmanı.

Yanar bir atəşdir hər hakim, hər şah,

Ondan uzaq olan çəkməz aman, ah.

Şahın odu güldür, gövhərlər saçan,

Qarşıda gül olur, qucaqda tikan.

Şah dediyin ki var, tənəkdir, tənək,

Kim uzaqsa ona ilişməyəcək.

Yüz dostluqla kimə sarılsa, inan,

Kökləri, meyvəsi görər yüz ziyan.

Neman dedi: “Onu buraxsam, əlbət,

Tikər özgəsinə gözəl imarət”.

Dərhal əmr eylədi yaxın kəslərə:

“Simnarı tullayın qaladan yerə!”

Yazıq sənətkarı qan içən torpaq

Gör necə endirdi yerə, bircə bax!

Bir saray qaldırdı uzun zamanda,

Yıxıldı torpağa ondan bir anda.

Bir tonqal qaladı, oduna düşdü,

Dama gec çıxdısa, çox tez sürüşdü.

Xəbərsizdi özü yıxılmasından,

Yüz gəz ucalıqda qaldırdı eyvan.

Bilsəydi belədir ömrünün sonu

Üç qarış elərdi tikərkən onu.

Taxtın payəsini o qədər yüksəlt

Yıxıldığın zaman çəkmə əziyyət.

Bu yüksək binadan Nemanın adı

Göydəki ay kimi qalxıb parladı.

Cadugər çağırdı adını torpaq,

Xəvərnəq Allahı saydı onu xalq.

 

 

 

XƏVƏRNƏQİN TƏRİFİ VƏ

NEMANIN GÖZDƏN İTMƏSİ

 

Bəhramın hünəri saçınca şəfəq

Döndü bir bəzəkli bağa Xəvərnəq.

Göy dedi: “Qiblədir bu xoş imarət”.

“Yox, Cin biharıdır” – dedi təbiət[112].

Yüz minlərlə adam yaxın və uzaq

Gəldi seyr etməyə eyləyib soraq.

Görənlər hüsnünə söylədi əhsən,

Sildi kandarını ətəklə həmən,

Şairlər Xəvərnəq, Sədeyr hüsnünə

Qəzəllər yazdılar hey dönə-dönə.

Yəmənə Süheyli saçarkən atəş

Heyran qaldı buna həm Ay, həm Günəş.

Dürr, gövhər, saçmaqda Ədənə döndü,

Süheyl ilə dolu Yəmənə döndü.

Xəvərnəqlə Yəmən şöhrətli oldu,

İrəm bağçasıtək əziz tutuldu;

“Bəhram ömür sürür məndə” deyərək,

Bəzədi dünyanı Həməl bürcütək.

Sevinclə qaldırdı Zöhrə qızıl cam

Xəvərnəq üstündə gəzəndə Bəhram.

O gördü bu zaman bir gözəl saray,

İçində günəş var, bayırında ay.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info