Qonaq Kitabı
YEDDİ GÖZƏL

O, dərvişdirsə də, tacidar olsun[11].

 

 

 

PEYĞƏMBƏRİN MƏDHİ

 

İlk pərgar xəttinin mərkəz nöqtəsi,

Varlığın axırı, ən son töhfəsi[12],

Yeddi çarx bağının gözəl nobarı,

Ağıl tacında dürr, sözdə mirvarı.

Əhmədi-Mürsəldən başqası məgər

Varmıdır, Tanrıya ola peyğəmbər[13].

Nəbilərdən üstün qılıncı, tacı,

Şəriət qılıncı, tac da meracı.

Varlıq bu ümmidən mayə almışdır,

Yerə nur, göylərə kölgə salmışdır[14].

Şərin beş təblini hər an vurandır,

Bütün Yer üzündə şahlıq qurandır[15].

O – məqsəd, biz ondan umarıq dilək,

Onun nəbiliyi sevilmiş demək.

Adəm palçığının gövhəri odur,

Başqalar xıltıdır, cövhəri odur.

Vurarkən sonuncu dövrünü fələk,

Onu son peyğəmbər elan edəcək.

Əmri də, nəhyi də düzgündür, inan,

Əmri bəyənilmiş, nəhyi qadağan[16].

Zəhməti əziyyət saymayan adam,

Yoxsul olmasıyla fəxr etsin müdam,

Belə bir xəznəylə, yaxşı düşün, bil,

Yoxsul adlanarsa, əfsanə deyil.

Kölgənin üzünü ağardan insan

Günəşdir, kölgədən nə bəhs açırsan?[17]

Onu vəkil etdi göylər Allahı,

Şahmatda mat qoydu hər bir padşahı.

Baş qaldıranlara verməzdi aman,

Düşgünlərə kömək edərdi haman.

Yaxşı insanlara rəğbəti vardı,

Yaman adamlara nifrət saçardı.

Qılıncı axıdar qəhr ilə al qan,

Bir yandan da qoyar yaraya dərman.

Xəstə könüllərə o məlhəm yaxar,

Daşürəkliləri zəncirə taxar.

Ona qarşı çıxıb at yəhərləyən,

Beldə kin kəməri, hazıram deyən,

Keçər bir neçə il, ona baş əyər,

Şanlı qüdrətinə afərin deyər.

Adına yaradıb bir böyük cahan.

Seçilmiş etdisə onu yaradan,

Gözlərini tutan ‘‘möhrü-mazağ’’dır,

Bağlanıb durduğu sanma bu bağdır[18].

Yeddi min il sonra gəldi cahana[19],

Dünya tabe olar sonadək ona.

Tünd-abı geyinmiş uca asiman

Onun xidmətində durmuş hər zaman.

Şərin əsli ilə fəri ki vardır,

Dörd xəlifə ona möhkəm divardır[20].

Odur işıq verən bu təbiətə,

Afərin, afərin belə xilqətə.

Yerlərdə, göylərdə hər nə cisim var

Ondan hər nəfəsdə bir kömək alar[21].

Hər şeyin həyatı təkcə ondandır,

Biz təxtik hamımız, o Süleymandır.

Nəfəsi havaya saçdıqca ənbər,

Qurumuş ağaclar oldu tazə-tər,

Həmən qaldıraraq baş, xurma verdi,

Tikan ağac oldu, yaş xurma verdi.

Xurma yetirsə də quru tikandan,

Bu xurma düşmənə tikandır, inan!

Ayın almasını iki parçaya

Bölüb, yetirdisə o, xətər aya[22].

Nurla doldu gözü sitarələrin,

Tanrı bu hünərə dedi: – Afərin!

O ki hər bir işi ölçübbiçəndir,

Məhəmməd seçilən, Allah seçəndir[23].

Yerdən göyə qədər duam var olsun,

Seçib-seçilənə salamlar olsun.

 

 

 

PEYĞƏMBƏRİN MERACI

 

Onun sığışmadı cahana tacı,

Taxtını ərş üstə qurdu meracı.

Cəbrayıl gətirdi Büraq: – Qalx, – deyə,

Bu alçaq torpaqdan o yüksək göyə.

Dedi: “Min küləyə, yer oğlu, atlan,

Göylər adamına çevril, qanadlan,

Keşik çəkmək üçün bütün gecəni

Seçdilər bu gecə yataqdar səni[24].

İldırım yerişli Büraq sənindir,

Otur ki, bu gecə yataq sənindir.

Mən sənə gətirdim yataq qisməti,

Min ki, yel kimidir atın sürəti.

Taxtını göyə çək, özünsən hilal,

Şahsan, ulduzlara tələsib yol al.

Altı cəhəti üz yeddi kökündən,

O doqquz fələyi çarmıxa çək sən[25].

Səmakdan atını çaparaq, ucal,

Bakir mələkləri tut, kəməndə sal.

Göyün ulduzları izləyir səni,

Yaşıl geyimlilər gözləyir səni[26].

Göylərin o misri nazəninləri,

Yusifin aşiqi o dilbər pəri,

Züleyxa kimi, bax, vurulmuş sənə,

Olmuş eşqə dustaq, vurulmuş sənə.

Səni görmək üçün, gəl, göyə yüksəl,

Doğrasınlar turunc, doğrasınlar əl[27].

Ayağın altına al asimanı,

Bəzənsin nurunla göyün eyvanı.

Parla qönçə verən yaşıl bağ kimi,

İşıq sal göylərə çilçıraq kimi.

Dua zamanıdır, sənindir gecə,

İstəyin olacaq öz diləyincə.

Mələklər yurdunun fərşini bəzə,

Göylərin fövqündə çadır qur təzə.

Nur saç ki, parlasın ərşin gözləri,

Parçala zülməti, aydınlat yeri.

Tac sənə layiqdir, alginən tacı,

Başçısan, göylərə eylə meracı.

Ucalt öz başını, bu himmətinlə!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info