Qonaq Kitabı
YEDDİ GÖZƏL

O gün ki, Bəhramın sübhü açıldı,

Qaranlıq gecəyə işıq saçıldı[103].

Kimya kürəsini göyün yandıran,

Günəşdən, qəmərdən daim dəm vuran

Münəccimlər düşdü dərin heyrətə

Baxdıqca göyləri ölçən alətə,

Qəlp gümüş yerinə qızıl gördülər,

Dənizdən dürr çıxdı, daşdan da gövhər[104].

Yəqin etdilər ki, təzə doğulan

Olacaq hünərli, şöhrətli insan.

Taleyi Hut idi, Müştəri Hutda[105],

Zöhrə bir ləl idi sanki yaqutda.

Ay Surda, Cövzada Tir tutmuş qərar,

Mərrix də Əsəddə oldu aşikar.

Möhkəm iradəylə Dəlv dən Zühəl

Düşmənə həd verib qovdu əlbəəl.

Gəlib Zühəlinə Zənəb yanaşdı,

Günəş Həməlinə yaxın dolaşdı.

Bir Müştəri kimi hər parlaq ülkər

O xoşbəxtdir deyib verdi xoş xəbər.

Bəhramın taleyi belə düzəldi,

Xoş bir iqbal ilə dünyaya gəldi.

Görüb taleyini, öz iqbalını

Atası tərk etdi xam xəyalını.

Bildi bişirdiyi çiydir ya boyat,

Zulmün toxumundan göyərməz nabat.

İyirmi ildi ki, onun övladı

Olantək ölərmiş, qalarmış adı.

Münəccimlər baxıb gecə göylərə,

Gəldilər qərara belə bir kərə.

Dedilər: – Şahzadə gərək İrana

Vida edib getsin Ərəbistana.

Səadət bəxş edər ömrünə bəlkə

Ərəb məmləkəti, o qədim ölkə.

Hər kəsə bir diyar şərafət verər,

Bəlkə o yurd ona mal, dövlət verər.

Hərçənd el içində belə məsəl var:

“Ölkə şah əlindən var-dövlət tapar”.

Ata öz övladı yaşasın deyə,

Razı oldu getsin başqa ölkəyə.

O zaman ki, Süheyl ulduzu durdu,

Yəmən ölkəsində taxtını qurdu,

Şah xəbər yolladı dərhal Nemana,

Laləni tapşırdı bağa, bostana.

Neman güllər səpsin, daim keyfi çağ,

Laləyi-Nemani olsun o yarpaq[106].

Xosrov qaydasını ona öyrətsin,

Şahlıq ədəbini qoy təlim etsin.

Neman şahzadəni apardı, getdi,

Aya öz qoynunu kəcavə etdi.

Dənizlərdən məşhur çeşməni, bilsən,

Saxladı çox əziz iki gözündən.

Dolandı dörd bahar, ötdü dörd xəzan,

Bəhram dönüb oldu bir gur, bir aslan.

Dedi ürəyini Neman bir kərə,

Sevib xoşladığı oğlu Mənzərə:

– Bəhramın yolunda ürəyim dustaq,

Bu torpaq istidir, bu hava quraq,

Nazikdir, incədir bizim şahzadə,

Bir elə yer gərək ona dünyada,

Ucalsın göylərə başı, qəlbi şad,

Açsın asimanda ta ki qol-qanad,

Şimal nəsimindən pərvəriş alsın,

Bir lətif havada yerləşib qalsın.

Rahatlıq içində yaşasın hər an,

Nə quru torpaqdan, nə də buxardan

Qoy fitrət gövhəri zərər görməsin,

Daim təmiz qalsın, xətər görməsin.

 

 

 

SİMNARIN TƏRİFİ VƏ

XƏVƏRNƏQ QƏSRİNİN TİKİLMƏSİ

 

Dolanıb ətrafı hey qarış-qarış,

Mənzərlə atası etdi axtarış,

Axırda səfalı bir yer tapdılar,

İstilikdən uzaq, kədərdən kənar.

Elə bir yerdi ki, bütün ölkədə

Yoxdu bərabəri onun bəlkə də.

Sarayı tikməyə gəzib vardılar,

Mahir bir ustanı çox axtardılar.

Hər gələn duruxdu, döndü bir daşa,

Vurula bilmədi imarət başa.

Nəhayət yetişdi xəbər Nemana:

“Dolanma dərbədər, düşüb dörd yana,

Sənin axtardığın qadir sənətkar

Olsa, ola bilər Sam oğlu Simnar,

Zirəkdir, od kimi iti əllidir,

Dünyaya hünəri, işi bəllidir.

Çox binalar tikib Misirdə, Şamda,

Yaşayır hər biri bir ehtişamda.

Olmuş sənətinin qulu rumlular,

Çinli tişəsinin tozunu yığar.

O bənna olsa da, məşhurdur adı,

Odur min nəqqaşın böyük ustadı.

Onuntək qiyaslı sənətkarmı var?

Ucalıqlar ölçər, rəsəd qaldırar.

Fələkə üstürlab ənkəbutunun

Telindən tor hörmüş nəzəri onun[107].

Rumlu Bəlinastək hünərlər saçar,

Rəsədxana tikər, tilsimlər açar.

Vaqifdir göylərin hər bir sirrinə,

Ayın şəbxununa, günün şərrinə.

Bu işin tək odur mahir bənnası,

O, yalnız toxuyar belə libası.

Palçıqdan tikdiyi bəzəkli tağı

Ulduzun gözündən qapar çırağı”.

Onun tərifini eşitdi Neman,

Simnarın oduna qızışdı haman.

Tez adam yolladı o Ruma sarı,

Qızılla aldatdı usta Simnarı.

O gün ki Nemanın yanına gəldi

Simnar nə istədi, dərhal düzəldi.

Çoxaldı arzusu işə Simnarın,

Hümmət Nemanınkı, peşə Simnarın.

Qəsrə lazım olan hər şeyi Neman

Dərhal layiqincə eylədi sahman.

Dəmirölçən oldu Simnarın əli,

Binada işlədi tamam beş ili.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info