Qonaq Kitabı
YEDDİ GÖZƏL

Qorxulu yuxular var ki, hər biri

Şadlığa çatdırar, yozsan təbiri.

Ciyər yırtansa da qəmin peykanı,

Bununçun yaranmış səbrin qalxanı.

Bağla öz əhdini pərvərdigara,

Başqa duyğulardan çəkil kənara.

Tanrının əmrinə sən əməl eylə,

Bil, üstün gələrsən hər bir müşkülə.

Nə qır yaxşı dürrü, nə boş yerə saç,

Bədgövhər olanla yaxınlaşma, qaç.

Sanma bədgövhərin vardır vəfası,

Xata işləməkdə olmaz xatası.

Zatı pis uzatsa yaxşılıq əli,

“İtirməz əslini kimsə” məsəli.

Yadından çıxmasın; görsən bədgövhər

Əqrəbi öldür ki, yetirər zərər.

Hünər ardınca qoş, xalqa hünər saç,

Qapılar bağlama, ər ol, qapı aç,

Hər kim öyrənməyi bilməyirsə ar,

Sudan dürr, daşdan da gövhər çıxardar.

Ancaq, öyrənməyi ar bilən insan

Məhrumdur dünyada bilik almaqdan.

Çox iti zehinlər yatan oldular,

Axırda saxsı qab satan oldular.

Təlimə həvəskar çox korazehin

İqlimlər qazısı olmadı? Deyin.

Tazının ağzına düşən hər şikar,

Təlim gördüyüçün halal sayılar[97].

Təlimdar düzəldən itləri saptək,

Olmazmı cəhd etsə bir insan mələk?

Tanı Xızır kimi özünü gəl sən,

Dirilik suyundan bəlkə içəsən.

Düşünmə ki, bu su abi-heyvandır[98],

Can ilə ağıldır, ağılla candır.

Onları bəxş edib bizə yaradan,

Əbədi yaşarlar ağıl ilə can.

İkinin hasili bir olur ancaq,

Səndəki o iki Birə varacaq[99].

Bu ikiylə birə çatmadan, demə,

Adam olduğunu açıb heç kimə.

Birə çat, ikidən əl üz, sonra dur,

Bu iki aləmi təpikləyib vur.

Üçə dəlil yoxdur, onu sevmə heç,

Müşrük olma, uzaş, ikidən də keç.

Bir sapın ucundan tut kişilərtək,

İkini at, üçü bir etmək gərək,

Üçdən əl çəkməsən, atmasan onu[100],

Qaldırmazsan göyə vəhdət topunu.

İkidən qurtulsan, əfsanə gəzmə,

Biri tapsan, artıq bəhanə gəzmə.

Yetsən bu payəyə, həll olar müşkül,

Özgə şey nə ki var, yalnız həvəs bil.

Varkən sağlıq əldə, cavanlıq əldə

Sənindir hər murad, hər xoş əməl də.

O sərv qamətin sınsa nagəhan,

Bir nəticə çıxmaz mumyaçılıqdan.

Dünyada keçməsin boş cavan çağın,

Yol get ki, güclüdür indi ayağın.

Ney kimi bel bağla din yolunda gəl,

Uca sərvə dönüb göylərə yüksəl.

Bax, mənim söyüdüm, quru budaqdır,

Laləm sapsarıdır, bənövşəm ağdır,

Qocaldım, papağa əlim varmayır.

Kəmər barlamağa belim varmayır.

Mən ki iş görərdim kişilər sayaq,

İndi bax, duşmüşəm, hər işdən qaçaq.

Ruzgar məni tutub, eylədi əsir,

Zamanın adəti daim belədir.

Sındırdım düşmədən pərü balımı,

İndi ki, duşmüşəm, sorma halımı.

Üzdən çox gözəldi bizim Əhmədək,

Üstəlik də vurub çıxartdı çiçək.

Təbim kölgələrdən görsə də xətər,

Salır kölgəsini üstümə hünər[101].

Sanma qocalarda həvəs yoxalır,

Adam yaşadıqca arzu çoxalır.

Sanma ki, tək bizdə bu sikkə vardır,

Hamı bu bəlayə çoxdan duçardır.

Ey xəstə könlümə eyləyən əlac,

Etmə həyatını yetənə möhtac.

Yetər zülmətdəyəm! Aydınlıq hanı?

Şikəst eləmisən, yetir mumyanı,

Qəlbimi doğrayan möhnəti hər an

Mənə asan etmək sənincin asan.

Boynum azad ikən, ey qadir qəni,

Xəsisin yüküylə əzmə gəl məni.

Mənəm öz danəmə qənaət edən,

Sədəftək evimin ağasıyam mən.

Ağalıq layiqdir mənə dünyada,

Baş əyə bilmərəm mən əsla yada...

Yaltaq zəncirini şir qırdı, atdı,

Odur böyüklüyə dünyada çatdı.

Xəsis halvasını yeməkdənsə mən

Yaxşıdır paylasam öz çörəyimdən.

Kəskin qılıncını siyirib səhər,

Nizami, qalx, oyan, yatdığın yetər!

Zəhmətdən incimə, yeni mədən aç!

Bu dünya əhlinə xəzinələr saç!

 

 

 

DASTANIN BAŞLANĞICI

BƏHRAMIN ANADAN OLMASI

 

Sirlər xəznədarı xəznəni açdı,

Saçdı ətrafına gövhər, nə saçdı.

Asılmış tərəzi göyün üzündə,

Gövhər bir gözündə, daş bir gözündə.

İki rəngli olan bu dünya ki var,

Ondan gah daş alar, gah gövhər alar.

Şahların nəsli də belədir, belə,

Uşaq daş, ya gövhər gələr əmələ.

Elə vaxt olar ki, gövhər daş doğar,

Kəhrəba rənglidən yaqut qaş doğar.

Gövhərlə daşdakı nisbətə misal

Olmuş Yəzdigirdlə Bəhramdakı hal[102].

O vurar, bu oxşar; nə uçün? Sorma!

Daşda yaqut olar, tikanda xurma.

O şikəst etsəydi kimi nə zaman,

Bundan yetişərdi xəstəyə dərman.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info