Qonaq Kitabı
YEDDİ GÖZƏL

KİTABI YAZMAĞIMIN SƏBƏBİ

 

Şahlıq dərgahından gizli işarə

Dəyincə gözumə, mən birdən-birə

Döndüm qanadları gərilmiş quşa,

Mülki-Süleymana uçum birbaşa.

İşarə deyirdi: “Qələmə əl at,

Bayram gecəsindən bir hilal yarat.

Qoy salsın əsərin gen dünyaya səs,

Bu qara pərdədən baxarsa hər kəs,

Görünməsin incə hilalın sənin,

Bir əsər versin ki, xəyalın sənin,

Kəlam cadugəri sənə vurulsun,

Sehrinin əsiri, dustağın olsun.

Bu məqsədlə oda sən istiot sal,

Atəşdə partlayıb salsın qalmaqal.

İsit donmuş mumu, yupyumşaq elə,

Könüllər sayəndə yumşalsın belə.

Dar yoldan taxtını çıxar qırağa,

Ayaq döymə minib axsaq ulağa.

Asqırt nafə açan qələmi, şair,

Səhər yeli alsın ondan xoş ətir.

Müşk ilə oynasın, – əmr et küləyə,

Xoş ənbər çiləsin yaşıl ipəyə.

İnan, vaxtındadır çəkdiyin əmək,

Bu vərəq saymaqla belə söz demək,

Şah xəzinəsidir, bir belə zəhmət

Salacaq yolunu xəznəyə əlbət.

Bir gün bar götürər ağaç əkənlər,

Xəzinə aparar əmək çəkənlər.

Tənək ağlamasa vaxtında zar-zar

Yetirməz axırda sevinclərlə bar.

Varmıdır sümüksüz ilik ya beyin,

Arısız şan balı olarmı, deyin?

Susuz bulud olmaq bəsdir, çarə tap,

Təndir qızışıbdır, közdür, çörək yap!

Durma, çək pərdəni, durma, hünər saç,

Pərdəli qızların üzlərini aç”.

Qasid belə tələb eylədi, durdu,

Bu dəm qəm yerində şadlıq oturdu.

O zaman aradım, tarixə keçdim,

İncə ürək açan dastanlar seçdim.

Şahların çox uzun tarixi vardı,

Birindən bir əsər yazmaq olardı.

Bir dərin fikirli varmış ki, o tək

Yazmış bu şeyləri nəzmə çəkərək[35].

Yerdə qırıntılar qalmış ləldən,

Onu da çoxları buraxmaz əldən.

Gövhər ustadıtək mən də yaratdım,

Belə xəzinəni ortaya atdım.

Əsil şey axtaran aqil insanlar

Əziz tutar bunu, qədrini anlar.

Bakir söz demişəm, çox əlləşmişəm,

Yarı deşilmiş bir gövhər deşmişəm.

Doğru saydığımı yerinə qoydum,

Hər şeyin qədrini haqqıyla duydum.

Dedim ki, bir əsər yaradım gərək,

İncə naxışlara kəsilsin bəzək.

Dünyada nə qədər kitab var belə,

Çalışıb, əlləşib gətirdim ələ,

Ərəbcə, dəricə, yeri düşərkən,

Buxari, Təbəri əsərlərindən[36].

Oxudum, oxudum, sonra da vardım,

Hər gizli xəznədən bir dürr çıxardım.

Əlimə yetişən hər bir varaqdan

Nüsxələr bağladım mən zaman-zaman.

Onda ki fikrimi saldım səhmana,

Dedim ki, qoy onu düzüm dastana.

Oxuyan bəyənib afərin desin,

Ariflər, alimlər mənə gülməsin.

Deməsin yaşadım quru səs kimi;

Mən onun deyrini “Zənd-Avəst” kimi

Bəzədim yeddicə dilbər gəlinlə[37],

Göyün hər gəlini bir dəfə belə

Mənim gəlinimə baxarsa əgər,

Olar hər gözələ aşiq bir ülkər.

Nə zaman yeddi xətt uyar, yar olar,

Səadət nöqtəsi aşikar olar.

On naxış vursa da, bir nəqqaş əgər,

Əsas bir cizgidən sanma əl çəkər.

Bir cizgi naxışdan çıxarsa kənar,

Başqa cizgilər də bütün pozular.

Kimsə bu xətt üzrə doğru getməmiş,

Ancaq ki, doğruluq hələ itməmiş.

Mən ki incə xətlər ölçən rəssamam,

Kənara çıxmaram, sanmayın xamam.

Bircə qat telə çox gövhər düzmüşəm,

Qorxuram qırılsın, xətər sezmişəm.

Gərək min su üzüb, varıb keçəsən,

Axırda bir şirin sudan içəsən.

Qabil yerdə sudan insan da bitər,

Belə yer olmasa su qalmaz, itər.

Sudan sədəf kimi inci yaratdım,

Çörək, su tapmadım, yenə ac yatdım.

Hər sözum dadırkən bal ilə şərbət

Neçin dinləməsin məni səxavət.

Sözdən, səxavətdən gərək vaz keçəm,

İş ki, taledədir, mən isə heçəm.

Sultan Mahmud ilə şair Firdovsi

Andırır nisbətdə Əqrəblə Qövsi[38].

Əsədi, Əbu-Düləf bəxtiyar oldu,

Çünki taleləri güldü, yar oldu[39].

Nələr danışıram, bax, ey könül, mən,

Suyum buluddandır, dürrüm Ədəndən.

Görərsə buluddan sədəf səxavət,

Bulud da sədəfdən görər məhəbbət.

Bulud nə səpərsə göylərdən yerə,

Sədəf də onları çevirər dürrə.

Bu Cəbrayıl təbim cin qələmimlə

Çəkər səhifəyə cizgilər belə[40].

Onun cin öyrədən füsunu vardır,

Dəyiş paltarını, fəsli-bahardır.

Bu yolda cəhd elə, bu yolda səy et,

Divlərin əlindan, gəl, onu gizlət.

Süleymandan özgə olmasın görən,

Məni onda ara zaman-zaman sən.

Beynidir şairin hər şah əsəri,

Mən kiməm, ortada qalmış bir dəri.

Balsız, arısız bir mumam tərtəmiz,

Üzüyün qaşından uzaqdayıq biz.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info