Qonaq Kitabı
YEDDİ GÖZƏL

Geyərdi dağ, dərə, qanlı düzəngah[46].

İti qılıncını endirən zaman

Üz qoyar qaçmağa zərbədən qaban.

Güc gəlsə ovlaqda əgər kamana

Gönünü gor edər gura, ceyrana[47].

Girəndə meydana igid savaşda,

Əqiq rəngi alır torpaq da, daş da[48].

Zəhərli qılıncı yaxar hər yeri,

Tüstülər bürüyər, tutar göyləri.

Qılıncla can alar, axıdar qanı,

Cam ilə can verər işrət zamanı.

Nursuz gözlərinə bu qara torpaq

Onun dostluğundan nur aldı ancaq.

Xülqünün nafəsi nəqqaş əlitək,

Müşk ilə, ləl ilə dolu cib, ətək[49].

Ləlindən məmləkət bəxtəvər oldu,

Müşkündən el bütün müəttər oldu.

Belə tacidarın əzəmət donu

Yerdən çox ucadır, göydədir sonu.

Kamanı önündə, yaxşı sal nəzər,

Doqquz qəbzəli göy bir oxa bənzər.

Qüdrətli əliylə dörd gövhəri şah

Əzəmət taxtına etmiş qərargah[50].

Düşməni kökündən kəsik ağacdır,

Çarmıxdan asılır kim ona qacdır.

Calalının günü bizə nur saçır,

Üzümüz – qızıl ay, düşmən qaradır,

Qızıl nallı günəş qalxar, baş verər,

Mədənə ləl verər, dağa daş verər.

Xəznəsi gövhərlə, daşla doludur,

Gövhərin mədəni onun quludur.

Damcısı can verdi dağa, dənizə,

Dağlar yaqut saçar, dəniz dürr bizə.

Hər iki aləmdə o pasibandır,

Hökmünə Tanrının xalqın həyandır.

Feyzi qəbul edər öz Tanrısından,

Sonra bəndələrə yetirər haman.

O verdi cahana bəxti, işrəti,

Görüm bəxtiyarlıq olsun neməti.

Səadət ömründən heç əskilməsin,

Şahlığı dünyada zaval bilməsin.

Görüm övladının nəsilbənəsil

Səadət ulduzu gülsün müttəsil.

İki gözəl sübhün nuruyla par-par

Gün kimi parlasın ulu tacidar.

Uca taxt sahibi o şahzadalar

Biri cahangirdir, biri cahandar.

Biri Firiduntək bilikdə dərin,

Biri Keyxosrovtək at çapar yeyin.

Taxtından adına ellər agahdır,

Nüsrətəddin Məlik Məhəmməd şahdır.

Rasidlər deyir ki, qeyd etmiş fələk,

Fələkəddin Əhməd adlansın gərək[51].

Birinin açarı nüsrətdən çatdı,

Birini zəfərdən fələk yaratdı.

Birinə tərbiyə nüsrət veribdir,

Fələk o birinə qüdrət veribdir.

Biri xoşbəxt oldu nüsrətdən gerçək,

Birinə dörd payə taxt oldu fələk[52].

Mina çarx altında şahın gözləri

O iki işıqla parlatsın yeri.

O qoşa qütb ilə yetsin calala,

Saçsın hey intizam cənub, şimala.

Şikarıdır dövlət, qoy yağlı olsun,

Gündüzü, gecəsi maraqlı olsun.

Məhəmməd nəslindən dilbər hərəmi

Olsun həyatının gözəl həmdəmi.

Gülsün qoy Süleyman mülkündə bəxti,

Nurlansın Bilqeysin uğurlu təxti[53].

Şahdır səxavətin yeddi qardaşı,

Qadını varlıqda analar başı[54].

Bu Xızrın payidar olsun şöhrəti,

Onun abi-həyat tapsın xisləti[55].

Şahın kölgəsi ki, çeşmədir parlaq,

Bu güldən, bu bağdan olmasın uzaq[56].

Odur Yer üzünə əzəldən pənah,

Bu dünya durduqca yaşasın o şah.

 

 

 

TƏZİM XİTABI

 

Dünyanı yaşadan, ey sahibi-təxt,

Sənə bel bağlamış xidmət üçün bəxt,

Gecə keşikçindir, hindlitək sayıq,

Aydan zəng belində, durmuşdur oyaq[57].

Sübh asıb həmail yürüməz əbəs,

Sənin rikabında alar xoş nəfəs[58].

Gecə sənin qulun, Deyləm çətirli

Qapında yetişdi, oldu ətirli.

Ağ rumlu sərdarı: – Kənar ol, – deyə,

Qovsan dərgahından dönər zənciyə[59].

Geniş süfrəsinə göyün yaxşı bax,

İkicə çörəkdir var-yoxu ancaq[60].

Hər kim səndən əgər yetsə maaşa,

Çatar bir tikəsi yeddi qardaşa.

“Səninlə xətm olur dünyanın şahı”

Deyə vurulmuşdur möhri-ilahi[61].

Göy ki günəş kimi əsəri vardır,

Kəmərin olmağa yəqin ki, dardır.

Qızıl taxt qurub ay eylər tamaşa,

Taxtınla istəyər verə baş-başa.

Yağış suyu pakdır, ey şahi-cahan,

Torpağa layiqdir qarşında hər an.

Saxsı rəng eylədi ləli şəmşirin,

Dağı yüngül daşa döndərdi mehrin.

Nə qədər şah gəlmiş ölkəyə, elə,

Bir səxa buludu keçirmiş ələ.

Sənin buludunla yaranır bahar,

Payız bulududur özgə buludlar.

Şahlar süfrə açmaz, içməsələr qan,

Çörəyi verərlər can alan zaman.

Kimin üstə salsan kölgəni, ey şah,

Tez oxşarsan, gec də eyləsən agah,

Kimdir hunər əhli, nədədir hünər,

Yalnız hünərnamə oxuyan bilər.

Ayıbla hünəri ayırmayanlar

Hünərlinin necə qədrini anlar.

Vücudun ölkəyə şərəfdir, şandır,

Alqışlayan səni külli-cahandır.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info