Qonaq Kitabı
YEDDİ GÖZƏL

 

 

 

SÖZÜN TƏRİFİ VƏ HİKMƏT HAQQINDA

 

Sözdür həm təzə şey, həm də köhnə şey,

Sözdən bəhs edilir zaman-zaman hey.

Varlığın anası doğmamış, inan,

Sözdən gözəl övlad, şahiddir cahan.

Ruh kimi təmiz söz oldu gövhəri

Hatif xəznəsinin əzəldən bəri.

Söz verər bakirə hekayətləri,

Təzə namələri, rəvayətləri.

Tanrı yaratmışsa hər nə, yaxşı bax,

Sözdən başqa bir şey yaşamayacaq.

İnsanın qalacaq sözü yadigar,

Yeldir yerdə qalan başqa hər nə var.

Sən çalış yaxşıca öyrən dünyanı,

Bəşəri, bitkini, daşı, heyvanı.

Qalacaq əbədi nə şey dünyada

Öyrən günlərini vermədən bada.

Kim ki öz-özünü düşmüşdür başa,

Ona ölüm yoxdur, o ölməz haşa.

Nəqşini bilməyən fanidir, fani,

Baqi say bu nəqşi bilən insanı.

Tanısan özünü, köçsən cahandan,

Yenə bu dünyada yaşayacaqsan.

Özündən hər kim ki, deyil xəbərdar,

Bir qapıdan girər, birindən çıxar.

Qapı tüstüsüzdür, pəncərə tozsuz,

Günəşə bir baxan tapılmaz əfsus.

Heç kəs öz könlünə tutmayır irad,

Odur, varlığını eləməz abad.

Bəhanəyçin baxar hər kəs yanına,

Heç kəs turş söyləməz öz ayranına.

O kəs ki ömrünü həsr etmiş elmə,

Baş əyməz heç zaman cəzri-əsəmmə[66].

Bilikli adamlar uzağı görər,

Cahilin zəhməti hədərdir, hədər.

Bilici tacirlər çıxarkən yola

Qorucu götürər, salar sağ-sola[67].

Nafə yükləyəndə hər çinli əttar

Çəkər yapışqandan ona bir hasar[68].

Şinəbub olarsa düçar qartala

Uçmaqda quşları tez qoyar dala.

Adlı-sanlılara bəla üz verər,

Yetməz xətərsizə əsla bir xətər.

Zirək quş yem üçün atılar-düşər,

Nəhayət ayağı tora ilişər.

Gözü torpaq kimi ac olan gərək

Bilsin yeyər ancaq bir qarın çörək.

Nə qədər yesələr yer anbarından,

Əskilməz bir arpa onun varından.

Arpa-arpa ondan yığan, ey insan,

Yenə də dünyaya qaytaracaqsan.

Şam kimi xoşlarsan gər qızıl tacı,

Gülsən də ağlarsan hey acı-açı[69].

Müfərrihdəki var yaqut ilə dürr[70],

Dolu ağlayışdır, az bir gülüşdür.

Hamının yoldaşı, gizli yarı var,

Dostu var, bir yaxın havadarı var.

İnsana arxadır onun kamalı,

Ağıldır hər kəsin dövləti, malı.

Kim ki yetişmədi ağıldan bara,

Oxşar insansifət əjdahalara.

İnan, zirək adam mələkdir, mələk,

Zirəklik gözəldir, əcəbdir gerçək.

Yazılmış alnına hər şey əzəldən,

Cəhd eyləsən belə, nə gələr əldən?

Hər halda sən çalış, həyat əməkdir,

Cənnət kahıllığı nəyə gərəkdir?

Kim qayğı bəsləsə öz əməyinə,

Özgəyə pis baxsa, o pisdir yenə.

Hər kim beləsiylə aşna, yar olar,

Özgələrə qarşı bədəfkar olar.

Kimin ki, qəlbində vardır hümməti,

Onun da yaxşılıq olur neməti.

Çalış, ayağına tikan batsa da,

Tənə bəhanəsi olmasın yada.

Bu deməsin: ömrün yetibdir başa,

O gülməsin: başın dəyibdir daşa.

Əl tutmasa belə, kömək etməsə,

Gülməsin zavallı halına kimsə.

Yaxşıdır qəminə güləndən, barı

Yadında saxlayan yaxşılıqları.

Acgözün yanında yemə gəl çörək,

Yesən, çağırasan süfrənə gərək.

Müflisin önündə əl atma zərə,

Sarınar xəznənə, dönər əjdərə.

Yaz yeli olsa da ürəyə dayaq,

Sönər, qarşısında yandırma çıraq.

İnsan yem dalınca qaçmasın gərək,

Quşdan ayıq olsun, zirəkdən zirək.

Köpək eləsindən yaxşıdır, düzü,

Ki, hey eşşək kimi otdadır gözü.

Çalış öz xalqının işinə yara,

Geysin əməlindən dünya zərxara.

Xoş ətirlər saçmaq istəyən adam

Gültək xoşxasiyyət olmalı müdam.

O aqil nə deyib bilmirsən məgər:

“Rahat yatan yaxşı yuxular görər”.

Bədxislət doğulub hər kim anadan,

Ölər o xislətdə, gedər binadan,

Kim gəlsə dünyaya xoşxislət, xoşhal,

Tərk edər dünyanı yenə o minval.

Tutma bir çörəkçün möhkəm cahanı,

Öldürmüş sən kimi o çox insanı.

Torpaq vüçuduna vurma min bəzək,

İnsana qum kimi sadəlik gərək.

Kim desə pak duyğu insandan doğar,

İnsan da torpaqdan hər zaman doğar,

De ona: “Gül ki var, yeri tikandır,

Möhrənin məkanı şahmar ilandır”[71],

Çarpış dünya ilə şiri-nər kimi,

Yoxsa udar səni o, əjdər kimi.

İnsan əjdahadan dostluq gözləyər?

O, yalnız adamı parçalar, yeyər.

Köpək girsə belə dərviş cildinə,

Köpəkdir, köpəkdir, köpəkdir yenə.

Bir dost ki, dost ilə hey nifaq eylər,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info