Qonaq Kitabı
YEDDİ GÖZƏL

Səxa ölkəsini gözləyən insan,

Dövlətin, dünyaya oldu pasiban!

Bir rövnəq verdin ki, dinə, dövlətə,

Bağ yetməz neysandan bu təravətə.

Kəyan padşahları xoş tale ilə

Almış on iki rüx, həftxan ələ[62].

Yeddi göy, on iki bürc ilə ancaq,

Sənin həftxanın, rüxün olacaq.

İran bir ürəkdir, bu aləm bədən,

Olmaz xəcalətli belə söz deyən.

Çünki ürəyidir bu yerin İran,

Ürək yaxşı olar bədəndən, inan!

Şahlar diyarından xoşdur o diyar

Ki, orda toplanıb yaxşı adamlar.

Bir sənədir dəxli dediyim sözün,

Ölkələr ürəyi yurdundur; özün

Xızır, İskəndərsən olduqca məşhur,

Elmin, ədalətin verir yurda nur.

Dəmirdən İskəndər ayna tapdısa,

Dirilik suyun Xızır çapdısa[63],

Gövhərdən qayrılma aynadır sinən,

Şüşənə doldurdun həyat suyu sən.

Bir ölkənin ki var sən kimi şahi,

Qorusun o yurdu qadir ilahi.

Ey xoşbəxt, dilində budur hər kimin:

Sənsən sevgilisi yeddi iqlimin.

Beşinci ölkəni sən etdin abad,

Altı yurd işindən oldu xeyli şad[64].

Gördükcə ölkələr mehriban səni,

Yurduna diləyər hökmüran səni.

Dörd şah – əldə edib dörd bahalı şey,

Beşincisən, ömrün uzun olsun hey[65].

İskəndər dövründə Ərəstu vardı,

Qeysər o alimdən bilik alardı.

Nuşirəvan bəzmi bəzədi yeri.

Çünki vəziriydi Büzürgimehri.

Pərvizin Barbədi yüz nəva deyil,

Yüz min rəng çalardı, bunu, yaxşı bil.

Məlik şahın vardı, eşidib hamı,

Dinpərvər vəziri Xacə Nizamı.

Şahım, onlardan da ucadır yerin.

Çünki Nizamidir sənin şairin.

Ey yetirən məni şöhrətə, şana,

Səninlə işlərim düşdü sahmana.

Şahlar səxavətdən deyib durdular,

Saxta mədənlərdən hey dəm vurdular.

Lakin şoranlığa toxum əkdilər,

Onlar kor gözlərə sürmə çəkdilər.

Hər kim toxum əksə şoranlıq çölə,

Bircə peşmançılıq gətirər ələ.

Ağac əkilməli münbit bir yerə,

Ta behişt barıtək meyvələr verə.

Şərabı torpağa verərsə saqi

Bağbanın adını kim eylər baqi.

Varmı ədlin kimi şah ədaləti,

Yerində göstərən hər səxavəti?

Yoxlamışam, deyin, varmıdır, hanı

Elm əhlinin sən tək bir pasibanı?

Sevmədin hiyləgər kimyagərləri,

Yalan satanları əzəldən bəri.

Bir əsər yazdım ki, daim qalacaq,

Adına bağladım nəqşini ancaq.

O kəsə deyərəm daim bəxtiyar,

Səpdiyi toxumdan görsün elə bar

Ki, dünya durduqca heç pozulmasın,

Vərəqini açsın adıyla şahın.

Eləsini yox ki, əsrlər keçər,

Silər şöhrətini uca fələklər.

Yeddi min il keçdi, sərf edib əmək,

Yeddi ədəvalı gözəl bir yemək

Bişirdim, ləzzətlə ye, nemətindir,

Nuş olsun, yaxşı ye, öz qismətindir.

Bu əsər ki, sənə edirəm nisar,

Onda ürəyim var, ətim, qanım var.

Səninlə ucaldı fələk dünyada,

Ey fələk yetirən, ey fələkzada!

Torpağam, mən necə uçum fələkə?

İnsanam, nə sayaq çatım mələkə?

Neyşəkər bir qələm işlətdim ki, tər

Torpağım yetirib versin neyşəkər.

Yığım şəkərləri çatım başabaş,

Şahın hüzürunda paylayım şabaş.

Şabaşa yoxsa da əlimdə imkan,

Hər gecə olmuşam şaha pasiban.

Şah günəşdir, nuru əyandır, budur,

Gözüm şüasını əks edən sudur.

Günəşi mümkünsə sulara vurmaq,

Suyu vurmaq olmaz günəşə ancaq.

Günə nəzər salmaq olsa da mahal,

Ondan ayrılmayır bir ləhzə xəyal.

Şahın xəzinəsində, bilir dünyalar,

Tək bu əsər yoxdur, başqa hər nə var.

Dırnağıyla rəxşin ucaltsın onu,

Şöhrət rütbəsinin olmasın sonu.

Buluddan su içən dağ ətəkləri

Sevməz quyu suyu əzəldən bəri.

Əlindən su içim, bu oldu arzum,

Başqa sular üçün bağlandı ağzım.

Acizəm bu dürrə qoymaqda baha,

Qoy təslim eyləyim qiymətcin şaha.

Zöhrəmin sazını dinləsin əgər,

Xalq təzə ay kimi məni göstərər.

Buna boş naxıştək durub baxma gəl,

Çox belə gülləri el etmiş xəzəl...

Çox yaşa, dinin var, ədalətin var,

Versin istəyini tək pərvərdigar.

Yetirir arzunu daim dövlətin,

Olsun bəyəndiyin hər şey qismətin.

Düşsə bir şey uzaq inayətindən,

Görüm kənar olsun vilayətindən.

Günəş parladıqça boşluqda par-par,

Sevinsin dostları, gülsün bəxtiyar.

Düşmənin hər zaman zəlil, xar olsun,

Gen dünya başına dardan dar olsun.

Götürüb daşları başına çalsın,

Başını daşların daşına çalsın.

Başsan, bilikdə də baş ol, keç başa,

Dünyada hamıdan sən artıq yaşa.

Sənin torpağına məlal gəlməsin,

Xətər toxunmasın, zaval gəlməsin.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info