Qonaq Kitabı
YEDDİ GÖZƏL

Şahın möhrü ilə bu əsər ancaq

Əsil qiymətini tapıb alacaq.

Üzümü qara, ya al görən hamı

Bilər möhürdardır onun rəssamı.

Mənsə çalışmışam hər an, yaxşı bil,

Xalis qızıl verim, onda beş deyil[41].

Heç kəs almasa da ətrimi əgər,

İpəyimin müşkü hər şeyə dəyər.

Ustalar çox şirin sözə əl atdı,

Lakin yarı yolda yıxıldı yatdı.

Dünya dahiləri verdi nəsihət.

O dəstədən aldı daima ücrət.

Dilcə şeirimizdə olsa da kəsir,

Mənaca böyükdür ondakı təsir.

İçsiz qabıq gördük, çox yuxu kimi,

Qabıqsız iç verdik, təmiz su kimi.

Yazdığımız sözlər nadir olsa da,

Yenə köhnələri salırıq yada.

Dürr saçdıq, görmədik lakin bir kömək,

Sanki piyaləylə ölçdük biz külək.

Varmı bir cəvahir, mən qoca sərraf

Qədrini bilməyim, eyləyin insaf!

Mən ki çox seçilmiş xəznələr açdım,

Çox gövhər yaradıb, incilər saçdım.

Xilas açarını tapmadı hünər;

Göyün nemətinə bənzər yeməklər

Hazırladım, indi eyləyirəm ah,

Tövbə, yenə tövbə, əstəğfürullah!

Nizami, İsandır sənin nəfəsin,

Məryəm ağacındır düşüncən, hissin.

Xurma ağacından vermisən çox bar,

Hər zaman görəydim səni bəxtiyar.

 

 

 

ƏLAƏDDİN KÖRPƏ ARSLAN ŞAHA SƏNA[42]

 

Ey könül, bu xəyal yaratmaqla sən

Oynamayırsanmı xəyalla, desən?

Bir yol bu xəyaldan çəkməliyəm əl,

Ondan uzaqlaşmaq gözəldir, gözəl.

Qəsdim yaratmaqdır bu pərgarla, bil,

Baharın fəslindən gözəl dörd fəsil.

Birində Allaha həmdü sənam var,

Onun fəzli ilə yaranmış yaşar,

Sonra nəbiyədir bizim xütbəmiz,

Ondan təzələndi köhnə sikkəmiz.

Üçüncü fəsildə şaha duam var,

Ağzından bu dua gövhər, dürr saçar.

Nəsihət eyləyər şaha son fəsil,

Qoy onun fəthinə bu olsun dəlil.

O padşah ki ona yeddicə iqlim

Etmiş dövlətini, varını təslim,

Qanundur ölkəyə sözüylə qəhri,

Alıb öz əlinə bütün bu dəhri.

Özgəni şah edər, bəzər saraylar,

Xəznələr bəxş edər, xəznələr paylar.

O şahın ləqəbi Əlaəddindir,

Qoruyub durduğu: zaman, zəmindir.

Ölkələr fatehi Körpə Arslan şah

Alp Arslandan yüksək, olduqca gümrah.

Ondan Ağsunqurun nəsli güc aldı,

Əcdadı kamala yetdi, ucaldı.

Mehdidir, günəşdir şah bu dünyada,

Dövləti qalacaq eldə, obada.

Rüstəmdir, mindiyi Rəxşi fələkdir,

Böyukdür, böyüklük verməkdə təkdir.

O, göylə yoldaşdır, buludla birdir,

Qüvvətdə şir kimi, adı da şirdir[43].

Varlıq qıfılına açar çatanda

Yarandı cövhərdən aləm o anda.

Şah bir aləmdir ki, ovcuyla, inan,

Min cövhər çıxarar ortaya hər an.

Şərhindən vərəqdir onun asiman,

Feyzindən qətrədir hər sonsuz ümman.

Dərya, çöl – verdiyi əmri dinləyər,

Afərin oxuyar, əhsənlər deyər.

O qədər ucadır, o qədər yüksək,

Kiçilir önündə duşüncə, dilək.

Böyüklük mülkündə mələk yoldaşı,

Ucalıq yurdunda fələk yoldaşı.

Qılıncı şimşəkdən od alar çaxar,

Gizli düşmənləri yandırar, yaxar.

Önündə qələbə torpağa yatdı,

Fitnə, qılıncının suyunda batdı.

Efirdən qopmuş bir atəşdi suyu[44],

Ənbər saçar elə torpağıyla o.

Onun meydanında şir əsər zağ-zağ,

Düşməninin atı gedər baş-ayaq.

Səhər qədəhinə tökən zaman mey

Buz bağlamış sudan od yağdırar hey,

Mizraq itiləsə əgər bir kərə

Adi gün çevrilər dönər məhşərə.

Səxa dərgahını nə zaman açar

Günahlar bağışlar, xəznələr saçar.

Şah dəniz kimidir, deyil hiyləgər,

Qamçı-qılıncında cəzri, məddi var[45].

Nə alsa zor ilə güclü şəmşiri,

Qamçısının ucu qaytarar geri.

Müştəritək atı ucalar, qazar.

Keyvana dırnaqla bir dərin məzar.

Əgər görmədinsə əjdər minən şir,

Günəşi, əl atıb çəkəndə şəmşir,

Onda vuruşlarda, ovda bax şaha,

Sanki şir belinə minib əjdaha.

Əjdəri bayrağın altında nizə,

Zərbəylə əjdəri çökdürər dizə.

Dar etsə kamanı şah birdən-birə,

Geniş qəbir qazar ox atıb şirə.

Qılıncı ayını oyundan saxlar,

Şiri oynamağa eyləyər vadar.

“Sərxoşdur” deməyin, şir boğan şaha,

Boğur, çünki odur qorxmaz əjdaha.

Gəzərkən o çıxıb Səhənd dağını

Üzər oxla qurdun əl-ayağını.

Qurdu bu halında görüb ta bayaq

Ölər şir qorxudan, çalıb əl-ayaq.

Qurd, pələng o qədər şah şikar eylər,

Maral dırnağına çölü dar eylər.

Gah pələng dərisi, qurd dərisi gah



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info