Qonaq Kitabı
YEDDİ GÖZƏL

Günəşlə bəzənib içində tağı,

Hilaldır çölündə nurlu çırağı.

Başında oynardı hər zaman külək,

Ona xəzan yeli dəyməsin gərək

Daldı dörd küncünə qəsrin baxaraq,

Gördü behişt kimi bir səfalı bağ.

Orda Fərat axır çəmənzar boyu,

Axır elə bil ki, dirilik suyu.

Göylərə ucalan Sədeyrin yanı

Abad bir kənd idi, sud-yağ meydanı.

Qabağında səhra, dalında çəmən

Küləklər alırdı nəfəs nafədən.

Kəyana yaraşan bu damda Neman

Bəhramla oturmuş, behiştdir hər yan.

Lalə qızartmışdı sanki hər yeri,

Şuştəri döşənmiş geniş çölləri

Bildirçin ovlağı, kəklik ovlağı

Süzüb o çəməni, o bağça-bağı:

Belə yer tapılmaz heç, – Neman dedi,

Burda şad olmalı yaşayan, – dedi.

Onun ədalətli vəziri vardı,

İsanın dininə pərəstişkardı.

O dedi: “Allahı duyub tanımaq

Sənin dövlətindən yaxşıdır ancaq,

Sən o mərifəti duysan mükəmməl,

Bu bəzək-düzəkdən götürərdin əl”.

Vəzir bir od yaxdı, bir şölə saldı,

Sərt qəlbi Nemanın xeyli yumşaldı.

Bu dünya görəli yeddi hasar, tağ,

Belə işləməmiş heç bir mancanaq.

Neman bu eyvandan enərək yerə,

Üz qoydu şir kimi geniş çöllərə,

Unutdu hər şeyi, bütün varını,

Tərk etdi şahlığı, öz diyarını,

Çünki düz gəlməz heç dünya din ilə,

Süleyman cəlallı taxtından belə

Əl çəkib yaşadı pərilər kimi,

El ondan yaşadı bixəbər kimi.

Bir də qayıtmadı öz xanəsinə.

Keyxosrov kəsildi zəmanəsinə[113].

Münzir hey çalışdı, hey etdi xitab,

Bəxtinin hatifi vermədi cavab.

Münzirin qəlbini həsrət, qəm aldı,

Neçə gün yas tutdu, dərdi çoxaldı.

Taxtü-tac sahibi qaldı naəlac,

Taxta çıxıb, yenə başa qoydu tac.

Son verdi ellərin ahü-zarına,

Ölkəni keçirdi ixtiyarına.

Qoşuna, ölkəyə başçılıq etdi,

Şah xələt göndərdi, razılıq etdi.

Bəhrama atadan daha mehriban

Kəsilib tutardı əziz canından.

Onun Neman adlı bir oğlu vardı,

Şahzadə Bəhramla yaşıd olardı.

Bəhrama, Münzirin oğlu Nemana

Bir dayə süd verib, olmuşdu ana.

Bəhram çox sevərdi süd qardaşını,

Bir an buraxmazdı öz yoldaşını.

Onlar bir lövhədən dərs keçərdilər,

Birgə səpərdilər məclisdə gövhər.

Birisi günəşdi, birisi nurdu,

Onlar bir dolanıb, bir otururdu.

Bir neçə ildi ki, uca qalada

Bəslənib dururdu bizim şahzadə.

Dərsə baş qoşardı getsə hər yana,

Ağlı yönəldirdi onu ürfana.

Bəhram öyrənmişdi ərəb, fars, yunan

Dilini məktəbdə öz ustadından.

Münzirdə var idi başqa əlamət,

Ulduzlar elmində kəskin məharət.

On iki bürc ilə o, yeddi ülkər

Qabağında açıq sandığa bənzər.

Həndəsə xəttinə əməl edərdi,

Minlərlə Məcisti o həll edərdi[114].

Ölçdüyü göy, fələk, asiman oldu,

Onlara göz oldu, pasiban oldu.

Dərin-dərin fikir nə qədər ki var,

Könlünu onlardan etdi xəbərdar.

Gördü şahzadədə ağıl, kəramət,

Duydu var biliyə onda fərasət

Gətirdi lövhəni, mili meydana,

Göyün sirlərini öyrətdi ona,

Öyrətdi nə qədər gizli, aşikar

Göylərin, yerlərin rümuzları var.

Nə varsa birbəbir öyrətdi, Bəhram

Öyrəndi dərs alıb hər səhər-axşam.

Elmin dəryasında tapdı pərvəriş,

Üstürlabdan, zicdan[115] alıb göstəriş,

Sirlərin üzündən pərdələr açdı,

Dərsini bilməkdə möcüzə saçdı.

Bəhram da lövhəyə, milə yanaşdı,

Fələkin işindən düyünlər açdı.

Kamala yetdikdə elmi, əməli

Silahdan yapışdı qüvvətli əli.

At sürdü, aləmə vəlvələ saldı,

Çövkənbaz fələyin topunu aldı[116].

Onda ki, şöhrəti aləmi sardı,

Tutub canavarın boynunu qardı.

Qırdı pəncəsini, öldürdü şiri,

Ona təslim oldu sübhün şəmşiri.

Ox atıb, qart daşı tikərdi daşa,

Elə bil tikilmiş ipək qumaşa.

Gözünü çevirib atsa hər yana,

Nişana üstündən vurar nişana.

Qılıncına hədəf olsaydı qaya

Əriyib dönərdi od rəngli suya.

Saplayar nizəni darıya birdən,

Həlqə alar kimi götürər yerdən.

O, düzgün vurardı uzaq nişanı,

Tük ilə oynardı onun peykanı,

İşığa, kölgəyə ox atsa əgər,

Yan getməz, hədəfə hər zaman dəyər.

Onda ki, taleyi arxa durardı

Gözündən qaçanı atıb vurardı.

Şir ürəkli mərdlər söhbət qurdular,

Onun şirliyindən deyib durdular.

O bəzən pələngə hücum edərdi,

Yarışıb şir üstə bəzən gedərdi.

Deyib danışanda Yəmənin əhli

Ona ad verərdi: Yəmən Süheyli.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info