Qonaq Kitabı
YEDDİ GÖZƏL

Hər iki aləmi bəxtiyar eylə.

Yolunu təmizlə, qoyma toz ola,

Tanrı dərgahına yönəl, düş yola.

Alsın öz haqqını ayağın sənin,

Ucalsın hər yerdə bayrağın sənin!”

Açantək bu sirri Cəbrayıl ona,

Məhəmməd bu sözdən gəldi həycana.

Huşunu itirib ətrafa baxdı,

Qulluq sırğasını qulağa taxdı.

Peyğəmbər əmindir, Cəbrayıl əmin,

Onları qorxutmaz nə şeytan, nə cin[28].

Tanrı kəl amını o nazil edər,

Bu, sözdə, dəlildə aqil, mötəbər.

O dedi Allahın hər peyğamını,

Bu duydu elçinin sirr-kəl amını.

Qaranlıq gecədə o parlaq çıraq

Alınca Tanrının əmrindən soraq,

Olmadı halqalı kəməndə yağı;

Tapılmaz belə bir zər boyunbağı.

Minib də Büraqa ildırımvarı,

O cumdu göylərə əldə tatarı.

Şahin qanadıyla basınca ayaq

Sıçradı yerindən o, kəkliksayaq.

Qəşəng ayaqları hilal vururdu,

Başında Keykavus taxtı qururdu[29].

Uçurdu, çox iti sürəti vardı,

Dörd şahin dalınca qanad salardı[30].

Hər şey dalda qaldı, öndə o təkdi,

Gecə təpik yedi, ay cilov çəkdi.

Gördünmü xəyalı yeriyən zaman,

Şimşəyi parlayıb çıxanda qından

Dünya gəzən ağlın sürətini sən,

Gənclikdə həyəcan qüvvətini sən?

Hamısı axsadı, yolda ləng oldu,

Geniş addımları döndü təng oldu.

O çapdıqca belə göy üzündə at,

Qaldı cənub qütbu, şimal qütbü mat.

Yolda göstərirdi Səmak cədvəli

Ona gah Ramehi, gah da Əzəli.

Onun Büraqının oynaq ayağı

Yazıb bitirincə bu göy varağı,

Açdı cahan ona darvaza, getdi,

Göylərin dövrünə pərvaza getdi.

Uçduqca yüksəldi, keçdi fələklər,

Baş yolda mələktək açmışdı şəhpər.

Onun xoş sifəti, gözəl camalı

Nura qərq eylədi göydə hilalı.

Parlaq Ütaridi o zərgər aldı,

Gümüş kürəsinin rənginə saldı[31].

Dön, məhtab rəngində sən də ol, – deyə,

Gümüş pərdə çəkdi parlaq Zöhrəyə.

Yolunun tozundan, edərkən merac,

Günəşin başına qoydu zərli tac.

Yaşıl geydiyiçin xəlifəyi-şam[32]

Geyinsin söylədi qırmızı, Bəhram.

Müştəri xəstədir gördü, əlbəəl

Çəkdi bədəninə naxoşun səndəl[33].

Keyvan ayaq öpdü qapanıb yerə,

Çevrildi bayrağı dərhal ənbərə.

Köhləni elə bil zəncirli şirdi,

O, səhər yelitək çapıb gedirdi.

Başa çatdırmayıb bu çataçatı

Yoruldu yoldaşı, yoruldu atı,

O gəlib çatınca uzaq mənzilə,

Gördü bağlanmışdır yol Cəbrailə.

Keçdi Mikayılın taxtından haman.

Suri-İsrafilin rəsədgahından

Ötdü daha əngin yüksəkliklərə,

Qaldı öz yerində Rəfrəflə Sidrə.

Yol yoldaşlarını qoyaraq dala,

Ruhani aləmə o düşdü yola.

Keçdi qətrə-qətrə həmin dəryanı,

Öyrəndi hər şeyi, hər bir mənanı.

Ərşin zirvəsinə elə ki yetdi,

Niyaz kəməndini nərdivan etdi.

Nurlu ərşi ötüb keçdi dərinə,

İlahi sirlərin qorxunc yerinə.

Çatınca, bürüdü qəlbini heyrət,

Gəlib cilovunu saxladı rəhmət.

Sıxılmış kəmanı açıldı dərhal,

Ayrılıq qurtardı, üz verdi vüsal.

Nurdan pərdələri yırtarkən özü,

Pərdəsiz bir nura sataşdı gözü.

Keçdi varlığından bir az o yana,

Rast gəldi o zaman vahid rəhmana.

Elə ki gözüylə gördü məbudu,

Hər nə görmüşdüsə, tamam unutdu.

Gözləri tutmadı bir yerdə məqam,

Çünki hər tərəfdən eşitdi səlam.

Aşağı-yuxarı, dal-qabaq, sol-sağ –

Altı cəhət oldu bir cəhət ancaq.

Bir yerdən ki qaça cəhətlə cahan,

Orda altı cəhət taparmı meydan?

Cəhətsizin işi cəhətsiz aşar,

Odur ki, cəhətsiz oldu o pərgar.

Çəkməyincə gözü cəhətə pərdə,

Qəlbi düşdü qəmə, qorxuya, dərdə.

Bir yerdə ki, gözdən gizlənər cəhət,

Cəhətsizi görmək mumkündür, əlbət.

Nəbidən qalmışdı ancaq bir nəfəs,

Təkcə Allah idi, yoxdu başqa kəs.

Hər şeyi əhatə edən aləmi

Cəhət əhatəyə cürət edərmi?

İxlas badəsindən içərək şərbət,

Həqdən bərat aldı, geyindi xələt.

Səadət – bir qədəh, mərifət – saqi[34],

İçdi, bir qətrə də qoymadı baqi.

Yüz minlərlə salam ötürdü onu,

Asimandan yerə gətirdi onu.

O nələr almışsa hey vara-vara,

Verdi dostlarına – günahkarlara.

Ey Nizami, bəsdir, dünyadan çək əl,

Alçaldığın yetər, göylərə yüksəl.

Çalış axirətdə qur öz yurdunu,

Məhəmməd dinində taparsan onu.

Ağlına əqidən olsa pasiban,

Şəriət nuruyla xoşbəxt olarsan.

 

 

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info