Qonaq Kitabı
YEDDİ GÖZƏL

 

[39]                     Əsədi, Əbu-Düləf bəxtiyar oldu,

Çunki taleləri güldü, yar oldu.

Əsədi – Əbu-Nəsr Əli ibn Əhməd Tusi (XI) məşhur fars-tacik şairi. Ömrünün mühüm hissəsini Azərbaycanda (Naxçıvanda və Gəncədə) keçirmişdir. O, əsərlərinin çoxunu Naxçıvan hakimi Əbu-Düləfə həsr etmişdir. Əbu-Düləfin Əsədiyə səxavəti isə dillər əzbəri olmuşdur. Nizami Əbu-Düləfin Əsədiyə göstərdiyi qayğıya işarə edir.

 

[40]                     Bu Cəbrayıl təbim cin qələmimlə

Çəkər səhifəyə cizgilər belə.

Qədim ərəb şairləri ən zərif və gözəl şeirlərini, nadir bədii obrazlarını cinlərin müdaxiləsinə mənsub edərdilər. Ən nəfis şeirə cinyazan şeir deyərdilər. Həmin təsəvvürü Nizami burada şairanə qələmə almışdır.

 

[41]                     Xalis qızıl verim, onda beş deyil.

Yəni xalis, təmiz, yüzdə-yüz əyarlı qızıl verim. Əsərimin keyfiyyəti yüksək olsun.

 

[42] Körpə Arslan – Marağanın hakimi (1174-1208) Azərbaycan atabəylərinin qohumu və vassalı.

 

[43]                     O, göylə yoldaşdır, buludla birdir,

Qüvvətdə şir kimi, adı da şirdir.

Yəni o, bulud kimi səxavətlidir və hər tərəfə qızıl yağdırır; ikinci sətirdə şair Arslan (Aslan) sözünun həm fars dilinə tərcüməsini (şir) verir, həm də həmin sözün lüğəvi mənasından məmduhun (tərif edilənin) təsviri üçün şairanə istifadə edir.

 

[44]                     Efirdən qopmuş bir atəşdi suyu...

Efir – kürreyi-əsir – troposfer, göyün üst qatında yerləşmiş od kürəsi. Şair beytdə alogizm və ya oksimoron deyilən poetik fiquru çox mürəkkəb şəkildə işlətmişdir. Beytin mənası: Körpə Arslanın qılıncının suyu (yəni bərkimiş, möhkəm, polad qılıncı) atəş kürəsindən od qaldırır.

 

[45]                     Şah dəniz kimidir, deyil hiyləgər,

Qamçı – qılıncında cəzri, məddi var.

Cəzr və mədd – dənizdə suyun qabarma və çəkilməsi. Qamçı və qılıncın qabarması, yəni onun səxavətinin qabarması, çəkilməsi, qeyzə gəlib düşməni və istəmədiyi adamı hər şeydən məhrum etməsi.

 

[46]                     Gah pələng dərisi, qurd dərisi gah

Geyərdi dağ, dərə, qanlı düzəngah.

Yəni o, ovlaqda o qədər şikar edir ki, vurulan heyvanların qanından səhra qan  dənizinə dönür və gah da ovlanmış canavar və pələngin dəriləri ilə örtülür.

 

[47]                     Güc gəlsə ovlaqda əgər kamana

Gönünü gor edər gura, ceyrana.

Orijinalda “ceyran” deyil, “maral” yazılmışdır. Kamanın kirişini (yayını) adətən maral gönündən düzəldirlər. Yəni Körpə Arslan kamanın maral gönündən olan yayını çəkib oxu atan kimi maral o saniyə ölürdü və onun dərisi ona qəbir olurdu.

 

[48]                     Girəndə meydana igid savaşda

Əqiq rəngi alır torpaq da, daş da.

Əqiqin qırmızı rənginə işarə edilir. Yəni o, öz qılıncı ilə canları ala bilir və öz şərab camı ilə insanlara yenidən həyat bəxş edir.

 

[49]                     Xülqünün nafəsi nəqqaş əlitək,

Müşk ilə, ləl ilə dolu cib, ətək.

Nafə – göbək, müşkün sinonimi. Müşkü ahunun nafəsində – göbəyində yerləşmiş vəzlərdən istehsal edirlər. Beytin mənası: Körpə Arslanın xasiyyəti müşk ahusunun nafəsi kimi xoş və gözəldir. Rəssamların qələmi müşk kimi qara və ləl kimi al-qırmızı naxışlar saçır. O da ətrafına həm müşk, həm də daş-qaş, ləl və inci səpir. Onun saçdığı müşk və ənbərdən, səpələdiyi inci və ləldən ölkə ətir və boyunbağı ilə dolubdur.

 

[50]                     Qüdrətli əliylə dörd gövhəri şah

Əzəmət taxtına etmiş qərargah.

Dörd gövhər – varlığı təşkil edən dörd ünsür (su, od, hava, torpaq)

 

[51]                     Rasidlər deyir ki, qeyd etmiş fələk,

Fələkəddin Əhməd adlansın gərək.

Rasid – münəccim. Görünür ki, Körpə Arslanın ikinci oğlu ləqəbi Fələkəddin olan Əhməd astronomiya ilə məşğul olurmuş. Əhməd və Məhəmməd hər ikisi bir kökdən (həmədə) olub bir mənaya malikdir və hər ikisi peyğəmbərin adıdır. Körpə Arslanın oğlanlarının adları Əhməd və Məhəmməd olduğu üçün şair Əhmədi və Məhəmmədi deyərək onların peyğəmbərə sadiq olduqlarını qeyd etmək istəyir.

 

[52]                     Birinin açarı nüsrətdən çatdı,

Birini zəfərdən fələk yaratdı.

Birinə tərbiyə nüsrət veribdir,

Fələk o birinə qüdrət veribdir.

Biri xoşbəxt oldu nüsrətdən, gerçək,

Birinə dörd payə taxt oldu fələk.

Burada şair Körpə Arslanın oğlanlarının ləqəblərinin luğəvi mənalarını oynadır. Nüsrətəddinin birinci hissəsi – Nüsrət qələbə deməkdir, Fələkəddinin isə birinci hissəsi fələk, göy deməkdir. Orijinalda Nüsrətəddinə üç ayaq bəxt verildiyinə işarə olunur. Üçayaq bəxt – yəni döyüşdə o (Nüsrətəddin) üç dəfə qalib gəlib, Fələkəddin isə dördayaqlı – dördcəhətli (şimal, cənub, şərq, qərb) fələyi (göyü) özünə taxt edib.

 

[53]                     Gülsün qoy Suleyman mülkündə bəxti,

Nurlansın Bilqeysin uğurlu təxti.

Bilqeys – Sabə mələkəsi, Süleyman peyğəmbərin sevimli gözəl zövcəsi. Süleyman və Bilqeysin məhəbbəti haqqında Şərqdə çoxlu əfsanələr vardır. Beytin məzmunundan belə aydın olur ki, Körpə Arslanın zövcəsinin adı Bilqeys olmuşdur.

 

[54]                     Şahdır səxavətin yeddi qardaşı,

Qadını varlıqda analar başı.

Yeddi qardaş – yeddi planet; vücudun anaları – dörd unsür. Beytin mənası: qoy Körpə Arslan yeddi səyyarə kimi səxavətli, onun zövcəsi Bilqeys isə bütün varlığın anaları olan dörd ünsür kimi bütün xalqın anası olsun.

 

[55]                     Bu Xızrın payidar olsun şöhrəti,

Onun abi-həyat tapsın xisləti.

Xızr – yaşıl geyinmiş əsrarəngiz bir qeyri-rəsmi peyğəmbər. O, zülmətdə yerləşən dirilik suyunu tapıb, ondan içmiş və gözəgörünməz şəkildə əbədi yaşayır. Xızr biyabanda azmışları, tufana qərq olmuşları ölümdən xilas edir. Xızr şairlərin məsləhətçisi, köməkçisi və ilham mənbəyidir. Beytin mənası: Qoy Körpə Arslan Xızr kimi həmişə yaşasın və onun zövcəsi dirilik suyu kimi onun əbədiyyət mənbəyi olsun!

 

[56]                     Bu güldən, bu bağdan olmasın uzaq.

Gül – Körpə Arslanın oğlanları, bağ – onun zövcəsi.

 

[57]                     Gecə keşikçindir, hindlitək sayıq,

Aydan zəng belində, durmuşdur ayıq.

Keçmişdə hindlilər adətən yaxın və Orta Şərq ölkələrində keşikçilik edərdilər. Keşikçilər adətən bellərinə zınqrov bağlayırdılar ki, oğrular, əyrilər onların ayıq olmağından xəbərdar olsunlar.

 

[58]                     Sübh asıb həmail yürüməz əbəs,

Sənin rikabında olar xoş nəfəs.

Gecə ulduzlar və səyyarələrlə yol gedir, sübh isə belinə günəşin nurundan həmail bağlayıb tək-tənha səni müşayiət edir.

 

[59]                     Ağ rumlu sərdarı: – Kənar ol, – deyə,

Qovsan dərgahından dönər zənciyə.

Rum – Kiçik Asiya, türklərin yaşadığı ərazi. Türk məfhumu Nizami üçün müxtəlif müsbət keyfiyyətlər (ağlıq, gözəllik, cəngavərlik, müdriklik, səxavətlilik, əzəmət, ürək genişliyi və i.a.) simvoludur. Burada Rum ağlıq rəmzidir. Yəni əgər sən zamanın alay başçısı olan gündüzü zabitlikdən azad etsən, o (gündüz) zənci kimi üzü qara olar, gecəyə çevrilər. Başqa sözlə, Körpə Arslan zaman və məkana mütləq hakimdir.

 

[60]                     Geniş süfrəsinə göyün yaxşı bax,

İkicə çörəkdir var-yoxu ancaq.

Göyün süfrəsinin ikicə çörəyi – Ay və Günəş.

 

[61]                     “Səninlə xətm olur dünyanın şahı”

Deyə vurulmuşdur möhri-ilahi.

Yəni Allahın möhr və xatəmi padşahlığın xətmini sənin adına yazmışdır.

 

[62]                     Kəyan padşahları xoş tale ilə

Almış on iki rüx, həftxan ələ.

İranın əfsanəvi şahlar sülaləsi Kəyanilərin ən məşhur pəhləvanları və cəngavərləri nəzərdə tutulur. Həftxan – yeddi igidlik, şücaət, qəhrəmanlıq deməkdir. Kəyanilərə qulluq etmiş məşhur Rüstəm Zalın və İsfəndiyarın Firdovsi “Şahnamə”sində təsvir olunmuş yeddi qəhrəmanlıqları nəzərdə tutulur. Keykavus əsarətdə olarkən Rüstəm onu azad etmək üçün Mazandarana yollanır və şahın yolunda yeddi dəhşətli vuruşmada qalib gəlir. İsfəndiyar da Turana hücum edib öz bacılarını Əcəspdən azad edərkən yeddi qəhrəmanlıq göstərir. On iki cəngavər – “Şahnamə”də geniş yer tutan fəsillərdən biridir. Həmin fəsildə Firdovsi on iki iranlı və turanlı pəhləvanın bir-biri ilə təklikdə vuruşmasını təsvir edir. Beytin mənası: qədim İranın şahlarının yeddi pəhləvan və on iki cəngavəri var idisə, sənin də yeddi pəhləvanın – yeddi səyyarə və on iki cəngavərin – bürcün var. Odur ki, nəinki yerə, göyə də hakimsən.

 

[63]                     Dəmirdən İskəndər ayna tapdısa,

Dirilik suyunu Xızır tapdısa...

Arşimedin İskəndər üçün birinci dəmiri cilalayıb güzgü düzəltməyi və İskəndərlə Xızrın zülmətə gedib dirilik suyu axtarmalarını Nizami “İskəndərnamə” əsərində müfəssəl təsvir etmişdir.

 

[64]                     Ey xoşbəxt, dilində budur hər kimin:

Sənsən sevgilisi yeddi iqlimin.

Beşinci ölkəni sən etdin abad,

Altı yurd işindən oldu xeyli şad.

Orta əsr coğrafiya elminə görə Yer kürəsinin yaşayış məntəqəsi yeddi iqlimdən ibarət olmuşdur. İran beşinci iqlimdə yerləşmişdir. Beytlərin mənası: sən yeddi iqlimin, yəni bütün dünyanın sevimlisi və əzizisən, beşinci iqlimdə yerləşmiş İranı sən abad etmisən, qalan altı yurd – iqlim isə səndən razıdır.

 

[65]                     Dörd şah əldə edib dörd bahalı şey;

Beşincisən, ömrün uzun olsun hey.

Yəni səndən əvvəl yaşamış dörd böyuk şahın (İskəndər, Nuşirəvan, Xosrov Pərviz və Məlikşah) dörd böyük nemət olan dörd məşhur həmsöhbətləri (Ərəstu, Büzürgmehr, Barbəd və Xacə-Nizam əl-Mülk) olmuşdur.

 

[66]                     Baş əyməz heç zaman cəzri-əsəmmə.

Cəzri-əsəmm – kar cəzr, həll edilməz cəzr deyərkən şair pərişan qəlbi, ürəyi nəzərdə tutur.

 

[67]                     Bilici tacirlər çıxarkən yola

Qorucu götürər, salar sağ-sola.

Qorucu (orijinalda: şihnə) – inzibati məmur. Şair möhkəm iradəni, ağılı şihnə ilə, ehtirasları isə yolkəsən oğrularla müqayisə edir.

 

[68]                     Nafə yükləyəndə hər çinli əttar

Çəkər yapışqandan ona bir hasar.

Müşkü yapışqana, kitrəyə (üfunətli kamed) bükürlər ki, onun ətri yayılmasın və oğrular xəbərdar olmasınlar.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info