Qonaq Kitabı
YEDDİ GÖZƏL

Rastü-Rövşən dəxi hərəkət etdi,

Yuxarı başdakı yerinə getdi.

Qəzəblə çığırdı Bəhram vəzirə,

Qorxudan az qaldı o girsin yerə:

– El xaraba olub, səbəbi sənsən!

Yurd bəzəksiz qalıb, viran edənsən,

Qoydun quru yerdə, talayıb məni,

Gövhərlə doldurdun öz xəzinəni.

Qoşunun rizqini[296] aldın əlindən,

Ordu tələf oldu bu əməlindən.

Soydun rəiyyəti, talan var kimi,

Susadın canına canavar kimi.

Eldən almalıykən vergi, ya xərac,

Gah kəmər almısan, gah almısan tac.

Unutdun haqqını gözəl nemətin,

Məndən utanmadın, yoxmuş qeyrətin.

İman bəslər buna, hamı hər zaman,

Nemət küfrü pisdir dinsiz olmaqdan[297].

Neməti tanımaq hörmət artırar,

Kim onu gözləsə, nemət artırar.

Nə rast, nə rövşənsən, aydınlıq itdi,

Getdi işıqlıq da, düzlük də getdi.

Səndən qoşun, xəznə əziyyət almış,

Nə ordu, nə xəznə yerində qalmış.

Elə sanırsan ki, şərab zamanı

Könül qafilanə atar dunyanı.

Əlini kəsərsən bizimkilərin,

Quyu qazıyarsan dərindən-dərin.

Torpaq olsun yeri qaldıranda cam

Unutsa bir dəfə qılıncı Bəhram.

İçəndə özümü unutsam da, bil,

Anla ki, fələkdən olmadım qafil”.

Sözü çənbər edib, şah bir-bir aldı,

Vəzirin boynuna götürdü saldı.

Sonra bir cəllada dedi: “Onu al,

Cənnətdən sürüyüb cəhənnəmə sal!”

Əmmamədən ona qayırıb kəmənd,

Aparıb zindanda eylədilər bənd.

Ayağı kündəli, zəncirli əli,

Belə bir vəziri belə görməli.

Bu şiddətli hökmü verib tacidar,

Əmr etdi: “Ucadan şəhrə çəkin car.

Məzlumlar olunsun bu cardan agah,

Alsın qisasını qoy onların şah”.

Eşitdi camaat, eşitdi ordu,

Gəlib Bəhram şahın önündə durdu.

Açıldı vəzirin yaman işləri,

İlanla deşdilər köhnə əjdəri.

Xəbərdar etdirdi şah dustaqları,

Məhbəslərdə yatan qəlbi dağları.

Hamı təqsirini desin, hər nə var,

Bəndini açmağa göstərsin açar.

Dustaqdan qurtaran cumdu, yönəldi,

Şahın hüzuruna axışdı, gəldi.

Şah yeddi nəfəri ayırdı dərhal,

Etdi dərdlərini onlardan sual:

“Bir söylə, nə üçün ömrün dardadır?

Haralısan, evin, yurdun hardadır?”

 

 

 

BİRİNCİ MƏZLUMUN ŞİKAYƏTİ

 

Söylədi Bəhrama birinci adam:

“Sənin düşmənindən düşmən alsın kam.

Tökdü Rastü-Rövşən gözdən yaşımı,

Əzabla öldürdü can qardaşımı.

Mal-qara az, ya çox, nəyi ki, vardı –

Üstə izzəti də alıb apardı.

Gözəldi qardaşım, xeyli cavandı,

Hər kim eşitdisə halıma yandı.

Mən şivən qoparıb, saldım qalmaqal,

Saldırdı zindana o məni dərhal.

– Düşmənə var – dedi – yaman rəğbəti,

Gətirdi başıma bu müsibəti.

Kinli bir qurluya verdi işarət[298],

Etdilər evimi talan və qarət.

Bağlatdırdı məni, göstərib də zor,

Sarayı gözümdə dönüb oldu gor.

Getdi min zülm ilə, öldü o qardaş,

Bu qardaş ölümcül axıtdı qan-yaş.

Onun dustağıyam bir ildir, düzü.

Mənimçin mübarək faldır şah üzü”.

O məzlum dərdini söylədikcə, şah

Oldu vəzirinin zülmündən agah.

Vəzir qarətini qan bahasilə

Qaytarıb tapşırdı o məzlum ələ.

Dedi: “Get işinə, azadsan, azad!”

Elədi məzlumu beləliklə şad.

 

 

 

İKİNCİ MƏZLUMUN ŞİKAYƏTİ

 

İkinci dayandı, əl ustündə əl,

Şaha dua etdi hər şeydən əvvəl;

Dedi: “Kənarlarda vardı bir bağım

Yaşıllıq yurduydu şaxım, budağım.

Hər küncünün vardı behişt cəlalı,

Əyərdi meyvələr hər yaşıl dalı.

Məndən ötrü xəzan təzə bahardı,

Atamdan bu bağça bir yadigardı.

Gəldi haman bağa bir gün o yağı,

Oldu gülzarımın əziz qonağı.

Gətirdim ortaya meyvə, mey, şərbət,

Layiqincə ona eylədim hörmət.

Evdə, bağda nəyə gəldi gümanım,

Gətirdim ortaya, gülsün mehmanım.

Yedi, rahat oldu, sevindi, yatdı,

Meydən istəyincə murada çatdı.

Sonra durub gəzdi, etdi tamaşa,

Haman bağ eşqilə döndü sərxoşa.

Söylədi: – Gəl, mənə sat bu bağını,

Pul verim, nurladım qoy çırağını.

Mən dedim: – Canımdır, bil, bu bağ mənim,

Onsuz günüm qara olacaq mənim.

Hər kəsin bir şeyə qızğın eşqi var,

Mən yazığı isə bağım yaşadar.

Elə zənn eylə ki, bu bağ sənindir,

Bağbanınam burda, otaq sənindir.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info