Qonaq Kitabı
YEDDİ GÖZƏL

Ud nişanlı müşki söyüd ki, vardı,

Gah kafur yığardı, gah müşk yığardı.

Ərğəvan, yasəmən bitib qalxaraq,

Bayraq ucaldırdı göyə al və ağ.

Xəzan oxlarından görmuşdü dağı,

Əlini dişlərdi söyüd budağı.

Qızılgül qalxaraq tacidar oldu,

Yel də, qum da ona tərəfdar oldu.

Bütün bir gecəni budaqda bülbül

Xoruz banınadək döyürdü təbil.

Meydan yamyaşıldı, gül isə aldı,

Beş növbə təbili o çaldı, çaldı.

Sərv üstə faxtəyə edilsə nəzər,

Səsi rud səsinə olduqca bənzər.

Səhər naləsiylə qumru ötüşü

Kəkliyin əlindən aldı gülüşü.

Turaclar əkində ötüb gedirdi,

Cənnət beytləri təqti edirdi[293].

Zəndibaf, behiştin “Zənd” kitabından

Gecə bir neçə hərf oxudu pünhan.

İti nəvasıyla əndəlib gəldi,

Ahəngdar telitək çəngin incəldi.

Yazı lövhü kimi naxışlandı bağ,

Quş, balıq şadlandı, oldu keyfi çağ.

 

 

 

XAQANIN BƏHRAM ÜZƏRİNƏ QOŞUN

ÇƏKMƏSİ VƏ BƏHRAMIN ÖZ QOŞUNUNDAKI

QARIŞIQLIQDAN XƏBƏR TUTMASI

 

Belə bir zamanda Bəhram şahənşah

Öz keyf məclisini düzəltdi gümrah.

Yeddi günbədindən möhtəşəm, yüksək

Bir günbəd qurdu ki, heyrandı fələk.

Bir qasid aradı uca məkanı,

Sordu yeddi günbəd, altı tağ hanı?

Cənnət eyvanına o gələn kimi,

Ruhu, düşüncəsi yüksələn kimi

Xosrova söylədi sənalar, əhsən.

Sonra da səcdəyə düşüb o gələn

Dedi: “Qalxıb Çindən ordu yürüyür,

Alıb hər tərəfi, basır, bürüyür.

Verdiyi peymana edib xəyanət,

Fəğfur göstərmədi əhdə sədaqət.

Tapılmaz çinlidə vəfadan misal,

İçləri zəhərdir, bayırları bal.

Çəkib qılıncını bir coşğun ordu,

Yetişib Ceyhuna düşərgə qurdu.

Çölləri bürüdü sel, ey ulu şah!

Bir ümmandır onda hər dəli timsah.

Bir tədbir görməsə padşah, doğrusu,

İçər qanımızı çinli sanki su”.

Şah yaxşı bildi ki, iş nə haldadır,

Gördü səlamətin başı qaldadır.

Öz başını tora salmazdan əvvəl

O, meyi buraxdı, camdan üzdü əl.

Belə qərar verdi: varkən imkanı

Tədbirlə eyləsin məğlub düşmanı.

Pənah bir orduda, xəzinədədir,

Bunlar da olmasa, ad, zəfər nədir?

Bilincə Bəhram ki, xəznə boşalmış,

Nə dava sursatı, nə ordu qalmış,

Döndü dişsiz şirə, sıxıldı yaman,

Oldu gözlərində ölkəsi zindan.

Eşitmişəm şahın, üzlərdən iraq,

Bir vəziri vardı Allahdan uzaq.

Rastü-Rövşən qoymuş adını, düzü,

Bu addan uzaqdı olduqca özü,

Düzlükdən yuxaydı, nazikdi qat-qat,

Düzlüyü əyrilik, işığı zülmat.

Padşaha adıyla qurmuşdu duzaq,

Özü yaxşılıqdan uzaqdı, uzaq.

Nə qədər ölkəyə Nərsi vəzirdi,

Allahın xovfunu yaxşı sezirdi.

Rastü-Rövşən keçdi vəzirliyə, bil,

Oldu doğruluqla aydınlıq zəlil.

Şah könül verdikcə naza, işrətə,

Vəzir də əl atdı zülmə, zillətə.

Yaxıb məsləhəti, fitnəni tutdu,

Ölkənin varını xul kimi uddu.

Şahın naibini hər yerə çatdı,

Qızılla, şübhəylə yaman aldatdı.

Dedi ki: “El bütün tələbkar olub,

Ərköyün, ədəbsiz, tamahkar olub.

Bizdən gördükləri bu nazü nemət

Onlara veribdir hər işdə cürət.

Verməsən tədbirlə bir cəza əgər,

Dartar qulağını yurdun bədnəzər.

Pisdir həm zatları, həm də özləri,

İçləri canavar, Yusif üzləri.

Qurdu dustaq edib tez çəkək dara,

Nə zamana qədər etmək müdara?

Torpaqdan yaranan hər qanmaz, alçaq,

İnsan surətində heyvandır ancaq.

Heyvandan umulmaz vəfa insana,

Qılıncla baş əyər onlar fərmana.

İbrət kitabına baxanlar bilər,

Səyavuş bunlardan çəkmişdir nələr.

Cəmşid cəlalını xar etdi onlar,

Daraya dünyanı dar etdi onlar.

Rəiyyətin malı hovuz suyudur,

Bir yerdə qaldıqca yaman qoxuyur.

Torpaqdan bulanıq olsa əgər su,

Yenə də torpaqla edilər duru.

Şah sərxoşsa əgər, düşmən sayıqdır,

Darğa yatıbdırsa, oğru oyaqdır.

İşlətməzsə əgər şah siyasəti

Puç olar şahlığı, həm rəyasəti.

Siyasət işlətsə bir şah, hər zaman

Ondan qorxub qaçar div ilə düşman.

Divdən fərqli deyil küstax rəiyyət,

Boşlasan, addımı gen qoyar, əlbət.

Çalış siyasətdə elə axıt tər,

Ağalıq görməsin ondan bir xətər,

Aldatmasın səni dostluq imkanı,

Bir özünü, bir də qılıncı tanı.

Keyf edib güvənir bizə tacidar,

Səndə yalın qılınc, məndə qələm var.

Səndən qəhr eyləmək, məndənsə tədbir,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info