Qonaq Kitabı
YEDDİ GÖZƏL

Ya da xislətinlə xalqa ol misal.

Nura qarşı hicab çəkilsə əgər

Səmadan, fələkdən göz uzaq düşər.

Göyləri tanıyıb duyan bu yerdir,

Mələyi saxlayan ancaq bəşərdir.

Nə qədər bu torpaq, yel, atəş, su var,

Ol qəm aləmindən hər zaman kənar.

Bu dörd pəncərəli hücrə ki vardır,

Dardır ürək üçün, bu, aşikardır.

Oğru qapısıtək qoşadır, qoşa,

Vurmuş əyyar kimi dörd bənd hər başa.

Kənddən qovulmamış zorla uzağa,

Yüklə paltarını öküz, ulağa.

Ağırsan, yolunu canü-dillə get,

Miniyin itidir, yükü yünkül et.

İnsan kainata vida edəndə

Canın meyli qalar yenə bədəndə.

Canın əgər bilsən qədrini hədsiz,

Onda yaşayacaq ruhun cəsədsiz.

Ey bəhanə quran, zənn etmə, guya,

Nə var buradadır, heçdir o dünya.

Çoxdur uzunumuz, enimiz, ancaq,

Getməz xəyalımız dünyadan uzaq.

Çox yaranmış da var uzaqlarda, bil,

İşıqdan, zülmətdən xəbərdar deyil.

Sonsuzdur dünyada yaradılış, çox,

Yaradan vahiddir, buna şübhə yox.

Bu yeddi lövhəli dörd nəqşə bir əl

Yazdı bir qələmlə hər şeydən əvvəl:

Əgər, deyil yeddi, olarsa dörd yüz,

Bircə iradəyə tabedir, sözsüz.

Əvvəlinci nöqtə, sonuncu pərgar

Birdir, birliyindən sanma qayıdar.

Qoşaya baxma gəl vüsal zamanı,

Onlar əslən birdir, sən biri tanı.

Hər cütü birlikdir əvvəl yaradan,

Bir qalar çıxanda cütlük aradan.

Hər kim ki, cumulub saraya gələr,

Geri dönəcəkdir, yola düzələr.

Orada asta get, iti görəndir,

Gec tutansa əgər, tez öldürəndir.

O aciz öldürən bir hakim deyil,

Çıxmaz xatirindən onun kimsə, bil.

Yüz min hiylə qursan, işlətsən kələk,

Payındır yenə də bir qarın yemək.

Malikdir asiman donmuş hovuza,

Yetməzmi bu qədər güvəndin buza?

Aləmi çarx kimi hərlənən insan

Tərk edib hər şeyi köçdü dünyadan.

Fani aləm onu ölümə sürdü,

Çarx onu çarx kimi büküb öldürdü.

Dünya nemətini daim yada sal,

Ondan sağlığında mənfəətlər al,

Ta ki, can alanda qılıncla peykan,

Asudə gedəsən fərsiz dünyadan.

Özün bu dünyadan köçmədən əvvəl,

Xilas olmaq üçün üz canından əl,

Azacıq yeyərək, evini xar et,

Dünyadan canını belə apar, get.

Cahanda yaxşıdır iki şey ancaq:

Az yemək, bir də ki, çox bağışlamaq.

Böyüklüyə çatan hər kamil insan

Ancaq beləliklə çıxarar ad-san.

Yıxılmaz az yeyən ucadan, haşa!

Çıxmaz tamahkar da ucaya, başa.

Darğa qamçısı ki, qəlbə vurar dağ,

Az dovğa paylayan üçündür ancaq.

Bu kənddə hər kimin əgər ağlı var,

Zərdən yaxşılığı o yüksək tutar.

Xas ilə, avamla doludur həyat,

Ancaq heç kimsənin deyil kainat.

Necə bel bağlanar belə bir işə,

Yox etməkdir səni qəsdi həmişə.

Göy altında evlər, diqqət eylə, bax,

Torpaqdır, başına tök sən də torpaq.

Fələyin torundan qaç yana, çəkin,

Dar ağacı olmuş sənə minbərin.

Dara getmək diri, əgər həvəsdir,

Bir Məsih yürüdü bu yolda, bəsdir.

Bir torpaq çatarsa əgər göy tağa,

Torpaqlar enəcək yenə torpağa,

Qaldırsa göylərə hər kim tacını,

Alar yeddi elin o xəracını.

Yenə də başını yerə əyincə,

Yumar gözlərini, ölər bir gecə.

Basar ağuşuna torpaq səni, bil,

Bu yerin xəznəsi ilansız deyil.

Bir xurma göstər ki, olsun tikansız,

Varmıdır aləmdə möhrə ilansız.

Dünyada yaxşı-pis hər nə görünər,

Şəkərdə zəhərdir, zəhərdə şəkər.

Söylə, kimdir yeyən o şirin balı?

Ardınca görməyə neştər zavalı?

Dünya nuşunuşi arıya bənzər,

Ağzı bal səpələr, quyruğu zəhər.

Zülmət, nur pərdəsi altda heç zaman

Uzaq olmaz eşşək mehri-İsadan[314].

O kimdir bir zaman taxt qurdu yerdə,

Axırda məzara salmadı yer də?

Asan şey ver mənə, ey qadir qəni!

Sən peşiman etmə aciz bəndəni.

Kərəm qapısını Nizamiyə aç,

Yer ver himayəndə, ona şəfəq saç.

Əvvəldə vermisən ona yaxşı ad,

Eylə axırda da yaxşılıqla yad.

 

 

 

ŞAHA SƏNA VƏ KİTABIN XƏTMİ

 

Tam əks-əyarlı nəqdi Gəncədən

Rumi çeşnisiylə parladınca mən[315],

Ona şah adını bəxş etdi dilim,

Naxşından istədim sulansın əlim.

Çini libaslı şah qoydu qızıl tac,

Çin və Rum şahları ona verdi bac.

Üsul, firu ilə oldu aşina

Bəxtiyşu rəyinə, İyşu baxtına[316].

Yerini öpməyə göylər qalxışar,

Onun cəlalıyla yaranmış yaşar.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info