Qonaq Kitabı
YEDDİ GÖZƏL

Nə zaman güzarın düşərsə bizə,

Sular kənarında, mey iç, al məzə.

Nəyə malikəmsə mətbəximdə mən

Gətirsin önünə bir gümüşbədən.

Dedi: – Bundan daşın, bəhanəni at,

Yığış, get buradan, bağı mənə sat!

Çalışdım, inlədim, atmadım bağı,

Nə zora, nə zərə satmadım bağı.

Nə zaman keyfləndi o asi mehman,

Atdı üzərimə bir quru böhtan.

Başımı zülm ilə cəfaya saldı,

Tutub mən yazıqdan bağımı aldı.

O gündən qismətim oldu soyuq ah,

Deyirəm dərdimi bilsin şahənşah.

İki ildir məni gətirib cana,

Çəkib əziyyətlə salıb zindana”.

Şah qaytardı ona tarlanı, bağı,

Bağdada dönmüşdü bağı, otağı.

 

 

 

ÜÇÜNCÜ MƏZLUMUN ŞİKAYƏTİ

 

Üçüncü dedi ki: “Böyük tacidar,

Hər yana istəsən bəxtin yol açar.

Mən dəniz yoluyla edib ticarət,

Tapardım özümə bir parça nemət.

Çıxardım səfərə beləcə bol-bol,

Gəlirim artardı hər səfər, hər yol.

Dürrü tanımaqda artdı qiymətim,

Bürüdü hər yanı adım, şöhrətim.

Sabaha nur verən yar-yaraşıqlı,

Çıraqdan daha çox aydın, işıqlı

Bir neçə mirvari ələ gətirdim,

Sevinib özümü şəhrə yetirdim.

Onları satmaqdı arzum, istəyim,

Dedim: yaxşı geyim, həm yaxşı yeyim.

Çatdı vəzirinə onun sorağı,

Bildi ki, məndə var bir boyunbağı.

Çağırtdırıb aldı, odlara yandım,

Qiymət söyləməyə yaman utandım.

Sövdələşmək çağı gəldi meydana,

Gətirdi ortaya yüz min bəhana.

Dedim qiymətini, dərdü qəmlə mən,

Yenə əl çəkmədi o bəhanədən.

O, qaradan, ağdan tutmuş neçə gün,

Qəlbimi ümidlə doldurdu bütün.

Nəhayət çağırıb məni gizlicə,

Canitək zindana saldı bir gecə.

Pulumu vermədi namərd, aman, ah,

Dedi: – İşləmisən cinayət, günah.

Getdi halal malım, dürr boyunbağım,

Bağlandı üstəlik əlim, ayağım.

O məndən gövhəri beləcə aldı,

Varlığım daş kimi zillətdə qaldı.

Dürrü papağına eylədi bəzək,

Atıldım quyuya, qaldım sədəftək”.

Xəznəsindən alıb bədvəzirin, şah

Onu daş-qaşlarla eylədi gümrah.

 

 

 

DÖRDÜNCÜ MƏZLUMUN ŞİKAYƏTİ

 

Dördüncü şəxs çəkib, qorxusundan ah,

Dedi: “Ey tərifə layiq olan şah.

Gənc, qərib aşiqəm, ilham alardım,

Axar sular kimi bərbət çalardım.

Bir sevgilim vardı, olmazdı misli,

Qəmlər təsəllisi, çinliydi əsli.

Hilaldan nur almış parlaq məhpara,

Gündüz qarşısında gecədan qara.

O, heçin adını qoymuşdu ağız[299],

Qatıb gülüşünə qənd, şəkər bu qız.

Bahardan gözəldi bu dilbər cavan,

Aşkara çalmışdı rövnəqi bağdan.

Satın aldımsa da mən o afəti,

Gözümün bir oydu vəli-neməti.

Məndən öyrənmişdi sazda çalmağı,

Vardı ruh bəsləyən könul almağı.

Üzbəüz oturub məclis qurardıq,

Şamla pərvanətək söhbət vurardıq.

Mən bir gecə idim, o nurlu çıraq,

Yar sevimli çiçək, könül bağça-bağ.

Vəzir məndən aldı o güləndamı,

Elə bil ayırdı nurundan şamı.

Alıb öz evini işıqlandırdı,

Yazıq pərvanəni oda yandırdı.

Mən yar həsrətiylə divanə oldum,

Ona yol axtardım, getdikcə soldum.

Vəzirin saldırdı məni zindana,

Dedi: – Zəncirlənər dəli-divana.

Aldı o yarımı hiylə, naz ilə,

Can qaldı zindanda min niyaz ilə.

Dörd ildir ki, belə, ah, o zülümkar

Məni bu zindanda etmiş zəlil, xar”.

Şah gözəl kənizi, bollu varidat

Gətirdib, oğlana verdi o saat.

Üstəlik gəlinə verdi bol cehiz,

Zindandan qurtardı məhbusla kəniz.

 

 

 

BEŞİNCİ MƏZLUMUN ŞİKAYƏTİ

 

Beşinci söylədi: “Ulu tacidar,

Ey evi fələyə olan barabar.

Rəisiyəm filan rəsədgahın mən,

Müti bir quluyam şahənşahın mən.

Məşğələm verməkdir ölkəyə zinət,

Qulağım halqalı, işim itaət.

Şahın dövlətindən, yaradan Allah

Mənə dövlət vermiş, bir də calal, cah.

Məşriq şahı daim yaşasın deyə,

Qərq etdim üfüqü tamam şənliyə.

Duan rizqim idi mənim hər zaman,

Səndən ötrü gördüm yaxşı iş, inan.

Şəhər, kənd sayəmdə oldu təzə, şad,

Alimlər etdilər mənə etimad.

Əlimlə parladı bütün məmləkət,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info