Qonaq Kitabı
YEDDİ GÖZƏL

Sonra pərdə açdı, atdı çəngə əl.

Dedi ki: “Aşiqlər deyər, bir kərə

Yar gəlmiş baş çəkə incə dilbərə.

Görüncə gözəli aşiq uzaqdan,

İstəmiş barını dərsin budaqdan.

Qucuşmaq arzusu coşmuş canında,

Gül qiyamət eylər sərvin yanında.

Sinə bostanında bilmiş barı var,

İstəmiş qoparıb yesin armud, nar;

Gövhər xəznəsinə uzadaraq əl,

Atsın o xəznəyə ayaq ilk əvvəl.

Axıtsın nabata şəkər bilətsin,

Söyüdlə lalədən al qan çilətsin.

Qəfildən başlamış fitnə qovğaya,

Butün arzuları çıxmışdır zaya.

Pərvanə işıqdan qalmışdır iraq,

Susuz düşmüş həyat suyundan uzaq.

Sən, ey pərdələri gec vuran, dur, al,

Çəngə düz pərdə vur, rəngi doğru çal.

Mənə pərdə verdin olduqca əyri,

Səninlə dönmərəm düzlükdən geri”.

Söylətdikcə qəzəl dərdli nigarı,

Xəbər tutdu yenə can sirdaşları.

Xacəni gəzdilər, yenə çapdılar,

Gəlib bir tərəfdə yorğun tapdılar.

Ürəyi dönmüşdü əsən yarpağa,

Vermişdi yanını quru torpağa.

Oxşayıb durdular sınıq ruhunu,

Çəkib çıxardılar xarlıqdan onu.

Ürəkdən acıyıb, tutdular əhval,

Xacə ahlar çəkib etdi ərzi-hal.

Ona çarə gəzdi iki ayqabaq,

Yaman xəyallardan etdilər uzaq.

Açıb ürəyini o bir cüt çiçək

Vədələr verdilər, aldılar ürək.

Dedilər: “Bu işdə möhkəm insan ol,

Mehribandan daha çox mehriban ol.

İş üçün elə bir yuva təmir et,

Qoy uça bilməsin oraya afət.

Uzaqdan baxarıq, gözləyərik biz,

Olarıq işgüzar bir gözətçiniz”.

Deyib bu sözləri tez yönəldilər,

Durub ayağına sərvin gəldilər;

Elə ki xacəni tapdı o canan,

Oldu ürək alan, əziz, mehriban.

Gözəl deyilənə edincə əməl,

Xacə xacəliyi atdı əlbəəl.

Tutdu sərxoş kimi gül saçlarından

Apardı, yer gəzdi bağçada pünhan.

Bağın kənarında vardı bir bucaq,

Bir xərmənlik yerdi, nurlu tağdı, tağ.

Orada ağaclar bənzər hasara,

Üstü meşəlikdi, altı mağara.

Xacə gəzib, gəzib orada durdu,

Bu xoş çəmənlikdə yerini qurdu.

Kəsib yasəməni atdı kənara:

– Gedək ora, – dedi nazlı dildara.

Həya üz çevirib qaçdı, gizləndi,

Açdı, necə deyim, o gizli bəndi.

Çəkdi qucağına tər güləndamı,

Şəkər arasında gördü badamı.

Hələ sürmədana getmədən mili,

Yeni oyun açdı fələyin əli.

Mağara içində olan tülkülər

Qismətin üstündə qopardılar şər.

Haman tülküləri görüb canavar

İstədi eyləsin onları kənar.

Qorxdular tülkülər bu yalquzaqdan,

Zağ-zağ titrədilər əsib uzaqdan.

Baxaraq çöllərin bu heyvanına,

Qaçdılar xacənin birbaş yanına.

Qabaqda tülkülər, dalda canavar,

Aşiqlər üstündən keçib qaçdılar.

Bir ordu salmışdı sanki çataçat,

Pozuldu xacənin qurduğu büsat.

Nə vardı, bilmədi, xəyalı çaşdı,

Toz-torpaq içində yüyürdü, qaçdı.

Əridi, qan oldu bağrının yağı,

Çalışdı tərk edə qorxulu bağı.

Şümşadlar ki, vermiş nərgiz, nar ona

Gördülər xacəni qaçır bir yana.

Gedib dilbərini tapdılar yalqız,

Cüt nəhəng içində dürr oldu o qız.

Səsləndilər: “Nə var, nə olub, anlat!

Bu nə şeytanlıqdır, bu nə xəyalat?

Niyə puç edirsən bu çavanlığı,

Niyə öldürürsən mehribanlığı?

Mehriban olduğun bu qəriblə sən,

Belə bir oyunu kim oynar, desən?

Neçə yol bu gecə tərk etdin onu,

Fitnə-fellər qurub, əzdin ruhunu”.

Gözəl yalvararaq içdi and-aman,

Lakin inanmadı o qoşa canan.

Xacə gəlib çatdı bu zaman dada,

Qızlar sanki qayçı, şam da ortada.

Danlaqdan çəkinib utanıb, durur,

Qızlar da hey ona sərzəniş vurur.

Dedi: – Siz əl çəkin bu qızdan, barı,

Bir də incitməyin incimiş yarı.

Pis bir iş tutmamış əsla o gözəl,

Gərəkdir başqa yol, başqa bir əməl.

Əgər xəyanətdə varsa bir xətər,

Sizi döymək lazım, sizsiniz rəhbər.

Məsumdur nə qədər onun gövhəri,

Təqsirkar sayınız ancaq bu yeri.

Dünya zirəklərin karvan yoludur,

Düzlər təmizlərin sadiq quludur.

Pislikdən qurtardı yaradan bizi,

Qoymadı bizlərdə bir xəta izi.

O əngəllər bizdə qoymadısa can,

Afəti afətlə yudu Yaradan.

Bəxtimiz olalı pasibanımız,

Pis işdən qurtardı şirin canımız.

Aldada bilməsə hər kimi şeytan,

İnan ki, baş verməz pis əməl ondan.

Hər kim istəsə ki, işləsin haram,

Haramzada olar yalnız o adam.

Bu pəri camallı, şux güləndamı

Mehriban sayacaq hər zaman hamı.

Mərdliyi sevdirər belə cavanı,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info