Qonaq Kitabı
YEDDİ GÖZƏL

Kimi tut söyləsəm, onu et əsir.

Varlıdan sərvət al, qoy qalsın çılpaq,

Yoxsula qanıyla cəza ver ancaq.

Yaxşı-pis, yolunda halaldır, halal,

Pislərdən can çıxar, yaxşılardan mal.

Al malı, rütbəni, xalqı xar eylə,

Əziz ol hər zaman davranıb belə.

Elə ki, rəiyyət zəif, xar olar,

Səltənət yerində bərqərar olar”.

Naibi məst etdi qürur, mükəmməl,

Vəzirlə o dəxi atdı zülmə əl.

Aldanıb edilən hər məsləhətə,

Zülümlər eylədi o rəiyyətə.

Xarlığı bir yerə yetirdilər ki,

Ölkədə başladı bir hərki-hərki.

Zülmün atəşinə canlar qalandı,

Ocaqlar talandı, evlər talandı.

Yüksəlib ellərə şeypur saldı səs,

Hər yanda hökm etdi: tut, qoyma, bas, kəs.

Yaman bir məqama çatdı əhali,

Qalmadı kimsənin dövləti, malı.

Ellər həsrət qaldı dövlətə, vara,

Rastü-Rövşən aldı rüşvət aşkara.

Qızıl, gövhər, kəniz, bollu qulam, qul,

“Malım var” demədi eldə bir oğul,

Çoxluq deyil, etdi yoxluq çox əsər,

Ölkədə qalmadı varlı bir nəfər.

Evlilər soyğundan gələrək zara,

Buraxıb evini verdi yadlara.

Canından əhali bezdikcə bezdi,

Baş alıb avara dağlarda gəzdi.

Əkinin, öküzün kökü qazıldı,

Gəlir qan bahası deyə yazıldı.

Məmləkət döndükcə xarabazara,

Xəznə həsrət qaldı gəlirə, vara.

Vəzirinsə evi xəzanə oldu,

Aləm başdan-başa viranə oldu.

Dava tədarükü görməliydi şah,

Baxdı nə qoşun var, nə xəznə, eyvah,

Dedi qulamlara: “Bilməliyəm mən:

Dönüb xarabaya məmləkət nədən?”

Zülümkar vəzirdən qorxaraq heç kəs

Olub bitən işdən çıxarmadı səs.

Gətirdi hərəsi bir cür bəhana:

– Bu iflas elədi, o qaçdı yana.

Torpaqda mədaxil, məhsul qalmadı,

Odur ki, xəznə də bir şey almadı.

Gəlir yox ödənməz oldu vergilər,

Günləri xoş kecən yoxdu bir nəfər.

Şahımız göstərsə şəfqət, mərhəmət,

Kəsbkarlıq yenə qızışar, əlbət.

Şahı bəhanələr qane etmədi,

Vaxtsız döyüşə də lakin getmədi.

Cəfakeş dünyanı düşündü, daldı,

Onun da həmdəmi yalnız xəyaldı.

İşini sahmana sala bilmədi,

Nəticəsiz qaldı qeyrəti, cəhdi.

 

 

 

BƏHRAMIN QOCA ÇOBANIN

EVİNƏ YETİŞMƏSİ

 

Arabir də gedib ova oldu şad,

Edildi qüssədən bu yolda azad.

Bir gün cilovladı dərdi-sər onu,

Ovutmaq istədi o da ruhunu.

Təkbaşına çıxdı ova, ovlağa,

Qəlbinin qanını qanla yumağa.

Ovladı, ovladı, vurub dağladı,

Qəmin ayağını möhkəm bağladı.

Vurdu pələngləri, vurdu şirləri,

Atının başını çevirdi geri.

O qədər sürətlə qovub çapdı at,

Əridi istidən beyni də qat-qat.

Gəzdi o yerləri, dolandı gəzdi,

İçməyə bir damcı su yoxdu, sezdi.

Gördu, əjdər kimi ayı tutmağa,

Bir zil qara tüstü qalxıb ayağa,

Burulurdu sanki dağ üstündə dağ

Göylərə qəsd üçün sanki qalxacaq.

Söylədi: – Doğsa da oddan bu tüstü,

Gedim su istəyim ordan əlüstü.

O tüstüyə tərəf çapdı, yönəldi,

Uca bir çadırın yanına gəldi.

Gördü ki, sürüdür gəzib otlayan,

Günəşin altında alışır hər yan.

Ağacdan asılıb bir it aşağı,

Bağlanıb daş kimi əli, ayağı.

Atını çadırın yanına sürdü,

Olduqca mehriban bir qoca gördü.

Qonağı görüncə, hər şeydən əvvəl

Qoca təzim etdi, əl üstündə əl.

İlk əvvəl salamdan verdi sovqatı,

Qonağı düşürdü tutaraq atı.

Sonra da çadıra doğru düzəldi,

Nəyi var hüzura gətirdi, gəldi.

Söylədi qonağa: “Gizlədim niyə,

Layiq deyilsiniz belə süfrəyə.

Buralar abadlıq deyildir, düzü,

Süfrə yoxsul isə, məzur tut bizi”.

Görüb çörəyini o çobanın şah,

Bir içim su içdi, əl çəkdi nagah.

Dedi: “O vaxt çörək yeyərəm ki, sən

Nə sorsam, düzünü açıb deyəsən.

De görüm, bu itin nədir təqsiri?

Nə üçün bağlanıb bu evin şiri?”

Qoca söylədi ki: “Ey gözəl cavan,

Deyərəm nə olub, dinlə, gəl, cavan,

Bu it keşikçimdi çöldə, çəməndə,

Tapşırmışdım ona sürünü mən də.

O xeyli əmindi, vəfası vardı,

Onunla dostluqdan can xoşlanardı.

Gəzərdi hər zaman sürümdən uzaq

Bir qoyun oğrusu, bir də yalquzaq.

O, arxam, dayağım, pasibanımdı,

Əsla itim deyil, bil, çobanımdı.

Düşmən, pəncəsinə keçsə didərdi,

Dəmir biləyimdi, həlak edərdi.

Çöldən şəhərlərə getdiyim zaman



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info