Qonaq Kitabı
YEDDİ GÖZƏL

Yetişdi sayəmdə hər kəsə nemət.

Yoxsulluq əlimlə qaçdı, yox oldu,

Səyimlə dulların qarnı tox oldu.

Qızıl umanlara eylədim kömək,

Darda qalanlara yetirdim yemək.

Qoymadım kimsəni qalmağa mətəl,

Əziyyət çəkənə tez uzatdım əl.

Nə gəlirim olsa əkinçilikdən,

Onu sərf eylədim qonaqlığa mən.

Salmışdım qaydaya gəlir-çıxarı,

Məndən razı idi rəiyyət, Tanrı.

Bu adım, bu sanım vəzirə çatdı,

Zülüm qazanını o tez qaynatdı.

Aldı mənsəbimi, cah-calalımı,

Dağıtdı, qoymadı mülkü malımı.

Dedi: – Qazanmadın əməklə var sən,

Bəxşiş də görməyib kimsə əlindən.

Var iksir kürəsi səndə, ehtimal,

Ya ki, tapılmadır bu xəznə, bu mal.

Ayır layiqincə bir qismət mənə,

Yoxsa, yetirərəm əziyyət sənə.

Qulunun başına gətirdi nələr,

İşlətdi min cürə xam bəhanələr.

Ən axırda məni dərdimənd etdi.

Özüm öz qulumdum, tutub bənd etdi.

İndi beş ildir ki, evdən uzağam,

Körpələrə həsrət nakam dustağam”.

Şah verdirdi ona min nazü nemət,

Dedi ki: – Azadsan, öz evinə get!

 

 

 

ALTINCI MƏZLUMUN ŞİKAYƏTİ

 

Altıncı məzluma növbət ki, çatdı,

Öz xumar bəxtini o da oyatdı.

Şaha dua etdi əvvəlcə, əlbət,

Dedi: “Ey əxlaqı ölkəyə nemət,

Əslim kürd, özüm də mərd bir əsgərəm,

Nəslimin mirası, xalis gövhərəm.

Qoşun əfradına[300] mənsubam mən də,

Atam da padşaha bəndəydi, bəndə.

İxlasla şahıma qulluq edirdim,

Atamın getdiyi yolla gedirdim.

Şahın duşməninə qılınc çəkərəm,

Hazıram canımdan keçməyə hər dəm.

Şah öz nemətindən azacıq çörək

Vermişdi, biz də bir güzəran görək.

Asudə neməti mən də yeyirdim,

– Bəndəyəm hər zaman şaha, – deyirdim.

Aldı mənsəbimi vəzir kələkbaz,

Zülmün, yamanlığın axırı olmaz.

Vardı əkin yerim, əhli-əyalım,

Yoxdu bundan özgə dövlətim, malım.

Neçə yol yanına vardım onun mən,

Yalvardım, yaxardım tutsun əlimdən.

Bəlkə də ədalət yoluyla getsin,

Yazıq ailəmə bir insaf etsin.

Təqaüd kəsdirsin mənə o insan,

Ruzimi yetirsin ali divandan.

Üstümə səsləndi, dedi: – Sakit ol!

Gedib xədənginlə öz ruzini yol[301].

Yoxdur meyli şahın, bunu düş başa

Ki, dava törətsin, girsin savaşa.

Qorxuda deyildir başının tacı,

Davaya, qoşuna yox ehtiyacı.

Tənbəllik eyləmə, peşə tap, peşə,

Palçıqçılıq eylə, giriş bir işə.

Yeməyin yoxsa da, qapında var at,

Onu, yəhərini, silahını sat!

Dedim: – Bu xislətdən, bu rəydən əl çək,

Tanrıdan qorxaraq, gəl, eylə kömək.

Həsrət qoyma məni pula, paltara,

Mən dara düşmüşü gəl salma dara.

Sən uzatdın nazla əl-ayağını

Mən qılınc götürüb qovdum yağını.

Sən məmləkət üçün vurursan qələm,

Mən qılınc götürüb, atıram qədəm.

Qələm batırırsan sən qara qana,

Mən hücum edirəm qanlı düşmana.

Şahın verdiyini alma əlimdən,

Pənah apararam, yoxsa, ona mən.

Qızıb bu sözlərdən göstərdi inad,

O mən qələmsizə çəkdi bir dəvat[302].

Dedi ki: – Ey qanmaz, bunu yaxşı qan,

Xam kərpic deyiləm ki, qorxum sudan.

Gah dilə tutursan işlədib hiylə,

Gah da qorxudursan məni şah ilə.

Verdim taxtü-tacı mən tacidara,

Mən olmasam, olmaz nə ağ, nə qara.

Saymaram olsa min şah sərəncamı,

Yaşar mənim üçün padşahlar hamı,

Yola getməsəydi mənimlə hərgah,

Qurd-quşa olardı qismət, bil ki, şah.

Söyləyib dəvatı başıma çaldı,

Atı, silahımı əlimdən aldı.

Zülm edib əlini batırdı qana,

O gün mən yazığı saldı zindana.

Dustağam indi mən düz altı ildir,

Ürəyim qəmlidir, bəxtim zəlildir”.

Şah oxşayıb onu, tutdu qaş-daşa,

Ey bəndə bəsləyən hökmüdar, yaşa!

Şahın ki, lütf ilə güldü dodağı,

İki dəfə artdı kürdün torpağı.

 

 

 

YEDDİNCİ MƏZLUMUN ŞİKAYƏTİ

 

Yeddinci məzlumun növbəti yetdi,

Ürəkdən o şaha dualar etdi.

Dedi: “Mən dünyadan götürmüşdüm əl,

Allaha bağlayar zahidlər əməl.

Gözütox yoxsulam, yandım şam kimi,

El üçün çalışan bir adam kimi.

Aqibətdən xəbər tutaraq əvvəl,

Üzdüm bu dünyanın işlərindən əl.

Demə ki, yemişəm, demə yatmışam,

Bol namaz qılmışam, oruc tutmuşam.

Gündüz yoxdu yeyim çörəyim, suyum,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info