Qonaq Kitabı
YEDDİ GÖZƏL

Sürüyə olardı bu köpək həyan.

Şəhərdən dönsəydim əgər gec dala,

Verərdi sürünü tək bu it yola.

Oldu yataqdarım neçə il belə,

Düz oldu, uymadı fitnəyə, felə.

Bir gün mən sürünün yolunu kəsdim,

Qoyunun sayını bilməkdi qəsdim.

Gördüm əskik gəlir heyvan yeddi baş,

Dedim: səhv edirəm, etmədim təlaş.

Bir həftə keçmişdi saydım dübara,

Az gəldi qoyunum, qan oldu qara.

Sığındım kamala, əsla yatmayıb,

Gördüm xətaya əl insan atmayıb.

Gözüm keşik çəkdi, heç dincəlmədi,

Bir gecə də olsun hərif gəlmədi.

Demə, bu it yaman ayıqmış məndən,

Min yol tədbirində sayıqmış məndən.

Yenə də eylədim sürüyə diqqət,

Saydım yenə elə az gəldi, əlbət.

Azaldıqca sürü çoxaldı dərdim,

Özümü qüssənin əlinə verdim.

Malım azalırdı daima beş-beş,

Sanki əridirdi buzu al günəş.

Hər gün azalırdı bu dövlət, bu var,

Yerdə qalanı da zəkat aldılar[294].

O zamandan bəri bağrı qan oldum,

Ağaydım, çevrildim bir çoban oldum.

Acı qəm odlara, bil, atdı məni,

Ciyərə işləyib ağlatdı məni.

Dedim: pozğunluğu salır bədnəzər,

Yırtıcılar edir evimə güzar.

İtim it deyildi, sanırdım şirdi,

Kim onunla belə dostluğa girdi?

Yatırdım bir dəfə su qırağında,

Ayıldım havanın xoş bir çağında.

Balış hesab edib öz çomağımı,

Uzatdım səssizcə əl-ayağımı.

Bir dişi canavar gördüm ki, gəldi,

İt onun önündə süst-süst çöməldi.

O, it lisanıyla çağırdı iti,

Köpək qarşıladı bu məhəbbəti.

Gəzdi dövrəsini, saldı tozanaq,

Gah quyruq tərpətdi, gah da ki, qulaq.

Axırda əyləşdi qurdun belinə,

Aldı istəyini dərhal əlinə.

Gəlib yatdı, sanki keyfi duruldu,

Ağzına sükutun möhrü vuruldu[295].

Qurd əvvəlcə verdi bir rüşvət itə,

Qələm haqqı gəzdi belə rüşvətə.

Sürüdə çox yağlı bir qoyun vardı,

Köklükdən ayağı qabar-qabardı.

Aşırdı qoyunu tapıb da fürsət.

İtdən çox almışdı o belə rüşvət.

İt uyub şəhvətin bu əməlinə,

Vermişdi sürünü qurdun əlinə.

Eşqindən başını itirmişdi o,

Sürünün işini bitirmişdi o.

Bir vaxt öz başına onu buraxdım,

Xəta işlədikcə dinmədim, baxdım.

Nəhayət onları tutdum bir kərə,

Başladım olmazın işgəncələrə.

Cəza günahkara verilir belə,

Dedim ki, köləlik eyləsin kölə.

İt kəsir yolumu, bu nə deməkdir,

Sürümün qəssabı demək köpəkdir.

Xəyanət işləmiş o, əmanətə,

Satır əminliyi min xəyanətə.

Bu işin üstündə asıb ağacdan,

Dedim ki, açmaram verməyincə can.

Günahkarla belə rəftar etməsən

Kimsə deməz sənə: afərin. əhsən”.

Çobanın sözundə var idi hikmət,

Bu arif qocadan şah aldı ibrət.

Sözlər işarətdi – anladı, duydu,

Bir az yeyən kimi şəhrə üz qoydu.

Dedi ki: “Bu işə olmuşam heyran,

Şahlığı öyrətdi mənə bir çoban.

Bu hekayə mənim hekayətimdir,

Mən çobanam, sürü rəiyyətimdir.

Düz olmasa işdə qurduğun təməl,

İnandığım adam işlər pis əməl.

Vəzir inandığım gözüm, canımdır,

Hər zaman sürünü qoruyanımdır.

Desin: ölkə niyə bir viranədir?

Belə bərbadlığın əsası nədir?”

Elə ki, şəhərə qayıtdı geri,

Gətirtdi zindandan siyahiləri.

Baxdı vərəqəyə birbəbir özü,

Qaraldı namətək aydın gündüzü.

Bir dünya zavallı gördü yaralı,

Yazılmış hamının birbəbir halı.

Gördü hər vərəqdə belə yazı var:

Padşah ölüm kəsir, vəzir bağışlar”.

Hər yerdə pislənir – olundu agah,

Vəzir yaxşı çıxır, ləkələnir şah.

Bu necə şivədir, oldu xəbərdar,

Oğrunun talana gördü qəsdi var.

Qurda sürü verən it kimi o da

Gördü məmləkəti vermişdir bada.

İtlər itliyində qalsalar belə,

Coşub çox xüruşa gələrlər hələ.

Şah məsləhət gördü, hər şeydən qabaq

On gün vəzirini eyləsin dustaq.

Dedi: “Qulluğunda saxlasam əgər,

Çalmaz əleyhinə qələm bir nəfər.

Etsəm qapısını həşmətdən uzaq,

Qaranlıq gecədə nur verər çıraq”.

 

 

 

BƏHRAMIN VƏZİRDƏN HESAB İSTƏMƏSİ

 

Sabah Yer üzünə işıq səpincə

Yığdı öz fərşini qaranlıq gecə.

Səhər cüt qılıncla bir zərbə vurdu,

Qalxıb öz qanıyla ayı doyurdu.

Yüksəltdi fələyə Bəhram sarayı,

Əmr etdi: gəlsin el, saldı harayı.

Coşdu axın kimi, gəldi hər tərəf,

Hamı öz yerində oturdu səf-səf.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info