Qonaq Kitabı
YEDDİ GÖZƏL

Çəkib ordusunu qayıtdı geri.

Bəhramdan iznsiz nəfəs almadı,

Üzr diləməkdən geri qalmadı:

“Vəzirin ulduzu yerində axdı,

Çünki o, fitnəyə möhkəm dayaqdı.

Məktublar göndərib çağırdı bizi,

Tutdu yağlı sözə ürəyimizi.

O, hiylə işlətdi, anlamadım mən,

Səbrü qərarımı aldı əlimdən.

– Yol xalidir – dedi, – qızıl isə bol,

Zər istəyirsənsə, dayanma, tez ol.

keyflidir şahımız, yoxdur onda hal,

Üzünə səpməyə su, tapmaz macal.

Hazıram, durma, gəl, tərəddüdü at,

Mən başlar kəsərəm, sən qılınc uzat.

Şahın işlərindən tutdum xəbər mən,

Gördüm doğru deyil vəzir söyləyən.

Asayiş zamanı, vuruş vaxtı şah

Çatır muradına istəsə hərgah.

Halqa gəzdirənəm, – dedim mən yenə,

Özümə çinliyəm, həbəşəm sənə[304].

Qızım kənizindir, nə qədər sağdır,

Tacım kandarında quru torpaqdır”.

Nə qədər işlədib vəzir xəyanət,

Bəhramdan yazmışdı gizli şikayət.

Yığıb hamısını verdi elçiyə,

Apar Bəhram şaha tez yetir deyə.

Gələn məktublardan olunca agah,

Katib qələmitək itiləşdi şah.

Dedi: – Öldurüldü, olsun şükürlər!

Sonra işlərini tutdu mötəbər.

Ədlin heykəlini Bəhram ki gördü,

Ağdan və qaradan ibrət götürdü.

Padşah ədaləti süzəndən bəri

Qurban verdi ona yeddi peykəri[305].

Başqa xəyalları qazdı kökündən,

Verdi ədalətə könül, oldu şən.

 

 

 

BƏHRAMIN SON GÜNLƏRİ

VƏ MAĞARADA YOX OLMASI

 

Dürlər peyvənd edən ləlin bağına[306],

Gövhərlər düzəndə yer qulağına,

Yeddi tağ içində səsləndi mey, cam,

Əksi-səda duydu aqibət Bəhram.

Dimaq günbədində onu, kamalı

Fələyin dövründən eylədi halı:

Bu torpaq günbədin sənəmlərindən

Uzaq gəz, olarsan, yoxsa, həlak sən.

Beyninin günbədi alışdı yenə,

Göz yumdu əfsanə, nağıl sehrinə.

Gördü ki, işrətə yol verməyən tağ,

Hamı günbədlərdən toz qaldıracaq[307].

Yeddi günbədini atıb, unutdu,

Başqa bir günbədin yolunu tutdu[308].

Bir tağ ki, fənadan heç tapmaz xələl,

Ona həşrə kimi yetişməz bir əl.

Yeddi möbid oğlu eylədi dəvət,

Verdi hər birinə bir uca günbəd.

Tağlara od vurdu, alışdırdı şah,

Yəni hər birini etdi atəşgah.

Olardı bu zaman altmış yaşı,

Yasəmən bitirdi bənövşə başı[309].

Ürəkdən sığındı uca Allaha,

Etmədi özünə pərəstiş daha.

Tərk etdi sarayı bir axşamçağı,

Bürüdü dəstəsi bütün ovlağı.

Ov qovlayan zaman şah aydın-aşkar

Özünü eylədi necə gör şikar.

Ordusu bürüyüb aldı hər yeri,

Gur, ceyran yığırdı gəzib çölləri.

Qoşun ovlaq boyu gur axtarırdı,

Şah isə özünə gor axtarırdı.

Qoşun arayırdı çölün gurunu,

Bəhram arayırdı təklik gorunu.

Ətrafı gəzdikcə, o çəmən-çəmən,

Ovladı ahunu öz bədənindən[310].

Gur gəzmə orda ki, torpağı şordur,

Ceyranı bəladır, guruysa kordur.

Bəhram Gur çöllərdə ov gəzən zaman

Gəldi bir gur keçdi onun yanından.

Şah bildi çağırır onu cənnətə,

Dərhal könül verdi belə dəvətə.

İzləyərək guru, qovdu, çapdı at,

İldırım sürətlə saldı çathaçat.

Sürdü çöllər boyu, cumdu, tələsdi,

Xərabə yerlərdə yel kimi əsdi.

Köhləni açmışdı elə bil qanad,

Sürdü iki nəfər arxasınca at.

Yayları buz kimi sərindən sərin

Bir mağara vardı olduqca dərin.

Rəxnəydi hər yanı, xeyli qorxulu,

Kimsənin oraya düşməmiş yolu.

Gur, igidlər kimi içəri girdi,

Şah da arxasınca; o sanki şirdi.

Sürdü öz atını birbaş oraya,

Keyxosrov xəznəsi bir mağaraya[311]

Girdi; bu yer ona pərdədar oldu,

Mağara padşaha sanki yar oldu.

Cavan qulamlar da gəlib yetdilər,

Mağara ağzını məskən etdilər.

Nə girə bildilər zorla içəri,

Nə dönə bildilər ov üçün geri.

Qoşun tutanadək o düzəngahı,

Yağdırdılar çölə buz kimi ahı.

Həmən hadisədən keçdi bir qədər,

Qoşunlar hər yandan axıb gəldilər.

Şahı yox, kahanı onlar görüncə,

Ağzında möhrə bir şahmar görüncə,

Cavanlar orduya gəldi yanaşdı,

Dünya padşahından söz-söhbət açdı:

“Çapdı öz atını eyləsin şikar,

Gəlib dar dəhlizə girdi tacidar”.

İnana bilmədi bir nəfər buna,

İnana bilmədi düz olduğuna.

Dedilər ki: “Bu söz pis bir xəyaldır,

Belə danışanlar naqiskamaldır.

Allaha and olsun, fil kimi bir şah



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info