Qonaq Kitabı
YEDDİ GÖZƏL

Yeddi bayırdan da qaldıq kənarda.

Yeddi fələk – ilahiyyətin xarici mühitini təşkil edir, insanlar isə bu xarici mühitdən kənardadırlar.

 

[7]                      Əqli-küll əmrində yol tapdı sənə,

Cürəti olmadı baxa üzünə.

Əqli-küll – əşyanı, təbiəti və varlığı dərk etmək qüdrətinə malik olan ağıl. Beytin mənası: əqli-küllə səni dərk etmək qabiliyyəti bəxş etmisən, o, səni arayıb axtarır, lakin sənə yetişəndə sənin əzəmətinin heybətindən gözünü aça bilmir, o da səni dərk etməyə acizdir.

 

[8]                      Ləlin atəşini, od rəngli ləli

Alıb daşa verdi qüdrətin əli.

Ləl qırmızı olduğu üçün odla, atəşlə müqayisə olunmuşdur. Daşların qəlbində həm ləl, həm də qığılcım yerləşdiyinə işarədir. Beytin mənası: Sən daşın qəlbinə ləl rəngli qığılcım, atəş və atəş rəngli ləl bəxş etmisən.

 

[9]                      Bu dünya, dunyanı hərlənən fələk

Hay çəkər qapında hər zaman qultək.

Bütün göylər, kainat, səyyarələr sənin dərgahının önündə səcdə etmək üçün bir-birini itələyib, özlərinə yer axtarırlar.

 

[10]                     Səni tapan kimi yumdum kitabı...

Yəni sirrini dərk etdiyim bütün ulduzlardan və elmlərdən əl çəkdim.

 

[11]                     İşləri nizama düşsün, var olsun,

O, dərvişdirsə də, tacidar olsun.

Onun yüksək niyyət və ülvi mənəviyyatının başına azacıq ruzi ilə kifayətlənmək tacını qoy ki, qiyamət günü insan bu dünyada gördüyü əməllərə hesabat verərkən o, öz yoxsul, dərvişanə, təvazökar keçirdiyi ömrünün hesabına padşahlıq rütbəsinə layiq görülsün.

 

[12]                     İlk pərgar xəttinin mərkəz nöqtəsi,

Varlığın axırı, ən son töhfəsi...

Beytin mənası: göylərdə saxlanan müqəddəs lövhədə (lövhi-məhfuz) Allah öz pərgarı ilə yaratmaq istədiyi varlığın cizgisini çəkərkən, Məhəmməd peyğəmbərdən başlamış və varlığın ən axırıncı yaradılanı Adəm cinsi olduğu üçün həmin cizgini Məhəmmədlə də bitirmişdir. Burada həm də Məhəmmədin peyğəmbərlərin xətmi olduğuna işarə var.

 

[13]                     Əhmədi-Mürsəldən başqası məgər

Varmıdır, Tanrıya ola peyğəmbər.

Əhmədi-Mürsəl – Məhəmməd peyğəmbərin ləqəbi, titulu. Əhməd və Məhəmməd adları bir kökdən (Həmədə) olub, hər ikisi şərəfli, şanlı deməkdir. Mürsəl – göndərilmiş elçi. Əhmədi-Mürsəl – şərəfli, şanlı elçi.

 

[14]                     Varlıq bu ümmidən mayə almışdır,

Yerə nur, göylərə kölgə salmışdır.

Ümmi (ərəbcə ümm – ana, ümmi – anadangəlmə) – dərs almamış, yazıpozu bilməyən, savadsız, avam. Məlum olduğu kimi, Məhəmməd peyğəmbər yetim olduğu üçün məktəbə gedə bilməmiş, yazmaq, oxumaq öyrənməmişdir. Odur ki, fəaliyyətə başlayanda duşmənləri onu avamlıqda, cəhalətdə təqsirləndirmişlər. Beytin mənası: Məhəmməd peyğəmbər dərs oxumadığına baxmayaraq butün varlığın mayəsı olmaq dərəcəsinə nail oldu.

 

[15]                     Şərin beş təblini hər an vurandır,

Bütün Yer üzündə şahlıq qurandır.

Beş təbl (növbə) – orta əsrlərdə sultan və şahların saraylarının qabağında xüsusi meydançada gündə beş dəfə (növbə) nağara və şeypur çalaraq, saray sahibinin əzəmətini faş edərlərmiş. Şərin (yəni şəriətin) beş təbli – islam dinini beş rüknü, dayağı, sütunu (tovhid, səlat, soun, zəkat və hac.) İkinci misra orijinalda belədir: “Yer vilayətinin dörd balış qoyanı”. Dörd balış – burada taxt mənasında işlənmişdir. Keçmiş zamanlarda şah və sultanların taxtlarının üstünə dörd balış qoyurlarmış. Burada dörd cəhət (şimal, cənub, şərq, qərb) nəzərdə tutulur və bununla da Məhəmməd peyğəmbərin Yer üzünun hakimi-mütləqi olduğu iddia edilir. Bəzi şərhçilərin fikrincə burada Məhəmməd peyğəmbərdən sonra gələn dörd xəlifə (Əbu Bəkr, Ömər, Osman və Əli) nəzərdə tutulur.

 

[16]                     Əmri də, nəhyi də düzgündür, inan,

Əmri bəyənilmiş, nəhyi qadağan.

Əmr – buyuruq, nəhy – yasaq, qadağan etmək; Beytin mənası: Məhəmməd peyğəmbərin buyruqları və yasaqları ədalət və insaf üzərində qurulmuş, çünki o, buyurarkən savab, xeyirxah işlər buyurur, qadağan edərkən isə bəd əməlləri qadağan edir.

 

[17]                     Kölgənin üzünü ağardan insan

Günəşdir, kölgədən nə bəhs açırsan?

Rəvayətə görə, Məhəmməd peyğəmbərin kölgəsi olmamışdır. Onun üzü ağ kölgəli olmuş, belə də olmalı imiş, çünki günəş (Məhəmməd peyğəmbər) olan yerdə kölgə olmaz.

 

[18]                     Gözlərini tutan “möhrü-mazağ”dır,

Bağlanıb durduğu sanma bu bağdır.

“Ma-zaqə” – Quranın “ən-Nəcm” (XXI) surəsinin 17-ci ayəsinə işarədir; tərcüməsi: “O, yana baxmadı”. Məhəmməd peyğəmbər öz meracı zamanı göylərdəki gülüstandan keçərkən Allahdan əmr gəldi: “Sən ətrafa baxma ki, diqqətin dağılmasın”. Məhəmməd peyğəmbər bu kəlamı gözləri üstünə qoydu və o kəlam sürmə kimi onun gözlərinə dərman oldu... İkinci sətirdə bağ Yer üzündəki dünyanın, gülüstan isə göylərdə yerləşmiş müqəddəs sidr ağacının rəmzi kimi işlənmişdir. Həmin sidr ağacı Quranın “ən-Nəcm” surəsində sidrət əl-müntəha – ən axırıncı sidr adı ilə təsvir olunmuş, ərşin – Allah taxtının yanında yerləşmiş ilahi ağac. Bu ağaca mələklər belə baxa bilmirlər. Məhəmməd peyğəmbər öz meracı zamanı sidri yaxından müşahidə etmişdir.

 

[19]                     Yeddi min il sonra gəldi cahana...

Dini rəvayətə görə, dünyanın yarandığı gündən qiyamət gününə qədər yetmiş min il geçəcək. Məhəmməd peyğəmbər isə dünya yaranandan yeddi min il sonra anadan olmuşdur.

 

[20]                     Şərin əsli ilə fəri ki, vardır,

Dörd xəlifə ona möhkəm divardır.

Dörd xəlifə – Əbu Bəkr (632-634), Ömər (634-644), Osman (644 – 656) və Əli (656-661); Şərin əsli – islam dininin üsulu: Quran, hədis, icma və qiyas. Fər (füru) – həmin üsulun sahələri.

 

[21]                     Yerlərdə, göylərdə hər nə cisim var

Ondan hər nəfəsdə bir kömək olar.

Yəni Məhəmməd peyğəmbər cismani aləmin canıdır və aləm onun sayəsində yaşayır.

 

[22]                     Ayın almasını iki parçaya

Bölüb, yetirdisə o, xətər aya.

Əfsanəyə görə, Məhəmməd peyğəmbər ayı barmağı ilə iki yerə bölməyə qadir imiş. Nizami bu əfsanəyə şairanə bəraət qazandıraraq, Ayı “göyün gözlərinin” – ulduzların itdirsəyisi adlandırır. İtdirsəyini isə kəsib atmaq gözlərin sağalmasına səbəb olur.

 

[23]                     Məhəmməd seçilən, Allah seçəndir.

Seçilən – Mustafa sözünün hərfi tərcüməsidir, Mustafa (seçilmiş) isə Məhəmməd peyğəmbərin məşhur adlarından biridir.

 

[24]                     Keşik çəkmək üçün bütün gecəni

Seçdilər bu gecə yataqdar səni.

Yəni İlahi sarayının bu gecə keşiyində durmaq səadətini və bir göz qırpımında oraya çatmaq üçün şimşəyə bənzər Büraqı (yarı at, yarı qatır olan əfsanəvi minik) sənə gətirmişəm, tələs, onu göylərə çap.

 

[25]                     Altı cəhəti üz yeddi kökündən,

O doqquz fələyi çarmıxa çək sən.

Altı cəhət – sağ, sol, ön, arxa, yuxarı və aşağı.

 

[26]                     Yaşıl geyimlilər gözləyir səni.

Yaşıl geyimlilər – mələklər.

 

[27]                     Doğrasınlar turunc, doğrasınlar əl.

Yusif və Züleyxa macərasına işarədir. Misirlilər Züleyxanın Yusifə aşiq olduğuna istehza edərək, onu əxlaqsızlıqda ittihamlandırdıqda, Züleyxa əyan və əşrafın xanımlarını öz evinə dəvət edir və onların qarşısına boşqabda turunc və yanına isə bıçaq qoyur. Sonra o, qəflətən Yusifi otağa gətirir. Xanımlar Yusifin gözəlliyinə heyran olub hər şeyi unudurlar və bıçaqla turunc soymaq əvəzinə, barmaqlarını soymağa – kəsməyə başlayırlar... Nizaminin əsərlərində tez-tez işlənmiş həmin ifadə (turunc yerinə barmaq kəsmək) mat, məbhut, heyran olmaq deməkdir.

 

[28]                     Peyğəmbər əmindir, Cəbrayıl əmin,

Onları qorxutmaz nə şeytan, nə cin.

Əmin – əmanəti saxlayan, mühafizə edən. Şair burada Cəbrayıl ilə Məhəmməd peyğəmbəri Allahın əmini adlandırır, çünki o, öz kəlamı olan Quranı onlara əmanət vermişdi. Dini rəvayətə görə, Quranı Allah tərəfindən Məhəmməd peyğəmbərə Cəbrayıl gətirmişdi.

 

[29]                     Qəşəng ayaqları hilal vururdu,

Başında Keykavus taxtı qururdu.

Keykavus – qədim İranın əfsanəvi şahı, Keyqubadın oğlu, Firdovsinin əsas qəhrəmanlarından biri. Nizami həmin beytdə “Şahnamə”də təsvir olunmuş bir epizoda işarə edir. Div və pərilərin vəsvəsəsi nəticəsində Keykavus göylərə qalxmaq ehtirasına mübtəla olur. Onun əmri ilə xüsusi kəcavə düzəldib hər küncünə bir ac şahin bağlayırlar və onların başının üstündə uzun nizələrin ucunda ət asırlar. Şahinlər əti qapmaq niyyətilə qanad çalaraq kəcavəni göyə qaldırırlar və bir müddətdən sonra qüvvətdən düşərək kəcavəni uzaq meşələrdən birinin üstünə atırlar.

 

[30]                     Dörd şahin dalınca qanad salardı.

Dörd şahin – dörd ünsür (od, su, hava, torpaq). Yəni Büraq elə surətlə uçdu ki, dörd ünsürdən ibarət olan bu aləmdən uzaqlaşdı.

 

[31]                     Parlaq Ütaridi o zərgər aldı,

Gümüş kürəsinin rənginə saldı.

Bu beytdən başlayaraq şair, qədim astronomiyaya əsasən, hər planetə xas olan rəngləri təsvir edir və isbat etmək istəyir ki, həmin rəngləri səyyarələrə Məhəmməd peyğəmbər vermişdir.

 

[32] Xəlifəyi-şam – gecənin xəlifəsi – Ay.

 

[33]                     Müştəri xəstədir gördu, əlbəəl

Çəkdi bədəninə naxoşun səndəl.

Keçmişdə səndəl başağrısı dərmanı kimi işlənirdi. Həm də səndəl rənginin Muştəri planetinin rəmzi olduğuna işarə edilir.

 

[34]                     Səadət – bir qədəh, mərifət – saqi...

Mərifət burada teosofik mənada işlənmişdir, yəni Məhəmməd peyğəmbər Allahı bütün varlığı ilə dərk etdi.

 

[35]                     Bir dərin fikirli varmış ki, o, tək

Yazmış bu şeyləri nəzmə çəkərək.

Firdovsiyə və onun “Şahnamə” epopeyasına işarə edilir.

 

[36]                     Buxari, Təbəri əsərlərindən...

Buxari – Əbu-Əbdullah Məhəmməd ibn İsmail ibn İbrahim Səmərqəndi (810-870) məşhur alim, hədis toplayan, “Səhih əl-Buxari” və “ət-Tarix” əsərlərinin müəllifidir. Təbəri – Əbu-Cəfər ibn Cərir (855-942) məşhur tarixçi alim, fəqih, hədisçi. Nizami Təbərinin “Tarixi-Təbəri” adı ilə məşhurlaşmış “Tarix ar-Rüsul vəl-mülük” (“Peyğəmbərlərin və şahların tarixi”) əsərinə işarə edir.

 

[37]                     Mən onun deyrini “Zənd-Avəst” kimi

Bəzədim yeddicə dilbər gəlinlə...

Deyr – monastır, məsihilərin və atəşpərəstlərin məbədi, dərviş və abidlərin, sufi və cahidlərin hücrəsi. “Zənd-Avesta” – zərdüştilərin müqəddəs kitabı. Kitabın əsil adı “Avesta” olub. “Zənd” isə sonralar pəhləvi dilində “Avesta”ya yazılmış şərhdir; Nizaminin dövründə kitab “Zənd-Avesta” adı ilə məşhur idi.

 

[38]                     Soltan Mahmud ilə şair Firdovsi

Andırır nisbətdə Əqrəblə Qövsi.

Mahmud – Sultan Mahmud Qəznəvi (999-1030) rəvayətə görə Firdovsiyə “Şahnamə”ni yazmaq üçün çoxlu qızıl pul vəd etmişdi. Lakin şair əsəri bitirəndən sonra simic sultan qızıl əvəzinə gümüş yollamış və şair də həmin gümüş pulları hamamçıya bəxş etmişdi. Nizami həmin əfsanəyə işarə edir. Astrologiya elminə görə Əqrəb və Qövs bürcləri həmişə biri-biri ilə vuruşurlar, odur ki, Nizami sultanları əqrəbə, şairləri isə Qövsə (göy qurşağına) bənzədir.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info