Qonaq Kitabı
YEDDİ GÖZƏL

Girə bilməz bura, istəsə hərgah”.

Bilmədilər, edib vida bostana,

Yönəlib gedibdir fil Hindistana[312].

Oldu filgüclünün zəncir hasili,

Kim açar zəmanə bağlayan fili?

Padşahın yerini versinlər nişan

Deyə, cavanları döydülər yaman.

Uşaqlar qopardı yanıq-yanıq ah,

Qalxdı mağaradan bir tüstü nagah.

Səs gəldi: “Burdadır sizin tacidar,

Qayıdınız geri, şahın işi var”.

Şahın adamları bunu sezdilər,

Girib mağaraya onu gəzdilər.

Yoxdu mağarada hətta bir milçək,

Qurmuşdu torunu yalnız hörümçək.

Aradılar onu yüz dəfə, yüz yol,

Tökdülər yolunda göz yaşı bol-bol.

Şahı tapmayınca, gəlib durdular,

Mağara ağzında cərgə vurdular.

Ağlayıb durdular gözləri yaşlı,

Anaya gedincə xəbər, təlaşlı

Gəldi, necə gəldi, bilmədi yolu,

Əlindən getmişdi dağ kimi oğlu.

O başqası kimi gəzə bilməzdi,

Onlar gözlə gəzdi, o, canla gəzdi.

Gül gəzdi, meyvəsiz xara yetişdi,

Oğlunu axtardı, hara yetişdi?

Dağ kimi zər tökdü, o, günlər boyu,

Qazısın adamlar orada quyu.

Qazıtdı, üzünə xəznə gülmədi,

Quyudan Yusifi tapa bilmədi.

Həmin mağarada o gündən bəri

Qalır indiyədək xəndək yerləri.

Ellər zaman-zaman gəlib edir yad,

Bəhram mağarası ona vermiş ad.

Qırx gün qazıdılar yeri durmadan,

Belə gor qazıyan çox görmüş cahan!

Əmək sərf etdilər, qazdılar əbəs,

Onu yuxuda da görmədi bir kəs.

Hər kimin olarsa asiman yeri,

Saxlamaq çətindir bu səfərbəri.

Yerdə sümük qalar, sanma ruh qalar,

Göyə mənsub olan qalxar, ucalar.

İki analıdır hər bir yaranan,

Bir ana torpaqdır, birisi də qan.

Bəslər qan anası naz ilə onu,

Açar yer anası ona qoynunu.

Bəhramın anası qoşaydı, eyvah,

Daha əziz oldu yer anaya şah.

Aldı, qaytarmadı bir də dübarə,

Çarə arayana vermədi çarə.

Yer ana zülmündən o qan anası

Bəlalar oduna oldu yanası.

Nə zaman ki, coşdu qızğın dimağı,

Hatifdən eşitdi bir səs qulağı:

“Ey divtək özünü hər yana vuran,

Qeybin əsrarını axtarıb duran,

Tanrı bir əmanət vermişdi sənə,

Zaman çatdı, geri istəyir yenə.

Əmanət üstündə qafil olmayaq,

Özünü nə öldür, nə odlara yax.

Zəhmətdən əlini çək, qayıt geri,

Sal öz qaydasına bütün işləri”.

Hatifdən yetincə bu xəbər ona,

Ana ağlamadı itən oğluna.

Hicranla çırpınan qəlbini, getdi,

Övlad işləriylə o məşğul etdi.

Verdi varislərə taxtı, tacı da,

Vərəsə sahibi ölməz dünyada.

Sən, ey xəbər verən o Bəhram Gurdan,

Tapıb məzarını uzaqlaş burdan.

Görən yox bizimlə heç Bəhram Guru,

Yoxdur xəbər verən hardadır goru.

Hünər göstərərdi, bir zaman vardı,

Adını dağ ilə gura vurardı.

Baxma bu gurlara vurulan dağa,

Nəzər qıl son dağa, getmə uzağa.

Min gur ayağını qırdı o insan,

Axır qurtarmadı gur tapdağından.

Dünyanın var iki darvazası gen,

Birindən boşalar, dolar birindən.

Uzunun üç, enin bir arşın torpaq,

Boyaq dükanında dörd küpsən ancaq[313].

Mədə hər tikəni yeməyə durdu,

Xılt alıb ona öz rəngini vurdu.

Brovuz geyinib o, başdan-başa,

Dörd xıltdan alaraq, eylə tamaşa.

Neylərsən, de görüm, belə rəngləri,

Bir gün qaytarmalı olasan geri?

Onlar ki getdilər, atıb dünyanı,

Qurtardı rənglərdən, iylərdən canı.

Qalxmaz, həşrə kimi yumar gözünü,

Bu bağlı pərdədən açmaz üzünü.

Yol ağır, gecəmiz qorxunc haldadır,

Darğa yuxudadır, oğru yoldadır.

Torpaqpərəstləri doydurar torpaq,

Enər alçaqlığa daima alçaq.

Ey yuxarı əldən sayılan insan,

Nəyə bu şeylərçin qan ağlayırsan?

Göy, sənin tabein olmaq istəsən,

Yollan səmalara, yüksəl bu yerdən.

Arxana baxmadan yürü göylərə,

Ta yıxılmayasan bir də bu yerə.

Sənin həmailin ulduz, asiman,

Olmuşdur vəsilən bunlar hər zaman.

Səndən bütün varlıq tapmada macal,

Təngiluşa sanar səni bu xəyal.

Götürür işindən hər biri timsal,

Açırsan nə qədər sən onlara fal.

Səndən nur alıb da olmuşlar parlaq,

Onlara uyandan uzaq ol, uzaq!

Nöqtəni bəsləyən bir xətdən qeyri,

Dəftərindir bütün hərflərin yeri.

Sənsən yaradılış pasibanı, bil,

Ey mələk, sən ona dəlilsən, dəlil!

Yaxşısan, pis işə əsla qoşulma,

Vəhşilik eyləyib, gəl, vəhşi olma.

Pis-yaxşı nəyin var, demək, malındır,

Lakin sənə vacib öz kamalındır.

Ya aclıq bilməyən bir qapını çal,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info