Qonaq Kitabı
YEDDİ GÖZƏL

Gətirdi özünə yazıq Mahanı.

Olduqca yaramaz bir aləm gördü,

Cənnət əvəzində cəhənnəm gördü.

Ney gedib, qalmışdı nalələr ancaq,

Xəyalın gözünə dolmuşdu torpaq.

O bina dediyin bir xəyal imiş,

Xəyaldan yaranan qərib hal imiş.

Bağın çiçəkləri çevrilmiş xara,

Eyvan dedikləri dönmüş buxara[251].

Sərvlər, şümşadlar qara bir tikan,

Meyvələr qarınca, ağaclar ilan.

Toyuğun, keçinin döşü, can əti

Yayır ortalığa leş üfunəti,

Heyvan sümüyüymüş ney, rübab və çəng,

Görünmüş Mahana qəşəngdən qəşəng.

O gövhər səpili qiymətli fərşlər

Dabbağlanmış çirkli gön idi yeksər.

Hovuzlar ki vardı, suyu göz yaşı,

Üfunətli göldü hər addım başı.

Süfrədə yarımçıq qalmış hər nə var,

Saqi badəsində qalan şərablar,

Sanma can mülkünü rahət eylərdi,

Bunlar irindən də murdar şeylərdi.

Xoş ətirli reyhan, içilən şərab

Sən demə, əslində çirkabmış, çirkab.

Bu işə mat qalan Mahan çəkdi ah,

Öz-özünə dedi: “Əstəğfürullah”.

Nə ayağı vardı düzəlsin yola,

Nə əli vardı ki, bu yerdə qala.

Fikirləşib dedi: “Qəribə işdir,

Bu şəkildə naxış görünməmişdir.

Dünən oldu yerim gözəl bağça-bağ,

Bu gün möhnətxana çəkdi mənə dağ.

Gül nədən gözümə görünür tikan,

Nədir hasil olan ömür bağından?

Xəbərimiz yox ki, nəyimiz varmış,

Ayın arxasında əjdər yaşarmış.

Bilərsən pərdəni götürsən əgər,

Əbləhlər nə ilə sevdaya düşər.

Bu Çini bəzəkli, bu rumisurət

Dəyişərək olmuş, bax, zəncisifət.

Qan üstə çəkilmiş o dəri ki var,

Zahiri ətirdir, batini murdar.

Varlıq hamamından dəri çəkilsə,

Tapılmaz külxanı sevən bir kimsə.

Çoxları səbətdə möhrə gəzdilər,

İlan olduğunu baxıb sezdilər[252].

Bu quru heybədə qafil insanlar

Çör-çöp tapıb onu müşkə oxşadar”.

Bədxahlardan azad olunca Mahan,

Mən də xilas oldum onun nağlından.

Yaxşı iş görməyi fikir eylədi,

“Tövbə, tövbə” deyib, nəzir eylədi.

O, Tanrıya tərəf birbaş gedirdi,

Gözlərindən töküb qan, yaş gedirdi.

Yetişdi bir duru axar bulağa.

Yuyub üz-gözünü düşdü torpağa,

Qapandı səcdəyə, süpürdü yeri,

Dedi: “Ey qoruyan kimsəsizləri!

Aç mənim işimi, yol göstər mənə,

İnsan ümidini bağlayır sənə.

Özgə yol göstərən varmıdır, hanı?

Yalnız sən açırsan bağlı olanı.

Gözlərə nur verən yeganə sənsən,

Hər zaman, hər yerdə yol göstərənsən”.

Ağladı, yalvardı pərvərdigara,

Sürtdu üz-gözünü toza, qumlara.

Nəhayət başını qaldırdı yerdən,

Gördü qabağında bir insan birdən.

Yaşıl geyinmişdi asiman kimi,

Üzü qırmızıydı aydın dan kimi.

Mahan: – Kimsən? – dedi. – Niyyətin nədir?

Qiymətli gövhərsən, şöhrətin nədir?

– Xilaskarın Xızram, – dedi, – mən sənin,

Gəlmişəm tutmağa əlindən sənin.

Niyyətin meyvələr bitirəcəkdir,

Səni öz evinə yetirəcəkdir.

Əlini ver mənə, durma hünər saç,

Əvvəl yum gözünü, yenə sonra aç.

Xızrın salamını Mahan eşitdi,

Dirilik suyuna guya ki, yetdi.

Verib tez əlini onun əlinə,

Haman könül verdi Xızr əməlinə.

Bir an çəkmədi ki, açdı gözünü,

Div azdıran yerdə gördü özünü.

Tez açıb qapını bağa yönəldi,

Xaraba ölkədən Misirə gəldi.

Gördü sakit duran yoldaşlarını,

Qəmdən göy geyinən sirdaşlarını.

Nələr çəkdiyini bir-bir danışdı,

Qulaq asan dostdu, yaxın tanışdı,

Bildi yoldaşları, yaxın dostları

Ondan ötrü geymiş bu göy paltarı.

O da geyinmədi nə al, nə qara,

Özünü oxşatdı yalnız dostlara.

Göylərin rənginə uyaraq Mahan,

Bağlandı göy rəngə ürəkdən, candan.

Göyə ən xoş gəldi, göy rəng görundü,

Başqa rəng tapmadı, göyə büründü.

Hər kim ki, əyninə göy paltar geyər,

Günəşi özünə çörək eyləyər.

Əzrəq gülü ki var, göy əlbisəli,

Bu üzdən olmuşdur günəş qürsəli[253].

Günəş hər tərəfə dolandırsa baş,

Ona üz döndərər gül yavaş-yavaş.

Hər gün ki, göy rəngdir eşit, müxtəsər,

Ona günəşpərəst hindu deyərlər.

Ayüzlü qurtardı bu hekayəti,

Şah qucub, bağrına basdı afəti.

 

 

 

BƏHRAMIN PƏNCŞƏNBƏ GÜNÜ SƏNDƏL

RƏNGLİ GÜNBƏDƏ GETMƏSİ VƏ ALTINCI

İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

 

Pəncşənbə – günlərdə yaxşı bir gündür,

Xoşbəxt Müştəritək bəxti üstündür.

Nafə göbəyini sübh açdı parlaq,

Udu səndəl kimi yandırdı torpaq[254].



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info